Azərbaycana ən çox pul qazandıran ölkələr

Xaricdən göndərilən pulun yarısı Rusiyadan gəlir

Mərkəzi Bank xarici ölkələrdən Azərbaycana və Azərbaycandan digər ölkələrə göndərilən pul baratlarını araşdıraraq göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin ilk üç rübü ərzində xarici ölkələrdən Azərbaycana 772 milyon dollar pul göndərilib. Ötən ilin eyni dövründə həmin göstərici 682 milyon dollar olub. Deməli, ötən illə müqayisədə Azərbaycandakı insanlara göndərilən pulun həcmi 90 milyon dollar və ya 13 faizdən çox artıb. Bu baxımdan. Rusiyayla bağlı daha bir məqam diqqət çəkir. Belə ki, 2021-ci ildə xarici ölkələrdən Azərbaycana göndərilən vəsaitin 53 faizi tək Rusiyanın payına düşür. Rusiyadan Azərbaycana hər ay rəsmi kanallarla ortalama 45 milyon dollardan çox pul göndərilir.

Azərbaycana göndərilən pulun həcminə görə ikinci və üçüncü yerləri Türkiyə və ABŞ tutur. Türkiyə ötən ilə nəzərən bu il ən çox artım qeydə alınan ölkələrdən biridir. Əgər 2020-ci ilin 9 ayı ərzində Türkiyədən Azərbaycana 56 milyon dollara yaxın pul göndərilmişdisə, bu il həmin göstərici 80 milyon dollar civarındadır. Bu, bir il içində digər ölkələrlə müqayisədə yüksək artım tempidir və 50 faizə yaxın artım deməkdir.

Cədvəl: 2021-ci ilin ilk 9 ayında Azərbaycana ən çox pul göndərən ölkələr

ÖlkəMəbləğ (dollarla)Toplam göndərişlərdə payı
1Rusiya Federasiyası409 milyon 353 min53 faiz
2Türkiyə79 milyon 510 min10.3 faiz
3Amerika Birləşmiş Ştatları46 milyon 932 min6.1 faiz
4Birləşmiş Krallıq25 milyon 670 min3.3 faiz
5Qazaxıstan23 milyon 413 min3 faiz
6Ukrayna20 milyon 517 min2.7 faiz
7Birləşmiş Ərəb Əmirlikləri20 milyon 43 min2.6 faiz
8Almaniya17 milyon 289 min2.2 faiz
9Gürcüstan15 milyon 638 min2 faiz
10Səudiyyə Ərəbistanı8 milyon 783 min1.1 faiz

Azərbaycandan göndərilən pulun yarıya qədəri Türkiyə və Rusiyaya gedir

Azərbaycana göndərilən pullarda olduğu kimi, Azərbaycandan digər ölkələrə göndərilən pulların məbləğinə görə də ilk iki yeri Rusiya və Türkiyə tutur. Amma Azərbaycandan kənara göndərişlərin həcminə görə birinci Rusiya yox, Türkiyədir. Bu il ərzində Azərbaycandan xarici ölkələrə toplam 402 milyon dollar göndərilib. Bu, ötən illə müqayisədə cəmi 20 milyon manat artım deməkdir. Həmin 402 milyon dolların 193 milyon dolları Türkiyə və Rusiyanın payına düşür.

Bu ilin ilk üç rübü ərzində pulköçürmə sistemləri ilə Azərbaycandan xaricə göndərilən pulların 26.8 faizi Türkiyəyə gedib. Növbəti yerləri Rusiya (21.2 faiz) və Gürcüstan (15.2 faiz) tutur.

