Afaq Bəşirqızı: «Mənimlə atamın xasiyyətləri tamam fərqli idi»
«Artıq xalq deyəndə diksinirəm, insan nə qədər xalqın adından danışar»
«Həyatın vurduğu zərbələr qarşısında əzilsəydim, çoxdan yox idim»
– Bəlkə, qabağa düşüb incəsənət aləmindəki problemləri dilə gətirənlər yoxdur?
– Heç olmasa mən hansısa aktyorun problemini çatdıra bilirəm və nazir tez kömək əlini uzadır. Ta qədimdən bu günə qədər yaradıcı insanı, aktyoru xalq dolandırıb. Xalqın müəyyən nümayəndələri onların müalicəsinə, əməliyyatlarına – çox şeylərə əl uzadıblar. Mən nikbin, avanqard bir insanam. Mənim bədbinliyimi heç kim görə bilməz. O, mənim özümə aid bir şeydir. O dəqiqə də özümə qarşı üsyan edirəm ki, dayan! Filan şeyi eləyəcəksən, bu da düzələcək, qurtardı getdi. Gedirəm və düzəldirəm. Amma “məndən keçdi dostuma dəydi, bir bədbəxtə dəydi, mənə nə var, mənim nəyimə lazımdır” kimi düşünmürəm, ancaq mən, mən demirəm. Bir məsələ də var ki, artıq xalq adı deyəndə diksinirəm. Deyirəm, mənə bu barədə sual verməyin. Mən xalqdan utanıram. Insan nə qədər çıxıb xalqın adından danışar?! Bütün həyatımız lağ-lağıya, şouya çevrilib. Sən ekran qarşısında oturmusan, gülürsən. Amma bilmirsən ki, onun dağıtdığı ən böyük daş sənin başına düşür.
“Hamı görür, amma heç kim danışmır”
– Amma bu gün ən çox baxılan da həmin o lağ-lağılar, həmin o şoulardır…
– Hamı bu dəqiqə öz şəxsi maraqlarını, ambisiyalarını hər şeydən üstün tutur. Bunu hamı görür. Amma heç kəs danışmır. Öz aralarında, dar bir çevrədə danışırlar. Sonra da deyirlər ki, “əşi, belə gəlib, belə də gedəcək”. Deyir, bu dünyanı biganələr buraxdı, divanələr tutdu. Bu, hər an mənim həyatımda özünü təsdiqləyir.
– Siz də elə düşünürsünüz ki, dünya belə gəlib, belə gedəcək?
– Mən heç bir proqnoz vermək istəmirəm. Ən azı ona görə ki, balalarıma lazımam. Mənə ehtiyacı olan, məni sevən insanlara lazımam. Insan həyatı problemlərlə, keşməkeşərlə doludur. Insan yorulur. Mən də çox yorulmuşam. Aciz deyiləm, amma açıq etiraf edirəm ki, yorulmuşam. Amma bütün bu çətinliklər, problemlərlə bərabər mən xoşbəxtəm. Çünki sənətkaram. Heç olmasa deyə bilirəm ki, mən sənətkal deyiləm. Heç olmasa bunu deməyə haqqım, əsasım var.
“Mən aş üstündə toyuğam, qazmaq deyiləm”
– Siz hər zaman açıq fikirli olmağınızla, tənqidi mövqeyinizlə tanınmısınız. Amma son vaxtlar fikirlərinizdə ehtiyatlılıq, aqressiya və küskünlük qarışıq bir ton hiss olunur…
– Həyatın mənə vurduğu zərbələr qarşısında əzilsəydim, çoxdan həyatda yox idim. Sadəcə qorxuram. Deyərlər ki, nəsə istəyir, nədəsə gözü var. Allaha çox şükür ki, mən aş üstündə toyuğam. Mən qazmaq deyiləm. Ola bilsin ki, yavan aşın arıq toyuğuyam. Amma aşın üstündəyəm, altında deyiləm. Gördüyüm tərbiyə, köküm, vətənpərvərliyim, milləti sevməyim – bu cür nüanslar öz rolunu oynayır. Daxilimdəki bir qüvvə deyir ki, “olmaz, başqa cür başa düşərlər”. Içimdəki o ikinci Afaq deyir ki, demə! Yaradıcı adamlar həmişə iki canlı olur. Biri üzdəki, biri daxildəki. “Olmaz”lar mənə qorxu gətirməyib. Mən heç vaxt qorxmamışam. Niyə də qorxmalıyam? Mən aciz və ya savadsız deyiləm axı. Həmişə alnım açıq olub. Insan hərdən boşalmaq istəyir. Reaksiya istəyir. Bilmək istəyirsən fikirlərin düzdümü, səhvdimi. Cavab almaq arzusunda olursan. Amma tam açıla bilmirsən. Mümkün deyil.
