Azərbaycanın dövlət müstəqilliyinə təhdidlə bağlı Milli Şuranın bəyanatı

Rusiya Federasiyasının NATO və ABŞ-a təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədində Azərbaycanın da dövlət müstəqilliyini təhdid edən müddəalar var.

Rusiyanın təqdim etdiyi təkliflərə görə,
NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, keçmişdə Sovet respublikaları olmuş hazırkı müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməlidir.
Milli Şura bəyan edir ki, bu təşəbbüs ilk növbədə BMT-nin əsas prinsiplərindən olan “xalqların öz müqəddəratını təyin etmə” prinspinə, Helsinki yekun aktının “dövlətlərin suverenliyinin toxunulmazlığına dair” prinspinə və bütövlükdə beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.

Milli Şura bəyan edir ki, Azərbaycan, eləcə də keçmiş Sovet respublikası olmuş digər dövlətlər hazırda tam müstəqil dövlətlərdir. Rusiyanın bu təkliflərlə keçmiş Sovet respublikalarını faktiki öz nüfuz dairəsi elan etməsi bütün bu dövlətlərin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq cəhdidir. Heç bir xarici dövlət, o cümlədən Rusiya Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığını məhdudlaşdıra, ölkəmizin NATO və ya başqa bir müdafiə ittifaqına birləşməsini veto edə bilməz. Hərbi tərəfdaş və müttəfiq seçmək Azərbaycan dövlətinin müstəsna hüququdur. Biz Rusiya rəhbərliyini Azərbaycanın və Rusiya ilə qonşu digər dövlətlərin müstəqilliyinə hörmət etməyə çağırırıq.

Milli Şura olaraq bildiririk ki, Azərbaycanın dövlət hakimiyyəti orqanları ölkəmizin müstəqilliyini təhdid edən bu təşəbbüslərin Azərbaycan üçün qəbuledilməz olduğunu rəsmən bəyan etməlidir.