Cədvəl: 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan ən çox pul göndərilən ölkələr

ÖlkəMəbləğ (dollarla)Ümumi göndərişlərdə payı
1Türkiyə107 milyon 624 min26.8 faiz
2Rusiya Federasiyası85 milyon 462 min21.2 faiz
3Gürcüstan61 milyon 57 min15.2 faiz
4Amerika Birləşmiş Ştatları30 milyon 182 min7.5 faiz
5Ukrayna18 milyon 293 min4.5 faiz
6Almaniya16 milyon 517 min4.1 faiz
7Birləşmiş Krallıq14 milyon 993 min3.7 faiz
8Koreya Respublikası6 milyon 22 min1.5 faiz
9Kanada4 milyon 722 min1.2 faiz
10Çin3 milyon 522 min0.9 faiz

Tədiyə balansı ilə bağlı göstəricilərdən aydın olur ki, bu ilin ilk 9 ayı ərzində ilkin gəlirlər balansının kəsir hissəsində artım qeydə alınıb. İlkin gəlirlər balansının kəsiri 800 milyon dollardan 1 milyard 65 milyon dollara yüksəlib. Bunun əsas səbəbi xarici neft-qaz şirkətlərinin ölkədən repatriasiya etdiyi vəsaitin artmasıdır. Həmin şirkətlər ötən il ölkədən 1 milyard 473 milyon dollar çıxarmışdısa, bu il həmin göstərici 1 milyard 927 milyon dollar olub. Düzdür, Azərbaycan rezidentlərinin xaricdən əldə etdiyi faiz və mənfəətin də həcmi artıb. Əgər ötən il Azərbaycana bu biçimdə 1 milyard 163 milyon dollar daxil olmuşdusa, bu il həmin göstərici 1 milyard 315 milyon dollar olub. Azərbaycana daxil olan belə vəsaitlərin əsas hissəsi birbaşa investisiyalardan və qiymətli kağızlar portfelindən gəlirlərdir. Bu vəsaitin də əsas hissəsi SOCAR və Dövlət Neft Fondu vasitəsi ilə ölkəyə gəlib.

Azərbaycana ən çox Böyük Britaniya investisiya yatırıb

Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına xaricdən birbaşa 3 milyard 665 milyon dollar investisiya cəlb edilib. Bu, ötən illə müqayisədə 274 milyon dollar daha çoxdur. Azərbaycana ən çox investisiya yatıran ölkə, hər zaman olduğu kimi, Böyük Britaniyadır. 2021-ci ildə Azərbaycana yatırılan xarici investisiyanın üçdə birindən də çox bölümü təkcə Böyük Britaniyanın payına düşüb (33.7 faiz). Türkiyə (14.5 faiz) və Amerika Birləşmiş Ştatları da (11.2 faiz) Azərbaycana yatırılan investisiyanın həcminə görə seçilir.

Cədvəl: 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycana ən çox investisiya yatıran ölkələr

Ölkəİnvestisiya (dollarla)Toplam yatırımda payı
1Birləşmiş Krallıq1 milyard 235 milyon33.7
2Türkiyə530 milyon14.5
3Amerika Birləşmiş Ştatları411 milyon11.2
4Malayziya325 milyon8.9
5Kipr231 milyon6.3
6Yaponiya216 milyon5.9
7İran İslam Respublikası209 milyon5.7
8Norveç122 milyon3.3
9Gürcüstan74 milyon2.0
10Birləşmiş Ərəb Əmirlikləri48 milyon1.3

Maraqlıdır ki, Azərbaycanın da ən çox investisiya yatırdığı ölkə elə Britaniyadır. 2021-ci ilin 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb. Həmin vəsaitin beşdə biri, yəni 107 milyon dolları Böyük Britaniyaya gedib. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni indiki göstəricidən 376 milyon dollar daha çox olub. Ötən illə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalarsa 30 milyon dollara yaxın artıb.

Cədvəl: 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycandan ən çox investisiya yatırılan ölkələr

Ölkəİnvestisiya (dollarla)Toplam yatırımda payı
1Birləşmiş Krallıq107 milyon21.3 faiz
2Türkiyə82 milyon16.4 faiz
3Gürcüstan57.6 milyon11.5 faiz
4Amerika Birləşmiş Ştatları57.2 milyon11.4 faiz
5Malta46 milyon9.1 faiz
6Monteneqro21 milyon4.1 faiz
7Rusiya Federasiyası12 milyon2.3 faiz
8Almaniya10 milyon2.1 faiz
9İsveçrə9 milyon1.9 faiz
10Niderland8 milyon1.6 faiz

Azadlıq radiosu