Müstəqilliyimiz təhlükədə! Nə etməli? Əli Kərimlidən tarixi təkliflər

Təcili Türkiyə ilə hərbi ittifaq müqaviləsi bağlanmalı, ölkədə siyasi islahatlara başlanmalıdır


Dövlət müstəqilliyimiz, eləcə də Türkiyə ilə hərbi əlaqələrimiz real təhlükə qarşısında.
Rusiya prezidenti Putin Qazaxıstandakı etirazlardan danışarkən Qazaxıstanı faktiki olaraq özününkü elan etdi: “Biz evimizin içində rəngli inqilablara yol verə bilmərik” dedi. Diktator Lukaşenko və Rusiya rəsmiləri isə Qazaxıstan “qələbəsindən” ruhlanaraq indi də Özbəkistanı hədələyib, başqa çarəsinin olmadığını, Özbəkistanın da KTMT-ə qoşulmalı olduğunu deyiblər. 2 gün öncə isə Lukaşenko keçmiş Sovet məkanında yeni ittifaq dövləti yaradacaqlarını elan edib. Hələlik 4 ölkəni birləşdirəcəklərini anons edib. Rusiya, Belarus, Qazaxıstan və təəccüblü də olsa, Ukraynanın adını çəkib. Sonrasını da güman etmək çətin deyil. İştah diş altındadır. Hazırkı Ukraynanın yeni imperiyaya qoşulmayacağı aydındır. Deməli, ya onu işğal edib, hakimiyyətini dəyişərək, ya da mühüm bir hissəsini ondan qopararaq “İttifaq dövlətinə” qoşmağı planlaşdırırlar. Yeri gəlmişkən, yeni “İttifaq dövlətini” şəxsən Putinin deyil, Lukaşenkonun anons etməsi planın ciddiyyətini qətiyyən azaltmır. Lukaşenkonun bu açıqlamasını təqribən Paşinyanın “KTMT dönəm sədri olaraq Qazaxıstana ordu göndərmək qərarına gəldim” deməsi kimi bir şeydir. Putin öz qeyri-populyar qərarlarını başqalarının dililə elan etdirir.

Rusiyanın Kremlə yaxın politoloqları isə dövlət televiziyalarında ictimai rəy yaradırlar ki, “SSRİ-ni bərpa etmək arzusunda, planında qeyri-adi və neqativ bir şey yoxdur.” İsrarla əsaslandırırlar ki, Rusiyanın dövlət, hətta imperiya (artıq bu sözü işlətməyə utanmırlar) maraqları başqa bir adla olsa da, keçmiş SSRİ ölkələrini vahid dövlətdə birləşdirməyi tələb edir.
Bu məlumatları əminəm ki, çox adam bilir. Ancaq bizim ölkədə çox qəribə bir arxayınçılıqla xeyli adam düşünür ki, təhlükə ətrafımızı sarsa da, bizə toxunmayacaq. Belələri onunla da özünə təsəlli verəcək ki, Lukaşenko yeni “İttifaq dövlətində birləşənlər” sırasında bizim adımızı çəkməyib.

Özümüzü aldatmayaq. Yadımıza salaq ki, Rusiyanın ABŞ və NATO ilə hazırda sərt qarşıdurma vəziyyətində olmasının səbəbi nədir. Bu gün Cenevrədə ABŞ-la, 12 yanvarda Brüsseldə NATO ilə keçiriləcək danışıqlarda Rusiya ABŞ və NATO-dan (eləcə də NATO üzvü olan hər bir dövlətdən) tələb edir ki, keçmiş SSRİ ərazisində (Pribaltika istisna olmaqla) heç bir müstəqil dövlətlə ciddi hərbi işbirliyi aparılmasın. Həmin ölkələrdə hər hansı xarici hərbi bazalar və müasir silahlar yerləşdirilməsin. Bir daha dəqiqləşdirirəm ki, bu tələblər həm də Azərbaycana şamil olunur. Bir az da aydınlaşdırıram: əgər NATO və ABŞ Rusiyanın şərtlərini qəbul etsə, bu o demək olacaq ki, bizim nəinki nə zamansa NATO üzvü olmaq imkanımız olmayacaq, hətta qardaş Türkiyə ilə hərbi ittifaqımız da kağız üzərində qalacaq. Hətta Rusiyanın şərtləri rəsmən qəbul edilməsə də, qarşıdurmada maraqlı olmayan Qərb Ukrayna və Gürcüstandan başqa (həmin 2 dövlətə 2008-ci ildə Buxarest sammitində NATO üzvlüyü artıq vəd olunub) digər post-Sovet ölkələrilə inteqrasiyanı dərinləşdirməkdə təşəbbüskar olmayacaq.

Ona görə də Azərbaycan cəmiyyəti hazırda baş verənləri sadəcə kənar tamaşaçı kimi izləməməlidir. Müstəqilliyimizə çox ciddi təhlükə yarandığını bilməliyik. Cəmiyyət, müxalifət hamımız birlikdə hakimiyyətdən dövlət müstəqilliyini möhkəmlətmək üçün təcili addımlar atmağı tələb etməliyik. Azərbaycan hakimiyyəti həm də dövlət müstəqilliyimizi qorumaq üçün Avroatlantik məkana inteqrasiya istiqamətini seçməlidir. Bunu etməyə borcludur. Ancaq hətta bu xəttin seçilməsi də yaxın dövrdə bizim dövlət müstəqilliyimizə tam təminat verə bilmir. Hazırda dövlət müstəqilliyimizi yeni imperiya ambisiyalarından qorumaq üçün 2 ən vacib və təcili atılmalı olan addım Türkiyə ilə hərbi ittifaqa gerçək məzmun vermək və ölkədə daxili siyasi islahatlar başlatmaq olmalıdır.

Aydındır ki, Türkiyə hələlik və təkbaşına bütün Türk dövlətlərini Rusiyanın aqressiv planlarından qoruya bilmir. Qazaxıstan nümunəsində də gördük. Ancaq Azərbaycanı qorumağa, bu təhlükəli planlardan kənarda saxlamağa Türkiyənin gücü və imkanı çatar. Bunun üçün isə Şuşa Bəyannaməsi yetərli olmaya bilər. Ciddi qarşılıqlı öhdəliklər nəzərdə tutan hərbi müttəfiqlik paktı imzalanmalıdır. Daxildə siyasi islahatlar, demokratik açılım isə bizim cəmiyyəti daxildən möhkəmlədər və güclü edər.
İlham Əliyev millət və tarix qarşısında məsuliyyətini unutmamalıdır. Zamanın qədrini bilmək lazımdır. Gecikmək təhlükəli ola bilər. Türkiyə ilə Hərbi İttifaq haqda dövlətlərarası saziş imzalanıb, parlament tərəfindən dərhal ratifikasiya edilməlidir. Siyasi məhbusların azad olunmasından başlayaraq sjyasi islahatlar kursu elan edilməlidir. Dövlətin və millətin taleyi bunu tələb edir.