Kim kimdir: Kimə niyə toxunmurlar? (Üçüncü hissə)
Ötən yazılarımızda olduğu kimi, yenə də hakim ailəyə qohumluq və yaxınlıq əlaqələri ilə bağlı olan və yüksək vəzifəyə sahiblənən məmurlardan söhbət açacağıq. Bu dəfə isə ölkədə gənclər siyasətinin və turizm sektorunun “hakim ailə”yə yaxın olan hansı kadrlar tərəfindən idarə edildiyinə nəzər salacağıq.
Yazımızın ilk qəhrəmanı Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçilərindən biri – Yusuf Məmmədəliyevdir. Ata soyadı Göyüşov olan (atası Ülfət Göyüşov həyatının son illərində Maliyyə Nazirliyində şöbə müdiri işləyib) Yusuf ana xəttinin soyadı – Məmmədəliyevi daşıyır.
Y. Məmmədəliyevin mərhum dayısı – şərqşünas-alim Vasim Məmmədəliyev və anası – Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın dərin hörmət bəslədiyi şəxslərdir. Onların bu yaxınlığı uzun illər öncəyə – Vasim Məmmədəliyevlə M.Əliyevanın anası, şərqşünas Aida İmanquliyevanın dərin dostluğuna dayanır. Uzun illərin tanışlığı gənc Yusuf Məmmədəliyevi “himayə” altına almağa kifayət edib.
Yusuf ictimai fəaliyyətə 2003-cü ildə Leyla Əliyevanın rəhbərliyində “İlhamla İrəli” kampaniyası ilə başlayıb və həqiqətən də irəli gedə bilib. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə yaxın dostluq münasibətləri olan Yusuf Məmmədəliyev onun rəhbərlik etdiyi bir sıra qurumların işlərini aparır və söz sahibidir.
Belə ki, uzun illərdir Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşkili və aparılması Yusuf Məmmədəliyevin rəhbərliyi altında baş verib. Kampaniya əsasən hər ilin 26 fevral tarixində “Nyu-York” şəhərinin məşhur “Empire State Building” göydələninin qüllə hissəsinin milyonlar hesabına sadəcə Azərbaycan bayrağı rənglərinə bürünməsi ilə yadda qalırdı.
Bundan başqa, o, Leyla Əliyevanın təsis etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin də icraçı direktorudur. Birinci vitse-prezidentin köməkçisi təyin edilsə də Yusuf Məmmədəliyevlə daha çox Leyla Əliyeva tez-tez rəsmi və qeyri-rəsmi görüşlərdə bir araya gəlirlər.
Y.Məmmədəliyev 2020-ci ildən həm də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri vəzifəsini icra edir. Onun hazırda bu vəzifədə kurasiya etdiyi və nəzarətdə saxladığı məsələlərdən biri ölkədə fəaliyyət göstərən video-blogerləri (yutuberlər, tik-tokerlər, bir sözlə, sosial platformalarda izləyici kütləsinə sahib olan gənclər) birləşdirən “Cavan” (CVN) ictimai birliyidir. Yüksək maaş qarşılığında “CVN TV” əməkdaşına çevrilməklə ölkənin internet üzərindən populyarlaşan kütləsi də beləcə “əldə saxlanılır”. Məşhur “Belə belə işlər” layihəsi də “Cavan TV”nin layihələrindən biridir.
Onu da qeyd edək ki, Yusuf Məmmədəliyev sabiq Baş nazir Novruz Məmmədovun qızı Leyla ilə evli olub, 2019-cu ildə cütlük rəsmən boşanıb.
