Ad və soyad şərtidir. “Ilham Əliyev”in yerində “Əli Mirəliyev” də ola bilər. Və yenə də heç nə dəyişməz. Adlar və soyadlar heç nəyi həll eləmir. Bu sistem var olduqca, bu sistem yaşadıqca, onu qorumağa, müdafiə etməyə, onun əl-üzünü yumağa çalışmaq bir insanlıq cinayətidir. Əxlaqsızlığın pik nöqtəsidir. Vicdansızlığın ta özüdür!
Bu sistem varsa, hətta orada adın Büllur, soyadın Kristalov olsa belə, heç bir mənası yoxdur – sən belə bir sistemin parçasısan, sən belə bir sistemin hər hansı projesində yer almısansa, artıq əxlaq, vicdan, ləyaqət, şərəf mövzularında danışmaq haqqını itirmisən. Yaptokratiyanı müdafiə edib namus, qeyrət haqqında danışmaqdan komik heç nə ola bilməz, bu, qonşusu ac ola-ola Həccə getmək kimi bir şeydir.
***
Təsəvvür edin, siz küçə ilə gedirsiniz, yanınızda da gözəl bir xanım. Kimsə o xanıma gözünün ucu ilə baxır və sizin qeyrət damarınız dombalır. Vurub həmin adamın ağzını-burnunu dağıdırsınız. Olursunuz “yaxşı oğlan”, “bomba oğlan”. Amma illərdir bu ölkənin sərvətlərinə yan gözlə baxırlar, onun iradəsini alçaldır, zorlayırlar, vecinizə deyil. Sizə zərrəcə isti-soyuğu yoxdur. Bu, hansı vətəndaşlıqdır, hansı insanlıqdır, hansı əxlaqdır?
20 faizi işğal, yerdə qalanı 80 faizi də istibdad altında olan ölkənin insanlarının gözünə yuxu gedirsə…
Boğazından su keçirsə…
Dodaqlarına təbəssüm qonursa…
Gözlərində ümid parlayırsa, nə yazasan, nə pozasan? Kimi qınayasan? Necə qınayasan?
Bir ölkənin vətəndaşı bu qədərmi vurdumduymaz…
Bu qədərmi gönü qalın…
Bu qədərmi qalın qabırğalı olar?
Bir ölkənin vətəndaşı heçmi düşünməzmi: Qarabağ bizim deyil – başa düşdük, bəs Qaradağ niyə bizim deyil?
Ağdam bizdə deyil, anladıq, bəs niyə Ağdaş da bizim deyil?
Şuşa ermənidədir, bildik, bəs niyə Şəki də oliqarxdadır?
Heç kimdən tələb olunmur ki, dur gəl cəbhəçi ol, müsavatçı ol. Sinəni güllənin, dubinkanın, nəşənin qabağına ver.
Eybi yox – heç müxalifətə inanma.
Əli Kərimliyə inanma. Isa Qəmbərə güvənmə.
Heç mən də onların qara qaşına, qara gözünə aşiq-zad deyiləm. Heç biz də doğruları, həqiqətləri onlara görə yazmırıq. Bəzən elə doğruları yazırıq ki, heç onların da xoşlarına gəlmir.
Heç müxalifətçilik də onlardan, onların söyləmlərindən, onların tərəfdarlarından ibarət deyil.
Heç sizdən də onlar arasında seçim etmək tələb olunmur. Heç onlardan biri arasında seçim də məcburi deyil.
Məcburi olan budur: yetər ki, Ilham Əliyevdən yana olmayın. Yetər ki, heydərizmdən yana olmayın. Ofşor şirkətlərdən, oğurlanmış 48 milyarddan yana olmayın. Dubay mülklərindən, Mayami villalarından yana olmayın. Çexiyadakı mülklərdən, zavodlardan yana olmayın. Üstündən korrupsiya keçən körpülərdən, skamyalarında korrupsiya dincələn parkalardan yana olmayın.
Yetər ki, Gülər olmayın, Seva olmayın – bu özü də böyük uğurdur. Saxta bülleten atmayın – bu özü də böyük nailiyyətdir.
Liderlərə inanmırsınız, əcəb eləyirsiniz, barı “Lider TV”yə də inanmayın.
***
Mənim “Azadlıq” qəzetinin 4-cü səhifəsindəki köşədən başqa heç bir yerim yoxdur bu ölkədə. Mənə bu ölkədə doğma olan elə bu üç min işarəlik köşə yeridir.
Mənim vətənimdir burası…
Kəndimdir, məhəlləmdir, evimdir.
Əslinə qalsa, elə həqiqəti söyləyə bildiyin yerdir vətən. Həqiqətə xidmət edən sözdür vətən.
Bir az da konkretləşdirim, bir az da dəqiqləşdirim:
Bilsəm ki, bunları müdafiə etmək üçün bircə səbəb var…
Bunların haqlı olduğunu göstərən, bunların əxlaqlı olduğunu göstərən bircə səbəb olduğunu bilsəm, nə utanar, nə çəkinər, nə kompleks keçirər, nə ayıb sayar, bunu hamınızdan əvvəl yazar, hamınızdan əvvəl söyləyərdim.
Amma inanın ki, yoxdur elə bir səbəb. Dünyanın ən yaxşı fantast yazıçısını gətirsəniz belə boş şeydir – bunları haqlı göstərəcək, bunları sudan quru çıxaracaq bircə səbəb göstərə bilməz.
Mən sağ əlimlə bu rejim lehinə müsbət bir cümlə yazmağa məcbur olsam, sol əlimlə sağ əlimi kəsərdim.
Bu qədər pisdir bunlar, bu qədər iyrəncdirlər. Bu qədər suçlu, bu qədər bağışlanmazdırlar.
Kiminsə bunların yaxşılığına bir cümlə yazmaq üçün səbəbləri varsa, bizə də desinlər.
Desinlər, yazmayan şərəfsizin təkidir!

İlham Əliyevin yaxşılığına nəsə yazmaq olarmı?
•
•