Çörək 15 qəpik bahalaşdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanvarın 6-da un və çörəyin qiyməti ilə bağlı növbəti açıqlama yayıb.

Bu açıqlamada da unun qiymətinin bahalaşması dünyada iqtisadi proseslər və COVID-19 pandemiyasının təsirləri ilə izah edilir: “…Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58% bahalaşma baş vermişdir”.

Qurum hesab edir ki, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil: “İdxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb. Un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35.9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik”.

Bundan əvvəl 50 kiloqramlıq un kisəsi vətəndaşa təqribən 27 manata başa gəlirdi.

Qeyd edilən çörəklərin qiymətində isə 10-15 qəpik artım var.

Əslində, Azərbaycanda un və un məhsullarının qiymətləri dövlətin tənzimlədiyi qiymətlər sırasına daxil deyil.

Azadlıq radiosu