Fərqli, yoxsa şərqli?

Məni həmişə bir şey təəccübləndirir: bu rejim, onun çirkinlikləri, pislikləri haqqında ortaya çıxmayan fakt yoxdur, amma hələ də kimlərsə çıxıb hakim gücü mədh edə bilirlər. Mən birbaşa bu rejimdən mayalananları demirəm, hər durumda yarınmaq, yaltaqlanmaq onların birbaşa borcudur. Mən o adamları nəzərdə tuturam ki, onlar özləri də bir növ sistemin qurbanlarıdır, heç düz-əməlli həyat şəraitləri də yoxdur. Bəs onlara nə düşüb? Onlar niyə Elşadın videolarından, Naxçıvan MTN-dəki biabırçılıqlardan sonra da rejimi müdafiə etməyə davam edirlər? Doğrudanmı, qorxu və köləlik insanlarımızın içində biz düşündüyümüzdən də dərinə işləyib?
Mən korrupsiyanı, büdcə oğurluqlarını, offşor şirkətləri, seçki saxtakarlıqlarını bir tərəfə qoyuram, bəs Elşadın videolarından, Naxçıvan MTN-nin keçmiş əməkdaşının tükürpədici açıqlamalarından sonra adam bu sistemin bir parçası, onun mütisi olmağa necə davam edə bilər? Doğrudanmı, vicdani hisslərdən bu qədər məhrum olmaq mümkündür? Axı bu ölkənin taleyi, gələcəyi ilə bağlı daha hansı rəzalət, rüsvayçılıq, iyrənclik baş verməlidir ki, kimlərinsə qeyrət damarı tərpənsin? Küçədə belələrinin yanında gedən qıza gözünün ucu ilə baxsan, qarnını yortarlar. Amma məmləkətin namusu ilə oynayırlar, veclərinə də deyil.
Naxçıvan MTN-də öldürülən Turac Zeynalovun həyat yoldaşı və Muxtar Respublikada (əslində, artıq çoxdan ora bu statusunu itirib, ata-oğul Əliyev oranı ailəyə yaxın Vasif Talıbovun külli-ixtiyarına verib, adam orada istədiyini etməkdə azaddır) yaşananları araşdıran həmkarımız Yafəz Əkrəmoğlu ətrafında qurulan çirkin ssenariləri oxuyandan sonra adam nə qədər gönüqalın, vurdumduymaz, hissiz-duyğusuz, qul təfəkkürlü olmalıdır ki, hələ də 92-93-cü illərdə xalqın gecələr çölə çıxa bilməməsi ilə başlayan cümlələr qursun, hələ də bu rejim haqqında xoş söz deyə bilsin. Belələrinin ağzı hələ də necə olur, əyilmir, heyrət edirəm.
Bilirsiniz, hər normal, hüquqi-demokratik ölkədə hakimiyyət yanlısı olmaq mümkündür, onun tərəfini tutmaqda, ona qahmar çıxmaqda qəbahət bir şey yoxdur, bu, təbiidir. Seçilmiş, qanunlara sayğılı, mümkün olduğu qədər ədalətli olmağa çalışan bir iqtidardan yana olmaq, o iqtidara müxalif olmaq qədər qutsaldır, hörmətə layiqdir. Amma bu qədər anormallığın, rəzalətin, saxtakarlığın içində “bu da mənim mövqeyimdir, hörmətlə yanaşmalısınız” deyərək hakim gücdən yana olmağın heç bir adı, izahı yoxdur. Bizim kimi çağdışı, milli iradənin üstündə dayanan, qeyri-modern, qeyri-mədəni rejimlərin hökm sürdüyü ölkələrdə bu, qətiyyən “fərqli mövqe” deyil, bu, köləlikdir, mütilikdir. Bu, fərqli yox, şərqli mövqeyidir, “padşah Allahın yerdə kölgəsidir”, “padşaha üsyan Allaha üsyandır”, “ağa deyir sür dərəyə, sür dərəyə” zehniyyətini müdafiə edən və qədimlərə dayanan Şərq təfəkkürünə təslim olmaqdır.
Siz özünüzün, övladınızın, qardaşınızın Turac Zeynalovun yerində olmasını istəyərdinizmi?
Siz istəyərdinizmi, onun xanımı ilə bağlı baş verən çirkinliklər sizin qadınınızın, ananızın, bacınızın, qızınızın başına gəlsin?
Əminəm ki, cavabınız “Yox!”dur.
Elə isə özünüzə rəva görmədiklərinizi başqalarına necə rəva görürsünüz? Ölkədə bu cür haqsız, ədalətsiz, zülmkar düzənin davam etməsinə könlünüz necə razı olur? Siz evinizə oğru girəndə ona kömək edirsinizmi ki, nə var yığışdırıb aparsın? Elə isə bu oğru, talançı sistem qarşısında susqunluğunuzla və ya yaltaqlığınızla onun ölkənizi daha çox talamasına, yağmalamasına kömək etməyi öz vicdanınıza necə sığışdırırsınız? Necə qıyırsınız bu gözəlim məmləkətə? Hələ sonra bunun adını necə “fərqli mövqe” də qoya, özünüzə bəraət qazandırmağa çalışa da bilirsiniz?
Meşə yanarsa, oradakı bütün canlılar yanar. Bu gün ölkəni ağuşuna alan zülmdən, qəddarlıqdan hələ nəsibinizi almamısınızsa, bu o demək deyil ki, Azərbaycanda yaxşı nələrsə baş verir. Sadəcə, hələ növbəniz çatmayıb. Bir az geci-tezi var. Bax, həmin gün gələndə bu gün camaata “fərqli mövqe” kimi sırıdığınız şərqli köləliyinizin bəhrəsini daddığınızı unutmayın.
Unutsanız belə, biri çıxıb mütləq sizə xatırladacaqdır, əmin olun.