“Qiymət istəməklə verilməməlidir”
– Niyə bizim sənətkarlar bu cür dilemma qarşısında qalırlar? Məgər, danışmaq kimdənsə nəsə ummaq xatirinə olmalıdır? Yaxud, sənətkar qiymətini almaq üçün mütləq bunu dili ilə istəməlidir?
– Mən buna qarışmaq istəmirəm. Özləri bilər. Hardasa haqq da qazandırıram. Yəqin bilir kimdən istəyir. Məndən istəsə, deyərəm məndə yoxdur. Amma əlbəttə ki, qiymət istəməklə verilməməlidir. Bu, artıq başqa qiymətdir.
– Sənətkarların bayağı verilişləri boykot etməklə lağ-lağının efirdə meydan sulamasına şərait yaratdıqlarını hesab etmirsinizmi? Bəlkə də verilişlərə daha çox həqiqi sənətkarlar çıxsa, digərləri üçün bu qədər geniş məkan açılmaz.
– Qızım, mən o verilişlərə gedə bilmərəm. Mən gedim təsdiq edim ki, hansı müğənni kimə cadu edib? Hansı müğənninin uşağının atası tapılıb? Şükür ki, aktyorlar bu qədər xırdalanmaya getmirlər. Heç xırdalanmalı bir şey də yoxdur.
– Siz onların dediklərini təsdiq etməyin, sadəcə fərqli fikir söyləyin…
– Mənim fikirlərim onlar üçün maraqlı deyil. Mənim görmək istədiyim proqramlar da onlara maraqlı gəlmir. Onlar bunu istəmirlər. Nəyə görə, 8 hissədən sonra “Afaq gülür, güldürür” kimi bir layihə dayandırıldı? Halbuki kasetlər satılırdı. Axırda dedilər ki, Afaq Bəşirqızı sponsor tapıb gətirsin bu layihəyə. Gəmimdə oturmusan, məndən icarə haqqı istəyirsən?
Afaq Bəşirqızına 5 nazirin maaşını kim təklif edib?
– Tanınmış professor Ihsan Doğramacının şərəfinə Bakıda təşkil edilən dövlət səviyyəli mərasimdə çox maraqlı bir məqam yaşanmışdı. Siz səhnədəki çıxışınızla Doğramacını, o da açıqlaması ilə sizi təəccübləndirmişdi…
– Bakıda onun şəninə konsert təşkil olunmuşdu. Məni bu proqrama dəvət edəndə Polad Bülbüloğluna dedim ki, bu bir sürpriz olacaq. Bu sürprizi də təkcə Polad bilirdi. Mən səhnəyə ağlaya-ağlaya çıxdım. Əvvəlcə dedim ki, xoş gəlmisiniz. Sonra dedim, mən bu gün elə vəziyyətdəyəm ki, oynaya bilməyəcəm. Ihsan bəyə müraciət etdim ki, şəhər-şəhər, ölkə-ölkə gəzib sizi axtarıram. Dedim, mənim oğlumun ayaqlarında çox böyük bir qüsur var, o, gəzə bilmir. Gördüm ki, artıq mühafizəçilər təşvişə düşüblər. Işarə edirlər ki, mikrofon söndürülsün. Təkcə Polad sakit idi, o da səhnənin arxasındaydı. Ihsan Doğramacı dedi ki, mən mütləq sizin uşağınızı sağaldacam. Dedim, mənim balam, Doğramacı dedi ki, səni sağaldacaq. Sən yeriyəcəksən, gəl ananın qucağına. Bu zaman rəhmətlik Hacıbaba Bağırov şortikdə, ağzında “soska” səhnəyə çıxdı. Bu səhnə çox böyük gülüşə səbəb oldu. Həm çaşqınlıq yarandı, həm də çox güldülər. Ihsan Doğramacı da səhnənin arxasına gələndə dedi ki, mən sizə nazirin məvacibinin beş mislini verərdim.
– Afaq xanım, atanız Bəşir Səfəroğlu xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Amma bildiyimizə görə, həkiminin sayəsində bundan axıra qədər xəbər tutmayıb.
– Bu yaxınlarda bir sənət dostum müalicəyə getmişdi. Onun haqqında məlumat gedəndə ki, ağ ciyər xərçəngindən müalicə olunur, mən dəhşətə gəldim. Axı, insana bunu bildirmək olmaz. Bəlkə də Bəşir Səfəroğlunun ağır əməliyyatdan sonra bir il iki ay yaşamasının səbəbkarı məhz həkimin onun aldatması olub. Təsadüfən beşinci mərtəbəyə qalxan qonşumuza məqam tapıb deyə bildi ki, bu nömrəyə zəng edəcəklər, Bəşir Səfəroğlu ikinci telefonda qulaq asacaq. O, diaqnozu soruşanda deyin ki, heç nə yoxdur. Sağ olsun həmin o qonşu ki, onu elədi. Bizimkilər zəng edib soruşanda ki, düzünü deyin, cavab verdi ki, Bəşir Səfəroğluda heç nə yoxdur. Ondan sonra Bəşir Səfəroğlu şən bir mahnı çaldı.
