Qazaxıstan nümunəsi Azərbaycan üçün mühüm amildir

AXCP sədri Əli Kərimli

Əvvəlcə Azərbaycan müxalifətinin müxtəlif illərdə təşkil etdiyi mitinqlərdən bu fotolara baxın. Ağır şərtlər altında keçirilmiş həmin mitinqləri xatırladıqdan sonra sizə çatdırmaq istədiyim mesaj daha aydın olacaq.

Qazaxıstanda sonradan kütləvi iğtişaşa çevrilmiş sosial partlayış biz azərbaycanlılara da çox şey öyrətməlidir. Qazaxıstan hadisələrindən həm hökumət, həm müxalifət, həm də elə bütövlükdə xalq üçün çıxarılmalı vacib dərslər var. Bu gün onun birindən yazmaq istəyirəm.

Bir anlıq təsəvvür edək ki, Qazaxıstanda ölkə daxilində fəaliyyət göstərən, təşkilatlanmış müxalifət olsaydı və hökumət də sərbəst toplaşmaq azadlığına hörmət etsəydi, hadisələr necə inkişaf edərdi bu qardaş ölkədə? Xalqın qiymət artımından narazılığını hiss edən müxalifət dinc mitinq təyin edərdi, hakimiyyət də mitinqə mane olmazdı. Mitinq xalqın çox geniş kütlələrinin narazılığını ortaya çıxarandan sonra hökumət də bunu nəzərə alıb, xalqa güzəştə gedərdi və bununla da indi yaşanan facilər baş vermədən gərginlik aradan qalxardı. Ancaq bunlar olmadı və nəticələrin bütün tərəflər üçün faciəli olduğu ortada olan faktdır.

Qazaxıstan hadisələri bir daha sübut etdi ki, leqal fəaliyyət göstərən, təşkilatlanmış, sivil müxalifətin varlığı istənilən dövlət üçün olduqca vacibdir, üstünlükdür, hətta həlledici məqamlarda bir şans məsələsidir. Hamımız başa düşürük ki, Qazaxıstanda təşkilatlanmış müxalifət və sərbəst toplaşmaq azadlığı olsaydı, bu dost ölkədə Yanvar qırğınları olmazdı, minlərlə insan üçün faciə yaşanmazdı.

Baş verənlərdən ilk növbədə Azərbaycan hakimiyyəti nəticə çıxarmalıdır. Repressiv vasitələrlə müxalifəti sıradan çıxarmaq nəinki əbədi hakimiyyət təmin etmir, əksinə, çox vaxt rejimləri yük maşınları və kəndirlərlə bütlərə hücum edən acıqlı insanlarla üz-üzə qoyur.

Azərbaycan hakimiyyətini idarə edənlərdə məntiqi düşüncə varsa, ləngimədən müxalifətə münasibəti dəyişməlidirlər. Müxalifətə düşməncəsinə münasibətdən, onu məhv etmək cəhdlərindən əl çəkməlidirlər. Başa düşməlidirlər ki, əks təqdirdə günlərin birində sosial partlayışla qarşılaşarlar.

Biz müxalifət də lazımi nəticələr çıxarırıq. Biz məhz ölkədə demokratiyaya yumşaq, qansız keçidi təmin etmək üçün bu günlərə qədər hər cür təzyiqlərə sinə gərib, ölkədə gerçək müxalifəti bir institut olaraq qoruyub saxlamışıq. Qazaxıstan hadisələri bizə təlqin edir ki, bir cəmiyyətdə real müxalifətin varlığı həm də milli təhlükəsizlik məsələsidir. Nəyin bahasına olursa olsun, müxalifəti qoruyub saxlayacağıq.

Xalqımız xatırlamalıdır ki, 28 illik sülalə hakimiyyəti dövründə (2-3 illik fasilələrlə) Azərbaycan müxalifəti 10-larla dəfə xalqa dinc şəkildə toplaşmaq imkanı yaradıb.

Bilirsiz, bu illər ərzində real müxalifətçiliyi qoruyub saxlamaq nə qədər insanın həbsi, işgəncəyə məruz qalması, işdən çıxarılması və digər məhrumiyyətlər bahasına başa gəlib?

İndi isə birlikdə düşünək: əgər həmin dinc mitinqlərin heç olmasa bir neçəsində 10 minlər əvəzinə 100 minlərlə soydaşımız iştirak etsəydi, ölkədə müsbət köklü dəyişikliklər olmazdımı?
Azərbaycan hakimiyyəti 2019-cu ilin 19 yanvar mitinqindən sonra xalqın mitinqdə kütləvi iştirakından qorxuya düşüb mitinqləri yenidən qadağan etmişdi. Sonradan isə pandemiyadan da sui-istifadə edərək mitinqlərin faktiki qadağan olunduğu müddəti 3 ilə qədər uzatdı.

Hökumət qadağalar dövrünü bitirməlidir. Ölkə dinc mitinqlərin maneəsiz keçirildiyi dövrə qayıtmalıdır.