Otunbayevadan Əliyevə ibrət dərsi

“Demokratiyanı dayandıra bilməzsiniz! Xalqın səbri sonsuz deyil”

Dekabrın 13-də Vaşinqtonda  Mərkəzi Asiya regionunda ilk qadın prezident Roza Otunbayevaya Avrasiya Fondunun mükafatı təqdim olunub.  O bu mükafata Qırğızıstan üçün mürəkkəb keçid dövründə ölkənin Konstitusiya normalarına əməl olunmasına görə layiq görülüb.
R.Otunbayeva “Turan”ın Vaşinqton müxbirinə müsahibəsində regionunun yeni müstəqil dövlətlərinin problemlərindən və tarixdə diktatorların yerindən danışıb.

– Siz MDB-də az liderlərdən biri idiniz ki, prezident postundan könüllü getdiniz və azad, ədalətli seçkilərə yardım etdiniz. Lakin Qazaxıstanda, Özbəkistanda prezidentlər, deyəsən, həmişəlik hökmranlıq etmək istəyirlər və Azərbaycanda da İlham Əliyev üçüncü dəfə namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə nə düşünürsünüz?
– Bu gün dünyada hadisələr bir şeydən xəbər verir – siz demokratiyanı dayandıra bilməzsiniz! “Ərəb baharı” hadisələrindən sonra avtoritar rejimlər başa düşdülər ki, bunun onlara da təsiri olacaq. Belə rejimlər başa düşməlidir ki, adamlar artıq avtoritarizmə dözmək istəmirlər və xalqın səbri sonsuz deyil.
Demokratiya çox mürəkkəb idarəetmə sistemidir, lakin əgər söz, hərəkət və ifadə azadlığı verməsəniz, onları bu vəziyyətdə çox saxlamaq mümkün deyil.

– “Ərəb baharı” başlayanda postsovet məkanında dəyişikliklərə böyük ümidlər var idi. Biz Rusiyada, Azərbaycanda və digər yerlərdə islahatlar tələbi ilə mitinqlərin şahidi olduq. Lakin görünür, bu proses onlardan yan keçdi?
– Mən “ərəb baharı”nın elçisi və inqilab üzrə ekspert deyiləm. Ölkədə istənilən dəyişiklik öz əməllərinin nəticəsidir. Eyni zamanda qlobal dünyada hər şey dərhal və hər yerdə baş verir. Bu isə o deməkdir ki, dünyanın bir tərəfində baş verən hadisələr sizin regionda vəziyyətə təsir göstərə bilər.
Məsələn, Gürcüstandakı islahatlar və onların uğurlu olması barədə çoxlarımız bildik. Biz onlardan ən uğurlusunu tətbiq etməyə çalışırdıq və ekspertlər komandasını dəvət etdik (ATƏT layihəsi çərçivəsində). Təəssüf ki, bütün bunlar 2010-cu ildə ölkənin cənubunda etnik münaqişələrin başlanması ilə üst-üstə düşdü. O zaman çox şeyi saxlamaq lazım gəldi.  Bundan əlavə, korrupsiyanın yüksək səviyyəsində demokratik islahatları həyata keçirmək çətindir. Odur ki, müsbət dəyişikliklər onların dərin anlamında və mövcud sistemdə kardinal dəyişiklik zamanı baş verir.

– Beynəlxalq koalisiya gələn il Əfqanıstandan çıxmağı planlaşdırır, Mərkəzi Asiya və Qafqazdakı analitiklər bunu regional təhlükəsizliyə təhlükə kimi görürlər. Region ölkələri Əfqanıstandan mümkün terrorizm təhlükəsinə necə hazırlaşırlar?
– Biz hamımız başa düşməliyik ki, hazır olmalıyıq. Sərhədlərin təhlükəsizliyinin və ümumi təhlükəsizlik sisteminin möhkəmləndirilməsi vacibdir. Avropa İttifaqı və ABŞ bizə bunda kömək edir.
Bu həyəcanlı gözləntilərə baxmayaraq, beynəlxalq koalisiya Əfqanıstandan getdikdən sonra biz bu ölkə ilə ticarəti inkişaf etdirməliyik. Bu sahədə çox layihələr var və Mərkəzi Asiya ölkələri bu ölkə ilə yeni münasibətlər yaratmaq üçün birlikdə çalışmalıdır.