BMT Suriyaya sülhməramlı göndərəcək

Bütün mümkün variantlar nəzərdən keçirilir

BMT Suriyaya 4 mindən 10 minədək sülhməramlı göndərməsi imkanını nəzərdən keçirir. BMT-nin diplomatik mənbəsindən verilən məlumata görə, ötən gün BMT-nin Nyu-Yorkdakı baş qərargahında bütün dünyada sülhməramlı əməliyyatlar üçün öz hərbçilərini göndərən ölkələrin nümayəndələri ilə iclas keçirilib.İclasda Suriyadakı hadisələrin inkişafının müxtəlif variantları nəzərdən keçirilib.

“Problem ondan ibarətdir ki, BMT-nin əlavə sülhməramlı resursları yoxdur. Ona görə də Suriyaya sülhməramlı göndərmək üçün müxtəlif ölkələrdə olan 115 min BMT sülhməramlısının bir hissəsini hansısa ölkədən çıxarmaq lazım gələcək” – BMT mənbələrində belə deyilir.

Qeyd edək ki, Suriyaya sülhməramlıların göndərilməsinin vacibliyini noyabrın sonlarında BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Laxdar Brahimi vurğulamışdı.