Ziyalılar Forumu seçkidə namizəd göstərmək fikrində deyil

Müxalifət düşərgənin vahid namizəd məsələsində nümayiş etdirdiyi fikir ayrılığı seçkilərə doğru getdikcə siyasi prosseslərin daha da kəskinləşəcəyindən xəbər verir. Ziyalar Forumunun üzvü, professor Cəmil Həsənli son günlər müxalifət düşərgəsində baş verən prosseslərlə bağlı Modern.az-a açıqlama verib. O, təmsil etdiyi Ziyalılar Forumu adında hələlik bu prosseslərə seyrçi gözü ilə baxdıqlarını bildirib. C.Həsənlinin sözlərinə görə, forum hadisələrin gedişatını mütəmadi izləyir.

“Mən, ümumiyyətlə bu prosseləri müşahidə edirəm. Ona görə də, hələ ki bir söz demək istəməzdim. Sadəcə olaraq, görək bu məsələlər hansı istiqamətə gedəcək, nələr baş verəcək?  Ondan sonra biz də öz fikrimizi bildirəcəyik”, – deyə professor saytımıza bildirib.

C.Həsənli həmçinin Ziyalılar Forumunun 2013-cü il prezidenti seçkilərində vahid namizədi dəstəkləyəcəyi, eləcə də politoloq Eldar Namazovun ölkə ziyalları adından seçkilərə qatılacağı ilə bağlı ara-sıra mətbuatda yayılan məlumatlara da münasibət bildirib.

“Ziyalılar Forumu bir qurum olaraq prezident seçkilərində namizəd göstərmək fikrində deyil. Ona görə də vahid və yaxud da çoxtərəfli namizəd məsələsini biz hələ müzakirə etməmişik. Eldar Namazovun namizəd olacağı haqda da bir məsələ yoxdur. Nə də bu istiqamətdə biz müzakirələrə başlamışıq”.