Rəhim Qazıyevin Turqut Ərlə bomba kimi partlayacaq söhbəti

r qaziyev-exclusive«Mən bilmədim ki, Heydər Əliyev Azərbaycan xalqının qəddar düşmənidir»

«Surət dedi ki, məni Elçibəylə görüşdürün, mən ona sözümü deyim, sonra gəlin, hərbi hissəni də təhvil alın»

“Azadlıqdan Tiranlığa” kitabı 2010-cu ilin sentyabrında çap edildikdən sonra bu nəşrin Azərbaycana girişi qadağan olundu. Buna baxmayaraq, kitab Azərbaycan ictimaiyyətində və Türkiyədə böyük əks-səda doğurdu. Mənimlə bağlı Azərbaycan hakimiyyəti tərəfindən xoş olmayan hədələr və tənqidlər meydana çıxdı.
Ayrıca, Azərbaycanda vəzifədə olduğum illərdə  yaxşı münasibətlərim olan Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Qabil Hüseynli kimi insanlar iqtidarın təlimatıyla televiziyada və mətbuatda haqqımda  yalan və iftira mahiyyətli, mənimlə uzaqdan-yaxından heç bir əlaqəsi olmayan ittihamlar irəli sürdülər. Mən bunların heç birinə cavab vermədim. Çünki Azərbaycan ictimai rəyində hörmət edilən siyasətçilər, yazarlar, jurnalistlər onlara layiq olduqları cavabı verdilər. Azərbaycanın bu vətənpərvər, dürüst, şərəfli, qiymətli insanlarına təşəkkür edirəm.
Bu kitabda yer alan sənədlərin heç birinə irad tutulmadı. Hətta özlərini alim, ziyalı, professor adlandıran, pulla saxta tarix yazan adamlar da kitabdakı sənədlərə əks cavab verə bilmədilər. Sadəcə, özlərinə hakimiyyət tərəfindən verilən tapşırığı cəfəngiyyatlar uydurmaqla yerinə yetirməyə çalışdılar. Ancaq kitabda bir yerdə Moskvada bir qrup (sabiq müdafiə naziri Rəhim Qaziyevin də daxil olduğu) hakimiyyət  iddialısı azərbaycanlının rusiyalı yüksək vəzifəli siyasilər və generalitetlə Elçibəy iqtidarını necə yıxacaqlarına dair  keçirdikləri toplantını ifşa edən sənədə Rəhim Qazıyev etiraz etdi. O, kitab çap olunduqdan sonra dəfələrlə Ankaraya zəng edərək, “Bəy, kitabınızda mənim Moskvadakı toplantıda iştirak etdiyim və xain olduğuma dair sənəd çap etmisiniz. Mən bundan narahatam, qoca kişiyəm, övladlarıma  belə bir ləkəni qoyub getmək istəmirəm. Mən xain deyiləm. O sənəd başaları tərəfindən qərəzlə hazırlanmışdır”, – deyə etirazını bildirdi.
Mən Rəhim Qazıyevi tanımıram, heç vaxt da qarşılaşmamışam. Sadəcə, Azərbaycanda olarkən və daha sonra oxuduğum sənədlərdə onun xüsusilə Elçibəy hakimiyyətinin devrilməsində, qondarma Talış-Muğan Respublikasının qurulmasında rolunun olduğuna dair bilgiləri təsbit etmişəm.  Bunlardan sadəcə, Moskva toplantısındakı sənədi çap etdim.  Beləliklə, tanımadığım və heç bir qərəzim olmayan Rəhim Qazıyevin “mən uşaqlarıma xain ləkəsini miras qoymaq istəmirəm” deməsindən və sabiq bir dövlət adamı olduğundan təsirləndiyimdən, eyni zamanda, israrla tələb etdiyinə görə onunla danışmağı qəbul etdim. Ayrıca, ona mənim də əlavə suallarımın olacağını dedim. O da məmnuniyyətlə “nə sorsanız, cavab verəcəyəm” dedi.
Dəyərli, oxucular, aşağıdakı dialoqa diqqətinizi çəkmək istəyirəm. Bu dialoq bir daha “Azadlıqdan Tiranlığa” kitabında yazılanların doğruluğunu sübut edir. Bundan başqa, Azərbaycanın hələ yazılmayan 1988-2002-ci illərində olan gerçəklərin və xalqa məlum olmayan olayların üstünü açan sübutlar olduğunu ortaya qoyur.
Beləliklə, Rəhim Qazıyevə mənimlə danışarkən suallarıma çəkinmədən, qorxmadan cavab verdiyi, tiranlığın iç üzünü açıqlayan və özünün də rol aldığı hadisələri açıq-aşkar anlatdığı üçün təşəkkür edirəm. Demək ki, o illərdə, hadisələrin içərisində olan, indi həyatda olan vəzifəli və ya kənarda duran şəxslər (başda hörmət etdiyim Etibar Məmmədov, dəyərli dostlarım, Isa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Arif Hacılı, Isgəndər Həmidov, Surət Hüseynov, Rəsul Quliyev, Qabil Hüseynli, Heydər Əliyevin mətbuat naziri  Sabir Rüstəmxanlı, Sirus Təbrizli, sabiq millət vəkili  Yaşar Əliyev, Sülhəddin Əkbər, MTN-in sabiq rəhbəri Namiq Abbasov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Heydər Əliyevin sirr katibi Nariman Imranov (nə yazıq ki, Əliyevin digər iki sirr katibləri – qətllərinin üstü hələ də tam və qəsdən açılmayan Afiyəddin Cəlilov və Şəmsi Rəhimov həyatda deyil) Azərbaycanın hazırkı və gələcək nəsillərinə ölkənin gerçək tarixini çatdırmaq, saxta yazılan tarixləri zibil qutusuna atdırmaq, Azərbaycanda  dünyəvi, çağdaş, demokratik bir hüquqi dövlət qurulmasını, hiylədən, fırıldaqdan, rüşvət və xəyanətdən uzaq, keçmişinə inanan və keçmişinə rəhmət oxuyan, gələcəyinə iddialı bir toplum istəyirlərsə, yaşadıqları və şahid olduqları olayları  keçmiş sovet dünyasına örnək olacaq şəkildə və türk dünyasına xidmət edəcək səviyyədə yazsınlar, qorxadan söyləsinlər, yayımlasınlar. Eynən Rəhim Qazıyevin bizə anlatdıqları kimi…

