Cəmil Həsənlinin Londonda yeni elmi əsəri dərc edilib

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Bu da mənim Böyük Britaniyada, London Universitetində bir il ərzində apardığım elmi araşdırmanın nəticəsi: “Stalin and Soviet Early Cold War Policy: Southern Neighbours in the Shadow of Moscow, 1945-1947”. Qərb dünyasının ən böyük nəşriyyatlarından olan, London və Nyu Yorkda yerləşən Routledge: Taylor & Francis Ltd nəşriyyatı onu “The History of Russia and Eastern Europe” seriyasında nəşr edir: (Link şərhdə)

Doğrusu bütün il boyu davam edən pandemya, ilin yarısını hökm sürən lockdown şəraitində bu kitabı hazırlamaq, başa çatdırmaq, nəşriyyata təqdim etmək elə də asan olmadı. Əlyazma üç anonim rəyçinin əlindən keçdi. Budur kitab artıq onlayn satışdadır, bir azdan dükanlarında da olacaq. Say etibarı ilə bu mənim Amerika və İngiltərədə nəşr edilən 8-ci (link şərhdə), dünyanın müxtəlif ölkələrində (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, İran, Honk Konq) və müxtəlif dillərdə çıxan 39-cu kitabımdır.

İstər Qərb, istər Şərq, istərsə də o taylı, bu taylı Azərbaycan oxucuları üçün maraqlı məqamlar var bu kitabda. Boğazlar və Türkiyənin Şərq vilayətləri, Güney Azərbaycan və Şərqi Türküstan silsiləsindən araşdırmalarımın yekunudur bu əsər. Mənim daha əvvəl nəşr olunmuş kitablarımda olmayan, mövzuya yeni çalarlar gətirən çox nadir arxiv sənədləri və onların interpritasiyası ilə Siz bu kitabda tanış ola bilərsiniz. Kitab qonşulara münasibətdə Moskvanın bu günkü siyasəti ilə xeyli dərəcədə səsləşir: sadəcə bir vaxtlar Sovetlərin Cənub sərhədləri böyunca yerləşən Türkiyə, İran, Şərqi Türkistan kimi qonşuları, Putin Rusiyasının təhdidi altında olan Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan kimi “daha yaxın” qonşular əvəz edir.

Əlbəttə, Azərbaycan oxucusu üçün kitabın qiyməti çox bahadır ($160.00). Həm də onun Azərbaycan və rus nəşri yoxdur. Qərb nəşriyyatlarında qalın üzdə birinci nəşr həmişə baha olur. Həvəs göstərən bizim gənclər onunla kitabxanalarda tanış ola bilərlər. Amma ümid edirəm az sonra kitabın kağız üzdə olan ikinci nəşri daha ucuz və əlçatan olacaq. Bu kitabın daha bir önəmi onu uzun illərin dostu və mənim üçün dostdan daha irəli olan, həyatdan vaxtsız köçmüş tanınmış tarixçi Eldar İsmayılovun əziz xatirəsinə həsr olunmasıdır.

Qarşıdan daha bir sürprizimiz var. Bir tarixçi həmkarımla “Qarabağ: Rusiya işğallarından Sovetlərin çöküşünə qədər” (ad şərtidir) adlı, 200 illik bir tarixi dövrü əhatə edən kitabımız gəlir, iş başa çatmaq üzrədir, nəşriyyatlarla danışıqlar aparılır. Fundamental, geniş əhatəli, nadir arxiv sənədləri ilə zəngin bir araşdırmadır. Bu ilin ortalarında nəşri gözlənilir. Bu da bizim “Qarabağnamə” olacaq, ikinci “Qarabağnamə”!