Həkim Saleh Rüstəmli ilə bağlı həyəcan təbili çalır


Saleh Rüstəmlinin səhhəti ilə bağlı narahatçılıq artıq beynəlxalq qurumların diqqətinə yetişib.
Ölkə ictimaiyyətinin genişmiqyaslı tələbləri, AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinin ardınca ABŞ Dövlət Departamentinin də Saleh bəyə azadlıq çağırışları göstərir ki, problem həllini gözləməkdədir.
Diqqətinizə çatdırım ki, həyati funksiyaları təmin etmək üçün lazım olan maddələrin orqanizmə yetərincə daxil olmamasına aclıq deyilir. Lakin su qəbulu ilə gedən tam qida aclığı orqanizmi daha ekstremal vəziyyətə salır. Bu zaman, qida defisiti, ilk növbədə, orqanizmin depolarında toplanmış piy resurslarının sərf edilməsi ilə kompensə edilir. Belə ki, piy toxuması orqanizmə lazım olan zülalların və energetik materialların sintezi üçün səfərbər olunur, orqanizm tədricən çəki itirməyə başlayır. Bu proses ardıcıl olaraq davam etdikcə, həyati vacib orqanlarda, o cümlədən beyin, ürək, qara ciyər, böyrəklərdə distrofik, geridönməz proseslər inkişaf edir. Aclıq somatik (cismani) dəyişikliklər yaratmaqla yanaşı, insan psixikasına və davranışına da ciddi təsir edir. Hissiyyat kütləşir, yaddaş və koqnitiv (əqli) funksiyalar zəifləyir, hallüsinasiyalar və apatiyalar baş verə bilər. Çəki balansı orqanizmdə həyati funksiyaları təmin etmək imkanında olmadıqda (kaxeksiya, üzülmə) isə ölüm baş verir.
Saleh Rüstəmli 36-cı cündür aclıq edir. Bu absolyut (tam) aclıqdır, etiraz suisididir. Düzdür, ona bir müddət əvvəl parenteral (həzm traktı xaric, bu halda venadaxili infuziya şəklində) dəstək müalicəsi başlanılıb. Mən onunla Penitensiar sistemin Müalicə müəssisəsində görüşdükdən sonra onun səhhətinə nəzarət edən həkim həmkarlarımla birgə dəstək müalicə planına yenidən baxdıq və onu korrektə etdik. Lakin bir şeyi unutmaq olmaz ki, alimentar (ağızdan) qidalanmanı heç nə əvəz eəd bilməz. Parenteral dəstəklə gedən aclıq isə ən yaxşı halda nisbi aclıq kimi dəyərləndirilə bilər. Unutmaq olmaz ki, yaş, yanaşı xəstəliklər, stress fonunda aparılan parenteral dəstək müvəqqəti xarakter daşıyır. Hər an fatal ağırlaşmalar baş verə bilər.
Aclıq orqanizmə somatik (cismani) təsirlə yanaşı, insanın psixikasına və davranışına da ciddi təsir edir. Hissiyyat kütləşir, yaddaş və koqnitiv (əqli) funksiyalar zəifləyir, hallüsinasiyalar və apatiyalar baş verə bilər.
Saleh Rüstəmlinin bir müddət öncə CoVID-19 xəstəliyi keçirməsi də nəzərdən qaçırılmamalıdır. İmmun sistemin məlum xəstəliklə çarpışmada son dərəcə ciddi təlatümlərlə üzləşməsi v’ post COVID sindrom davam edən aclıq fonunda əlavə təhlükə yaradır. İstənilən an interkurrent xəstəlik (təsadüfən qoşulan və prosesin gedişini ağırlaşdıran xəstəlik, məs., pnevmoniya) baş berə və proses fatal sonluqla yekunlaşa bilər. Bunu unutmayaq.

Mərhəmət ədalətdən də yüksəkdir!
Dövlətin mərhəmətinə etdiyim ümidlə,
Adil Qeybulla