– Həqiqətənmi atanız müəyyən müddət eşitmə və danışma qabiliyyətini itirmişdi?
– Müharibədə mina partlamışdı, atam da kantuziya almışdı. Müharibədən lal və kar qayıtmışdı. Üç il belə davam etdi. Sonra indiki Statistika Komitəsinin qabağında tramvayı görəndə təsadüfən dili də, qulağı da açılmışdı.
– Atanız çox güclü futbol azarkeşi olub, bəs, siz necə?
– Yox, çox qəribədir ki, mən futbolu sevmirəm. Mən ancaq fiqurlu konkini sevirəm. Ümumiyyətlə mənimlə atamın xüsusiyyətləri tamam fərqli olub. Bənzərliyimiz demək olar ki, olmayıb. Deyilənə görə mən ana babama çəkmişəm.
Mənim xasiyyətimdə bir az çılğınlıq, bir az qətilik, bir az da kobudluq var. Amma mən ürək sındıra bilmirəm. Sındıranda da o dəqiqə alıram. Bütün bunlar həyatın lövhələridir. Nə qədər bəzənsəm də, o lövhələr məndə görünür.
– Deyilənə görə, atanız deyibmiş ki, bilsəm, beş dəqiqə sonra öləcəm, səni öz əllərimlə boğaram…
– Çox sevdiyim gözəl insan Rüfət Mehdiyevin üç mərasiminə getmişdim. Mən Rüfəti sənətkar kimi yox, insan kimi çox istəyirdim. Çox qəribədir, mərasimdə onun gənc, gözəl həyat yoldaşı mənə sarıldı ki, “Afaq xanım, mən neyləyəcəyəm? Axı o deyirdi ki, mən bilsəm, beş dəqiqə sonra öləcəm, səni öldürərəm”. Bunu eşidəndə mənim bütün bədənim dondu. Bunu mənə 69-cu ildə Bəşir Səfəroğlu demişdi. Deməli, insan çox sevdiyi insanı bu həyatın keşməkeşindən qoruya bilməyəcəyi anı fikirləşəndə onu məhv etmək istəyir. Bu, həm böyük sevginin ifadəsi, həm də bir mirasdır ki, həyatın boyu onunla yaşayasan. Indi məlum olur ki, sən demə, Rüfət Mehdiyev də bunu yoldaşına deyib… Insan ona möhtac olan insanı özündən sonra həyatın bu dalğalarına atmaq istəmir.
“Yoldaşımı 8 ay ”militsiyalarda” gəzdirdim”
– Afaq xanım, həyat yoldaşınızla tanışlığınızın çox maraqlı tarixçəsini bizimlə də bölüşə bilərsinizmi?
– (Gülür – red:) Bunu danışsam, həyat yoldaşım məni boşayacaq.
Deməli, məni görüb dalımca düşdü. Mənə söz demək istəyəndə, çantanı başına vurmaq istədim. Çantamı göydə tutub cırdı. Sonra da 8 ay “militsiyalarda” gəzdi. Şikayəti özüm vermişdim, heç cürə geri götürmürdüm. O da zavod komsomol komitəsinin katibi idi. Nə qədər mənə yalvardılar, katib məni yanına çağırtdırdı, amma xeyri olmadı. Mənim acığıma gəlib birinci sırada oturub bütün tamaşalarıma baxırdı.
– Bəs, necə oldu ki, şikayəti geri götürdünüz? Yəqin sizi fikrinizdən daşındıra bildi?
– (Gülür – red:) O daşındıran, hələ də daşıram.
Indi təzə ailə quran insanlara həddən artıq məsləhətlər verilir, bu barədə proqramlar hazırlanır. Bu deyir, filan cür olmalıdır, o birisi deyir, yox başqa cür. Iki şəxs arasında qarşılıqlı hörmət, məhəbbət, istək olanda bu, onların ailəsinə də sirayət edir və heç bir ciddi problem olmur. Aramızdakı sevgiyə görə o mənim doğmam olur, mən də onun. Mən həmişə gənclərə deyirəm ki, əgər, sizin ailə qurmaq üçün ani qığılcım qədər imkanınız varsa, o imkandan istifadə edin. Ay evi olsun, maşını olsun, villası olsun, pulu olsun. Bunlar hamısı ötəri bir bəzəkdir. Insanın ürəyi, sevgisi tamam başqa şeydir.
Gültəkin Knyazqızı,
Foto Elmin Həsənlinindir