Əvvəli ötən sayımızda

– Mən də bu söhbətə elə ona görə razılıq verdim ki, sizin də fikirləriniz öz əksini tapsın. Çünki bu kitab heç kimin sifarişilə yazılmayıb, Azərbaycan gerçəyini ortaya qoyan və araşdıran bir kitabdır. Azərbaycanın bu günə düşməsinin səbəblərinin aynasıdır bu kitab. Sizin birgə işlədiyiniz adam, Gəncəyə, ora-bura getdiyiniz adam sizi həbs elətdirdi.  Amma mən həmişə düşünürəm ki, bəs rusların sizə münasibəti niyə fərqli idi? Sizi niyə axtarırdılar, maraqlanırdılar?
– Siz bəzi şeyləri bilmirsiniz. Mən nazir təyin olunanda Müdafiə Nazirliyi cəmi 6 ay idi ki, yaranmışdı. Mənim telefonum yox, silahım yox, mərmim yox, nə edə bilərdim? Mənə qədər 3 general nazir olmuşdu və Rusiyaya daşınan hərbi əmlaka sahiblənmək üçün bir addım da atmamışdılar. Rusiya ilə – Qraçovla danışdım, ona üç protokol imzalatdırdım.  Xəzər Dəniz Donanmasının dörddə birini aldıq.

– Bu zaman Əbülfəz bəy hakimiyyətdə idimi? Prezident kim idi?
– Bunlar 16 aprel 1992-ci ildə baş verib.

– Kitabla bağlı başqa iradınız nədən ibarətdir?
– Siz yazmısınız ki, sabiq müdafiə naziri Rəhim Qazıyev, müavini Baba Nəzərli, Talış-Muğan Respublikasını yaratmaq istəyən polkovnik Ələkrəm Hümbətov və başqa bir polkovnik Arif Paşayev Qobustan həbsxanasından qaçırılıb…

– Bəli elə yazmışam…
– Birincisi, bu qaçırılma Qobustanda olmayıb, Bakının göbəyində, Şəhidlər Xiyabanının önündə MTN-in 6-cı mərtəbəsindəki təcridxanasından olub.

– Sizin media bunu yazıb…
– Bu, bizi öldürmək üçün bir plan idi. Bizi Allah istədi, Nəriman Imranov və Heydər Əliyev bu məqsədinə nail olmadı. Mən sağ qaldım.

– Hamı sağ qaldı…
– Bəli. Bu qaçırılma ona görə lazım idi ki, məhkəmə başlayırdı və Əliyev mənə ölüm hökmü çıxara bilmirdi. Biz bir gündən sonra Arif Paşayevlə birlikdə bəyanat yazdıq, Ali Sovetə göndərdik ki, təhlükəsizliyimizə təminat verin, gələk həqiqətləri danışaq.

– Bu bəyanatı yazanda Siz harada idiniz?
– Bakıda, Maştağa gölünün yanında. Sonra Arif Paşayev məndən ayrıldı. Mən orada qaldım. Sayın Turqut bəy, hər hansı agenti, öna qulluq eləyən birisini həmin dövlət (Rusiyanı nəzərdə tutur-red.) qoluna qandal vurub geri təhvil verərdimi?

– Bilirsinizmi, bu, dövlətlər arasında baş verə biləcək hallardır. Hər şey mümkündür. Rusiyanı idarə edənlərlə Əliyev hər şey edə bilərdi…
– 1993-cü ilin iyununda Heydər Əliyev mənə hərbi sənaye kompleksinin rəhbəri olmağı təklif etdi. Parlamentin canlı yayımında… Mən Elçibəyin komandasından yeganə adam idim ki, mənə bu vəzifə təklif edilirdi.

