Eynulla Fətullayev sui-qəsd xəbərini araşdırmağa başladı

Bəhlul Muradov hüquq müdafiəçisi ilə görüşündə nələr deyib?

Hüquq müdafiəçisi Eynulla Fətullayev AXCP sədri Əli Kərimliyə qarşı sui-qəsd planı ilə bağlı KİV-ə məktub ünvanlamış Bəhlul Muradov, həmçinin həmin məktubda adı keçən, AXCP sədrinin sabiq müşaviri, hazırda 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan Ramiz Tağıyevlə görüşüb. Qeyd edək ki, B.Muradov sonradan belə bir məktub yazdığını inkar etmiş, eyni zamanda onun saxlanıldığı 7 saylı cəzaçəkmə müəssisəsində “karsa” salındığı ilə bağlı xəbərlər yayılmışdı.

Bəhlul Muradov kimdir?

E.Fətullyevin adıçəkilən şəxslərlə görüşünün məqsədi də bütün bunları araşdırmaq olub: “Bəhlul Muradovun məktubdan imtina etdikdən sonra yarana biləcək hər hansı situasiyanı, həmçinin məktub məsələsindən sonra Ramiz Tağıyevin qəflətən 7 saylı kalondan 12 saylıya köçürülməsini araşdırmaq üçün Penitensiar Xidmətə müraciət etdim. Onlar da mənə görüş üçün şərait yaratdılar”.  
E.Fətullayevin sözlərinə görə, AXCP sədrinə qarşı 2005-ci ildə sui-qəsdin təşkil olunduğunu iddia edən Bəhlul Muradov məlum məktubu yazdığını inkar edib: “Dedim, axı necə ola bilər ki, məktubdakı xətt sənindir. O bildirdi ki, mən bu məktubu yazmamışam. Amma söhbət əsnasında çox maraqlı bir məqam ortaya çıxdı. Məlum oldu ki, 2000, 2002, 2004 və 2009-cu illərdə müxtəlif cinayətlərə görə məhkum edilmiş Bəhlul Muradov nəql etdiyi hadisə zamanı, yəni 2005-ci ildə, eləcə də 2006-cı ilin noyabrın 12-nə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib. 12 noyabr 2006-cı ildə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilib. 7 saylı cəzaçəkmə müəssisəsində isə 4 ildən artıqdır cəza çəkir.
Mən bu faktla bağlı Daxili İşlər Hazirliyinin demoqrafiq məlumatlar şöbəsinə də müraciət etdim. Oradan gələn cavabda göstərilir ki, Bəhlul Muradov 1979-cu il martın 29-da  Ermənistanda anadan olub. Azərbaycan vətəndaşıdır, ali təhsillidir, ailəlidir, üç övladı var. “Hünər” Mühafizə Məktəbinin prezidenti olub. Dörd dəfə məhkum olunub.  
Bu məlumatlarda da onun 2004-dən 2006-ya qədər – yəni məlum hadisələrin baş verdiyi vaxt həbsdə olduğu göstərilir. Həqiqətən də qaydasız döyüş üzrə dünya çempionudur. Mən ona sual verdim ki, onun məktubunda nəql edilən hadisələr 2005-ci ilin yayına təsadüf edir. Gördüm ki, qarışıq fikirlər səsləndirir. Gah dedi ki, hökmdə səhv yazılıb, mən 2005-ci ildə azadlıqda olmuşam. Sonra dedi ki, bunun mənə aidiyyəti yoxdur, Ramiz müəllimdən soruşun”.

Ramiz Tağıyev sui-qəsdin olduğuna israr edir

R.Tağıyevə gəlincə, E.Fətullayev bildirir ki, o, məlum məktub mediada dərc edildikdən sonra 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb: “Bu addım müəssisə rəhbərliyi tərəfindən məktubdan imtina etmiş şəxslə Ramiz Tağıyev arasında yarana biləcək hər hansı qarşıdurmanın qarşısını almaq məqsədilə olduğu bildirildi. Ramiz Tağıyev isə öz növbəsində 12 saylı müəssisəyə çıxmaqdan imtina edir və hazırda həmin müəssisənin cərimə təcridxanasının kamerasında saxlanılır. Ramiz Tağıyevin sözlərinə görə, ona qarşı heç bir zorakılıq olmayıb, cəza çəkdiyi 7 saylı və köçürüldüyü 12 saylı müəssisələrin rəhbərliyindən şikayəti yoxdur”.
Lakin, B.Muradovdan fərqli olaraq R.Tağıyev Əli Kərimliyə qarşı sui-qəsd planının olduğunu israr etməkdə davam edir: “Ramiz Tağıyev deyir ki, o sui-qəsd olub. Bəhlul Muradovun həbsdə ola-ola hansısa planda necə iştirak etməsi barəsində suala cavab olaraq Ramiz Tağıyev məhz Bəhlula sualla müraciət etməyə tövsiyyə etdi. Məndə belə qənaət yarandı ki, bu məlumatın mənbəyi Ramiz Tağıyevdir. Bəhlul Muradova dedim ki, biz təkik, mənə həqiqəti söylə. Dedim bəlkə sənə təyziq ediblər, döyüblər. O yenə bildirdi ki, bu məktubu yazmayıb. Amma mən onu da istisna etmirəm ki, o mənə həqiqəti söyləmədi. Bəlkə də yalan deyirdi”.
E.Fətullayev görüş zamanı B.Muradovun “karsa” salınması məsələsinə də aydınlıq gətirməyə çalışıb: “Bunun səbəbini cəzaçəkmə müəssisəsinin rəhbərindən soruşanda dedi ki, həmin gün o barakdan beş nəfər “karsa” salınıb. Bunun da səbəbi onların “razvodda” iştirak etməməsi olub”.
Maraqlı məqamlardan biri də B.Muradovun iflic olması ilə bağlı yayılan məlumat idi. Qeyd edək ki, bu məlumatı adı məlum sui-qəsdin sifarişçisi qismində hallandırılan Təhmasib Hovruzov “Azadlıq”a açıqlamasında demişdi. T.Hovruzov bildirmişdi ki, Bəhlul Muradovun xanımı ona həyat yoldaşının iflic olduğunu və belə bir məktub yaza bilməyəcəyini deyib. E.Fətullayev isə B.Muradovda iflic əlamətləri görmədiyini deyir: “Səhhəti ilə bağlı sual verəndə də, mənə heç bir şikayət etmədi”.
Sonda hüquq müdafiəçisi məsələyə bununla nöqtə qoymadığını və araşdırmalarını davam etdirəcəyini bildirib: “Bu, son deyil. Hətta deyərdim ki, bir başlanğıcdır”.