ABŞ-da ibtidai məktəbə basqın: 27 ölü

Dekabrın 14-də Birləşmiş Ştatların Konnektikut ştatının Nyutaun şəhərində silahlı şəxs ibtidai məktəbə hücum edərək 27 nəfəri, o cümlədən 18 uşağı güllələyib.

CBS telekanalının verdiyi xəbərdə hücum edən şəxsin şagirdlərdən birinin atası olduğu və onun da öldüyü deyilir. CNN telekanalı qətlə yetirilənlər arasında məktəb müdirinin və psixoloqun da olduğunu bildirib.

Qeyri-rəsmi xəbərdə şahidlərin hadisə yerində digər şəxsin də olduğunu gördükləri və çox sayda atəş səsləri eşitdikləri deyilir.

Sendi-Huk adına ibtidai məktəbdə 5-dən 10 yaşa qədər uşaqlar təhsil alır.

Telekanallar hadisə yerinə çox sayda polis və təcili yardım maşınlarının gəldiklərini göstərir.

Xəbər verilir ki, qətliamı törədən 24 yaşlı Ryan Lanza məktəbin içində öldürülüb.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

ABŞ prezidenti Barak Obama baş verən faciə ilə bağlı media qarşısına çıxaraq, kədərini ifadə edib, həyatını itirənlərin doğmalarına başsağlığı verib.