– Niyə?
– Heydər Əliyev kimi, yerin altını-üstünü bilən bir adam bilmirdi ki, Şuşanı kim verib, mənə vəzifə təklif  edirdi? Mən onda indiki quldurlar kimi, ona təzim etsəydim, indi nə Şuşa satılmışdı, nə Laçın.

– Kim verib Şuşanı?
– Altı rayonu kim veribsə, elə o…

– Heydər Əliyevmi?
– Əlbəttə… Bəs kim verdi?

– Sizcə, Bişkekdə Rəsul Quliyev protokolu imzalamasaydı, proses necə olacaqdı?
– Azərbaycan xalqı qəti şəkildə torpaqları geri qaytarardı. Mən Rəsul Quliyev deyiləm ki…

– Amma onunla birlikdə işləmisiz…
– Mən başqa şey deyirəm. Heydər Əliyev Naxçıvanda Ermənistanla saziş imzaladı və 400 kilometrlik cəbhə genişliyindən ermənilər ordunu çəkib Qarabağa hücum elədi.

– Amma siz onunla Gəncəyə getdiniz?
– Mən onu ilk dəfə parlamentdə gördüm. O vaxta qədər heç rastlaşmamışdıq. Dedim ki, Heydər Əliyev, siz neynirsiz, orada qan tökülüb, hər iki tərəfdən ölənlər bizimdir. O da ayıq düşdü bu durumdan. Amma mən sonra bildim ki, Primakovun yaxın adamı Yakov Gəncəbasara gəlib, Heydər Əliyev də gizli şəkildə oraya gəlib. Onlar orada iyun qiyamının taleyini müzakirə ediblər. Amma mənim bunlardan xəbərim yox idi. Mən həmin dövrdə onunla getdim, Surətlə oturub danışdılar. Mən günahımı etiraf etməyi bacaran adamam. Onu tanımadığım üçün bu addımları atmışam və səhv eləmişəm. Mən bilmədim ki, Heydər Əliyev Azərbaycan xalqının qəddar düşmənidir.

– Siz Surət Hüseynovun kim olduğunu bilirdiniz. Bunu bilə-bilə necə oldu ki, onunla birlikdə oldunuz?
– Siz maraqlanın görək kimin göstərişilə Elçibəy Surət Hüseynova iki vəzifə verdi? Arif Hacılı və Pənah Hüseynovun təqdimatı ilə…

– Niyə mane olmadınız o quldura vəzifə veriləndə?
– O, quldur deyildi, onun pulu vardı, silah-sursat alırdı bizə. Onu vəzifəyə gətirdilər ki, mənə qarşı olsun, mənə mane olsun. Amma bu, belə olmadı, Arif Hacılı və Pənah Hüseyn çaşdı. Ona görə də Surətlə ziddiyyətə getdilər və sonu belə oldu.
Türkiyənin Cümhuriyyət bayramında iştirak etmək üçün  Elçibəyi aeroportdan yola saldıq. Sonra Surət təklif elədi ki, oturaq bir söhbət edək. Biz də razılaşdıq. Isa Qəmbər, Etibar Məmmədov, Şadman Hüseynov, Pənah Hüseynov, Isgəndər  Həmidov, mən, bir də Surət – oturduq. Orada Surət Hüseynov  təklif elədi ki, gəlin, Elçibəyin ətrafında birləşək, Qarabağ məsələsini həll edək, Etibarı da baş nazir təyin edək. Mən də gedəcəyəm biznesimlə məşğul olmağa. Pənah Hüseynlə bir-birinin üzünə baxdılar. Səhəri gün Pənah Hüseyn dedi ki, Əbülfəz bəy onu qəbul eləmir. Mənim də heç nədən xəbərim yox idi. Onlar bu təklifdən narahat oldular və Elçibəylə Surətin görüşünü əngəllədilər. Surətə vəzifə verənlər onun bu təklifindən sonra ona qarşı ədalətsiz davrandılar. Belə olan halda, o, narazı qaldı, Heydər Əliyev də bundan rahatca istifadə etdi.

– Surət Hüseynov və Ələkrəm Hümbətovla “Polkovniklər anlaşması” deyilən ittifaqınız var. Onunla nə işiniz var idi?
– Mən orada cəmi bir neçə dəqiqə oturmuşam. Sonra da getdim, onlar davam etdilər. Amma qiyamdan qabaq AXC hakimiyyətinin yetkililəri Sülhəddin Əkbər, Pənah Hüseyn və digərlərilə bir görüş oldu Gəncədə. Orada Surət dedi ki, məni Elçibəylə görüşdürün, mən ona sözümü deyim, sonra gəlin, hərbi hissəni də təhvil alın. Amma yenə onun təklifinə baxan olmadı. Həmin gün, hətta Isgəndər Həmidovla Surət qohum çıxdılar, qucaqlaşdılar, qurban kəsdilər. Iki gün sonra məlum oldu ki, nə onu Elçibəylə görüşdürüblər, nə də hərbi hissəni təhvil alıblar.