YAP mətbuat xidmətinin rəhbəri isə “cin ayrı, şeytan ayrı” deyir
Ötən həftəsonu sabiq deputat Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılıb. İlkin məlumatda deyilirdi ki, Gülər Əhmədovanı YAP-ın Bakı Dövlət Universiteti üzrə ərazi təşkilatından çıxarıblar. Qanunla qadağan olunsa da, BDU-da hakim partiyanın özək təşkilatımı var?
Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev “Azadlıq” radiosuna deyir ki, xəbərə sonradan düzəliş edilib: Gülər Əhmədova Zahid Xəlilov ərazi ilk təşkilatından çıxarılıb:
«O, daha deputat deyil. İş yerinə görə də deyiblər Bakı Dövlət Universiteti. O, Zahid Xəlilov ərazi ilk təşkilatından çıxarılıb. Bütün partiyaların rayon təşkilatları var. Rayon təşkilatlarının da özək təşkilatları olur. Biz «özək təşkilatları» adlandırmırıq, sadəcə «ərazi ilk təşkilatı» deyirik. Zahid Xəlilov ərazi ilk təşkilatı Bakı Dövlət Universitetinin ərazisindən başlayaraq keçmiş «Qələbə» kinoteatrına qədərki ərazini əhatə edir».
HÜSEYN PAŞAYEV: «BİR VAR KİMSƏ VİDEODA GÖRÜNÜR, BİR DƏ VAR ADI HALLANDIRILIR»
O ki qaldı, Gülər Əhmədovanın partiyadan çıxarılmasına, Hüseyn Paşayevə görə, bəlkə də bu, gecikmiş qərardır. Hakim partiyanın sözçüsü deyir ki, Gülər Əhmədovanı YAP üzvlüyündən mərkəzi təşkilat çıxara bilməzdi. Qərar ərazi ilk təşkilatında verilməliydi. Ola bilsin, ərazi təşkilatı bu müddətdə toplana və qərar verə bilməyib.
– Bunu kimisi vaxtında atılmış qərar adlandıra bilər, kimi də gecikmiş qərar. Ancaq ilk videogörüntülər yayıldıqdan az sonra YAP-ın sədr müavini Əli Əhmədov bəyanat verdi. Və qeyd olundu ki, Gülər Əhmədovanın hərəkətləri onun mənsub olduğu partiyanın məram və prinsipləri ilə daban-dabana ziddir. Buna görə də YAP-ı Milli Məclisdə təmsil edə bilməz. Bu gün də Gülər Əhmədovanın partiyadan çıxarılması həmən prosesin davamı kimi qiymətləndirməlidirlər.
– Amma istintaq indilik davam edir…
– Biz onu cinayətkar elan etmirik ki. Biz sadəcə hesab edirik ki, onun bu addımları, videogörüntüdəki söhbətlərdə iştirakı YAP-ın məramı ilə ziddir.
– O videogörüntülərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir. O da partiyadan çıxarılmalıdır?
– Xeyr, Ramiz Mehdiyevin adı hansısa dələduzlar tərəfindən hallandırılır. Bir var konkret videoda kimsə görünür, bir də var kiminsə adı hallandırılır. Bu o demək deyil ki, adı hallandırılan şəxs həmən hadisələrdə iştirak edir. Son videogörüntü sübut edir ki, oradakı müzakirələr, söhbətlər sadəcə gülməlidir.
GÜLƏR ƏHMƏDOVA SUSUR
Eks-deputat Gülər Əhmədova isə uzun illərdir üzv olduğu partiyadan uzaqlaşdırılmasını şərh etmir:
– Mən münasibət bildirmirəm.
– YAP-ın bu davranışından incimirsiz?
– Suallara cavab verməyəcəm.
– Bakı Dövlət Universitetində işləməyə davam edəcəksizmi?
– Suallara cavab vermirəm…
«SON VİDEOLAR HAKİMİYYƏTİ BUNA VADAR ETDİ»
Hüquqşünas Hafiz Həsənov bu fikirdədir ki, YAP bu qərarı çoxdan, videogörüntüdəki qadının Gülər Əhmədova olduğu ekspertiza tərəfindən sübut ediləndən dərhal sonra da verə bilərdi. Hüquqşünasın bir ehtimalı var: bəlkə də partiya Gülər Əhmədovanı qorumaq istəyirdi. Ancaq son videogörüntülərin yayılması vəziyyəti dəyişdi: