Vəkil etiraz edir: «Mən əmlak davasında tərəf deyiləm»
Alov Səfərəliyev: «Ərəstunun məni şərləməyinin bir səbəbi də zərərçəkənlərin evlərinin özünə qaytarılması istiqamətində apardığım işdir»
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması şok effekti yaratdı.
Hadisədə təqsirli bilinən şəxslər – Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir.
Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev “Azadlıq”a müsahibələrində Hümbət Məmmədovla yanaşı onun vəkili Alov Səfərəliyevi də tənqid edib. Bundan başqa, Ərəstun Piriyev vəkili bir sıra məsələlərdə ittiham edib.
Alov Səfərliyev qəzetimizə açıqlama verərək deyib ki, Ərəstun Piriyev qardaşının qatilinin müəyyən olunması istiqamətində çalışsın: “Mərhum Əflatun Piriyevin qətlində açıq-aşkar günahı olan, hadisə zamanı mərhumun kabinetindəki iki şəxsdən biri Ramil Hacıyev hələ də Rusiyada azadlıqda gəzir. Ərəstun Piriyev onun həbsini nə istintaqdan, nə də məhkəmədən tələb edir. Əksinə, zərərçəkən tərəfin tələbləri yalnız Hümbət Məmmədovun və ya işdə adı hallanan şirkətlərin əmlakıları ilə bağlıdır. Mərhumla bağlı iş bir kənarda qalıb, əmlak davası gedir. Mənə atılan böhtan da bununla bağlıdır. Zərərçəkən tərəf cidd-cəhdlə məni işdən kənarlaşdırmaq istəyir. Çünki mən həqiqətin üzə çıxmasına, ədalətin bərqərar olmasına çalışıram. Narahat olmasınlar, mənim o əmlaklara heç bir iddiam yoxdur. Peşəkar vəkil kimi öz işimi görürəm. Mən vəkiləm, onun apardığı əmlak davasında tərəf deyiləm”.
Alov Səfərliyev deyir ki, Ərəstun Piriyev ona böhtan atıb və bunla bağlı müvafiq orqanlara şikayət edəcək: “Mənim Ərəstunla ünsiyyətim birinci dəfə istintaq gedərkən şirkətin ofisində olub. Şirkətə iş üzrə digər zərərçəkənlərin məsələsi ilə bağlı getmişdim. Çünki şirkətdən qərəzli şəkildə insanları Hümbət Məmmədova qarşı yönəldirdilər. Payçılardan kim şirkətə gedirdisə, deyirdilər Hümbət səni aldadıb pulunu yeyib. Beləcə insanları çaşdırırdılar. Mən buna son qoymaq üçün şirkətə getmişdim. Bundan sonra onu məhkəmədə görmüşəm. Ərəstunun məni şərləməyinin bir səbəbi də iş üzrə zərərçəkən-payçıların evlərinin özünə qaytarılması istiqamətində apardığım işdir. Bir vəkil kimi daim həmin insanların evlərinin özlərinə qaytarılmasını Ərəstun Piriyevdən və şirkətin digər təsisçilərindən tələb etmişəm. Həmin insanların heç bir günahı yoxdur, imkan verin onlar öz mənzillərinə sahib çıxsınlar. Ancaq bu, Ərəstun Piriyevə sərf etmir. Məqsəd, həmin şəxsləri Hümbət Məmmədova qarşı yönəltmək və əmlakı ələ keçirməkdir. Ərəstun Piriyevə demək istəyirəm ki, bu alınmayacaq. Həmin şəxslər Hümbət Məmmədovdan deyil, ”Azər-Ross IK” MTK-dan öz evlərini tələb edirlər. Insanların min bir əziyyətlə aldıqları mənzillər, onların özlərinə qaytarılmalıdır. Kiminsə haqqını yemək böyük günahdır”.
Alov Səfərəliyev Ərəstun Piriyevin barəsində dediyi 15 faiz məsələsinə də aydınlıq gətirib: “Əvvəl dediyi 2 milyon indi 3 milyon olub. Yavaş-yavaş məbləği artırır. Birdən-birə 1 milyon artırmayaydı. Az-az artırmaq lazımdı ki, inandırıcı olsun. Bundan başqa, o qeyd edir ki, mən Rizvan Vahabovla məhkəmədə əyri yollardan istifadə edib udmuşam. Heç bir əyrilikdən söhbət gedə bilməz və bu iş prinsipial olduğundan, 40-dan çox sakinin taleyi həll edildiyindən məhkəmə işə tam ədalətlə baxıb. Əks halda Rizvan Vahabov qat-qat güclüydü və mümkün olsaydı, hər vasitə ilə məhkəməni öz xeyrinə həll edərdi. Bu məhkəmə işlərində mərhum Əflatun Piriyev də Hümbət Məmmədovla bir yerdə idi. Məhkəməyə bütün sənədləri mərhum Əflatun Piriyev təqdim edirdi, etibarnamələri, müvafiq sənədləri o imzalayırdı. Onun imzası ilə sənədlər məhkəmə işinin içində qalır. Bu sənədlər də təsdiq edir ki, Əflatun Piriyev də məhkəmənin işin ədalətli aparılmasında, məhkəmənin udulmasında maraqlı olub. O da bilirdi ki, işin uduzulması insanları çox pis vəziyyətdə qoyar. Bunların heç birindən məlumatı olmayan, ofisdə bir dəfə də üzünü görmədiyim Ərəstun Piriyev məsuliyyətsiz çıxışlarla özünü ifşa edir. Mən Hümbətdən heç bir faiz istəməmişəm. Yalnız gördüyüm işə görə qonorar almışam. Bu isə mənimlə müştəri arasında olan vəkillik sirridir”.
Ramin DEKO