Müxalifət Zakir Qaralovu dəstəkləyir

Həsən Kərimov: “Baş prokuror bu cür etirafdan sonra özündə cəsarət tapıb istefaya getməlidir”

 

“Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir”. Bu barədə Baş prokuror Zakir Qaralov fevralın 4-də keçirdiyi geniş kollegiya iclasında məlumat verib. 
Baş prokuror qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə məmurlar örnək olmalıdırlar: “Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, başqalarından belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov Z.Qaralovun sonda bu cür səmimi etirafda bulunmasına sevindiyini söylədi. Baş prokurorun və ətrafının korrupsiya ilə bağlı qalmaqallarda tez-tez adının hallandığını deyən H.Kərimov bildirdi ki, həqiqətən də korrupsiyaya qarşı ilk addımlar iri məmurların özündən başlamalıdır: “Baş prokuror bu cür etirafı etdikdən sonra özündə cəsarət tapıb istefaya getməlidir. Düşünürəm ki, bu cür açıqlamalar və hökumətin korrupsiyaya qarşı mübarizə apardığı ilə bağlı atdığı addımlar bir görüntüdür. Gündən-günə sosial vəziyyətin ölkədə gərginləşdiyi bir zamanda hakimiyyət bilir ki, nə vaxtsa ölkəmizdə də sosial partlayış baş verəcək. Məhz bu sonluqdan hakimiyyət qorxur”.

 

ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, bu cür açıqlama alqışlanan olsa da, baş prokurorluq bir sıra ciddi məsələlərə aydınlıq gətirməlidir. Prokurorluq işçilərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iqtisadi mənfəət əldə etmələri ilə bağlı faktların ciddi araşdırılmasına ehtiyac olduğunu deyən S.Cəlaloğlu vurğuladı ki, o cümlədən prokurorluq orqanlarının hərəkətsizliyi ilə bağlı da araşdırma aparılmalıdır: “Keçən illərdə 10 milyard manat vəsaitin dövriyyədən gizlədilməsi ilə bağlı məlumat açıqlanmışdı. Amma bu açıqlama ilə bağlı heç bir tədbir görülmədi. Korrupsiyaya qarşı mübarizəyə yüksək rütbəli məmurlardan başlamaq lazımdır. Yüksək rütbəli məmurlar Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunmalıdır. Çünki korrupsiya səlahiyyətə bağlı məsələdir”.

Xəyal