Iqtidar mətbuatı, hakimiyyətə bağlı bir yığın QHT, YAP-ətrafı qurama gənclər təşkilatları, yaltaq ziyalılar, öyrədilmiş paytaxt sakinləri bir neçə gündür dayanmadan nüfuzlu beynəlxalq təşkilat olan “Freedom House”u öz aləmlərində topa tuturlar. Bir şey edə bilmirlər. Şifrəni tapmırlar, ona görə də təşkilatın kürəyinə yol tapmaq üçün Ramiz Mehdiyevin otağında pul çemodanlarını açmaq üçün istifadə edilən “otvyortka”dan istifadə edirlər…
O məşhur, dilli-dilavər Sevanın canı üçün, həmin “otvyortka” bizim ölkəyə vəd edilən gələcəyin simvoludur. Ramiz Mehdiyev tez-tez yazırdı ha, bax, həmin o gələcəkdən söhbət gedir. 21-ci əsr, sivilizasiyaların dialoqu, 2020-ci il, gələcəyin strategiyası, Azərbaycançılıq ideyası, kreativ gənclik, Şah Ismayıl. Bax həmin böyük söhbətlər indi 500 min manatın qoyulduğu şifrəli çamadanın qapağını açmaq üçün istifadə edilən “otvyortka”ya dirəndi. O boyda pafoslu dövlət ideyaları həmin kiçik dəmir alətdə dayandı. Bizim ölkədə haqqın-ədalətin, hüququn-azadlığın vintini-boltunu həmin “otvyortka” ilə çoxdan açıb-tullayıblar!
Bu adamlar utanmırlar, hələ danışmağa dilləri də var…
O Seva həyalı adammış, başını götürüb qaçdı ortalıqdan. Ayıbına kor oldu. Siz hələ durub “Freedom House” kimi mötəbər bir təşkilata qara da yaxırsınız?
“Freedom House” nə deyib? Deyir ki, hesabatlar Azərbaycanın qeyri-azad ölkə olduğunu göstərir. Yalan deyil ki! Deputat mandatının satılmasına verilən pulun çemodanı Prezident Administrasiyasında “otvyortka”yla açılırsa, hansı azadlıqdan danışırsınız?
Prezidentin övladlarının adına olan xaricdəki və buradakı mülklər də yalandır? Azad ölkədə belə mülklər olur?
Məgər insanlar bu ölkədə dövlət başçısından qorxmur? Məgər insanlar bu ölkədə polisdən qorxmur? Siz elə bunu istəyirdiniz, bunun üçün çalışırdınız, buna da azad olmayan ölkə deyirlər. “Freedom House” da məhz bunu deyir.
Istəyirdiniz ki, ölkənin arxasını tam yerə vurasınız, vurdunuz, indi isə bunun adını deyəndə həşir qoparırsınız. Hakimiyyətin atadan oğula keçməsini istədiniz, ömürlük prezident üsulunu qanuniləşdirdiniz, indi isə buna azad olmayan ölkə deyəndə narazı qalırsınız. Azad ölkədə bu olmur ki!
Bizim ölkədə heç o zəhrimar rüşvət də azad deyil. Onu da bir sistem halında, bir qazan içində, bir nəfəs altında nəzarətə aldınız. Indi də deyirsiniz ki, bu ölkə azaddır.
Hər yerdən azadlıqları boğmağa qoçaqlıq kimi, böyük siyasət kimi, gələcəyə gedən yol kimi baxdınız, indi deyirsiniz ki, azadlıqların olmamasını dilə almasınlar. Azadlıqların yox olmasını özünüz istəmədinizmi?! Buna Heydər Əliyevin dahi siyasi kursu kimi baxmadınızmı?
“Freedom House” demir ki, Ilham Əliyev körpülər tikməyib. Onlar Fəvvarələr meydanının dünyanın ən gözəl meydanlarından biri olduğunu danmır ki! Onlar deyir ki, nəinki Fəvvarələr meydanına, o biri meydanlara da xalq cürət edib toplana bilməz. Orada etiraz səsini qaldıranı yerlə sürüyüb həbsə atırlar. “Freedom House” bundan artıq nə deyir ki!
“Freedom House” demir ki, Ilham Əliyev zəif rəhbərdir. Onlar deyir ki, Ilham Əliyev hakimiyyətin bütün qanadlarına güclü nəzarət edir, polisin əlilə xalqa ağalıq edir. Siz istəyirsiniz ki, o xalqa ağalıq etsin, amma başqaları da desin ki, yox o ağalıq etmir?!
Amma nə edəsən ki, “Freedom House” sizin istəyinizlə oturub-durmur, sizin istəyinizə uyğun danışmır. Çünki sizin ağalığın bu dünyada nələrəsə əli çata bilər, amma əli çata bilmədiyi təşkilatlar da var. Onlar bu dünyanın namusunu qoruyan təşkilatlardır. Kürü yemirlər. Onların şifrəsini heç bir “otvyortka” açmır, sizin o məşhur “otvyortka” da.