Sağ ol, donuz!

Natiq Güləhmədoğlu


(˝Ürək yaman şeydir˝)

Hamınız xəbəri oldu, yəqin. Keçən günlərdə donuzun ürəyini insana uğurla köçürdülər. Bu iş məni iki cəhəti ilə sevindirdi. Birinci, aydındı. Ürək xəstəliyindən xilas olmanın daha bir radikal yolu tapıldı.

Sevincimin ikinci səbəbi hələ tam reallaşmayıb, sadəcə ümid verir. Ta qədimdən üzü bəri ürək xüsusən poeziyada, fəlsəfədə haqq eləmədiyi halda xeyli yer zəbt edib. Bizim şeriyyətdə ürək mövzusunu silsək, böyük səhralıq yaranar. Düzünə qalsa, 20-ci əsrə qədər ürəkpərəstlik edənləri başa düşmək çətin deyil, onları günahlandırmaq üçün ciddi əsasımız yox idi. Çünki, o zamanlar ürək barədə elmi biliklər bu gün orta məktəb proqramındakı ürək-damar sisteminin heç 5 faizi də deyildi. Sinir sistemi barədə isə bilgi az qala yox səviyyəsində idi. Ona görə elmi əsası olmasa da insan düşüncə və davranışlarını orqanizmin iki vacib əzası üzərinə transformasiya etmişdilər; ürək və beyinin (ağlın).

Belə hesab olunurdu ki, guya ürək bizim xüsusən isti, emosianal hisslərimizə cavabdehdir. İndi də dilimizdə olan ˝ürəyimdən gəldi˝, ˝ürəkdən deyirəm˝kimi ifadələrin qaynağı yuxarıdakı fikrə dayanır. Ürəyi bu mövzuda istismar edənlərin böyüyü Russo bəy olmuşdu. ˝Etiraflar˝adlı əsərində o bir xatirəsini yazır. Deyir, qullquçusu olduğu xanım ölür. Onun hansısa əşyasını bunun üzərindən tapırlar. Russonun ölümdə əli olmayıbmış, o sadəcə həmin əşyanı ev sahibindən çırpışdırıbmış. Ancaq, o cəzalanmaq istəmir, ˝ürəyi ona hökm edir˝ki, canını qurtarmaq üçün bu işi yıx o biri qız qulluqçunun üstünə. Ürəyinin hökmü (!) ilə Russo da belə edir. Deyir, bu qız oğurlayıb mənə vermişdi. Qızı aparırlar ˝bandotdel˝ə. Ağılla cavab tapa bilmədiyi suallardan yaxa qurtarmaq üçün Paskal da qulağa xoş gələn söz demişdi. ˝Qəlbin dərk etdiklərini ağıl qavraya bilmir˝.

Sağ olsun, donuz! Yeni əməliyyatla eləcə də günü-gündən əfsanə sayılacaq qədər ixtiralara imza atan neyrologiya bizə qətiyyətli səslə bəyan edir ki, ürək zəhmətkeş orqan olsa da, bu çağacan onun şəninə qoşulan nəğmələrin, şerlərin, fəlsəfi tezislərin təməli yoxdur. Bizim bu mövzuda üz tutacağımız yeganə ünvan beyindir!
Səslərimiz, ümidimiz beyinə, sinir sisteminədir!
Şairləri insafa çağırır və beyinə də bir-iki şeir qoşmağa dəvət edirəm.