Digər qəhrəmanımız 2018-ci ildə Azərbaycanda turizmlə bağlı yaradılmış ayrıca quruma – Dövlət Turizm Agentliyinə sədr təyin edilmiş Fuad Nağıyevdir. Fuad Nağıyevin mediada yer alan tərcümeyi-halında onun təhsili və iş təcrübəsi haqqında ətraflı məlumat verilərkən məlum oldu ki, yeni qurumun rəhbəri turizmdən daha çox hüquq sahəsi üzrə ixtisaslaşıb. Yeni vəzifəsinə təyin olunanadək 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib, 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb, 2017-ci ildən vəzifəyə təyin olunanadək isə Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. Bəs postneft dövrü üçün hədəflərdən biri kimi qiymətləndirilən turizm sektoruna hüquqi bilikləri zəngin bir şəxsin təyin olunması nədən irəli gəlib? Turizm haqqında fikirlərini Azərbaycan dilində səlis bir şəkildə ifadə edə bilməyi bacarmayan biri ölkənin turizm agentliyinə necə təyin olundu? Məsələ burasındadır ki, Fuad Nağıyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın yaxın rəfiqəsinin kürəkənidir. Onun həyat yoldaşı Nərminə Sadıqova ilə həm Nərgiz Paşayevanın qızlarını, həm də Leyla və Arzu Əliyevaları uzun illərin dostluğu bağlayır. Bu isə Fuad Nağıyevi yeni təsis edilmiş quruma rəhbər təyin etmək üçün kifayətdir: Savadlıdır, rus və ingilis dillərində sərbəst danışır, ən əsası isə “özümüzünküdür”.
“Paşayevlər”in digər “məmur kürəkəni” hazırda Xətai rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışan Anar Səmədovdur. Onun adı mətbuatda cəmi bircə dəfə hallanıb: xəbərdə Xətai rayonu icra başçısının yeni təyin olunmuş 33 yaşlı birinci müavinin kimliyi sorğu-sual edilir, gənc müavinin tərcümeyi-halı qeyd edilirdi. Diqqətlə incələdikdə isə 2011-ci ildən Bakı şəhər İcra Hakimiyyətində iş həyatına başlayan 24 yaşlı gəncin bir müddət sonra Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində şöbə müdiri, 2018-2020-ci illərdə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsinədək yüksəldiyini görmək olar. Maraqlıdır, gənc yaşda belə mühüm strukturlarda və vəzifələrdə işləmək Anar Səmədovun bacarığının göstəricisidirmi?
Anar Səmədov birinci xanım Mehriban Əliyevanın bibisi nəvəsi ilə ailə quraraq həyatının “yaşıl kart”ını qazanıb. Bir neçə il öncə Bakının “Hilton” otelində baş tutan dəbdəbəli toy mərasimində Paşayev soyadına yaxından və uzaqdan əlaqələri olan bütün qohumlar iştirak ediblər. “Təzə bəy”ə toydan bir müddət sonra gözqamaşdıran karyera planı qurulub. A. Səmədovun anası Venera Əsgərova isə Azərbaycan Texniki Universitetinin müəllimliyindən biznes-lediyə çevrilib. Belə ki, o, Bakının məşhur məkanlarından biri olan “Namlı Kebap” restoranının sahibəsidir.
“Paşayevlər”in ən məşhur və sevimli kürəkəni isə Anar Rəhmanovdur. Bir zamanlar Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudova ilə evli olan Anar Rəhmanov 2007-ci ildən “PAŞA Travel” şirkətində baş direktor vəzifəsini icra edir. Bir neçə il əvvəl Ü.Mahmudova ilə rəsmi olaraq boşansalar da Anar Rəhmanov “hakim ailə”nin rəğbəti sayəsində işlərinə davam edir. Belə ki, o, İlham Əliyevin bütün rəsmi xarici səfərlərində prezidenti və ailəsini müşayiət edir, onların etibarlı “ailə bələdçiləri” rolunu məharətlə icra edir.
A.Rəhmanovun qohumluq əlaqələrindən ən çox yararlanan isə onun dayısı Hadı Rəcəbli olub. Milli Məclisin sabiq deputatının mediada dərc edilən biznes və mülklərinin siyahıları, cəmiyyətdə narazılıqla qarşılanan açıqlamaları belə görməzdən gəlinib, ona “gözün üstə qaşın var” deyən olmayıb.
“Əliyev-Paşayev” klanına yaxınlığı sayəsində yüksək zirvələrə çatan daha kimlər var? “Yuxarılar”ın himayəsi ilə vəzifə sahibi olanlar haqda araşdırmalarımız davam edir…
Akif