Hüquq müdafiəçisi Fuad Əhmədli müsahibəsində Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının hazırkı durumu, o cümlədən ABŞ-da keçirilən demokratiya sammitinə ölkənin dəvət olunmamasının səbəblərindən danışıb.
Söhbətimiz Beynəlxalq insan hüquqları günü ərəfəsində baş tutur. Azərbaycanda vətəndaş hüquq və azadlıqları necə qorunur? İnsanlar daha çox hansı problemlərlə üzləşir?
İnsan hüquqları və azadlıqları çoxşaxəli bir müzakirə mövzusu olsa da, biz bu gün Azərbaycanda bütün sahələr üzrə problemləri, sıxıntıları görürük. Belə ki, istər vətəndaşın fundamental hüquqları olan əmək, təhsil, istər siyasi hüquq və azadlıqların Azərbaycanda sərt şəkildə pozulmasının – illər boyunca bunun statistikasının daha da genişlənməsinin şahidi oluruq. Belə ki, son günlərə baş verənlər, repressiv hakimiyyətin addımları və polis idarələrində, cəzaçəkmə müəssisələrində saxlanma yerlərindəki polis məmurlarının vətəndaşa olan münasibəti və digər qanunsuz həbslər və sairə isbat edir ki, Azərbaycanda bu sahədə hər hansı bir gözlənti yaratmaq, bu gün üçün, hələ çox tezdir.
Sərbəst toplaşmaq azadlığı tarix boyu insan hüquqları uğrunda mübarizənin əsasını təşkil edib və ayrı-ayrı cəmiyyətlərdə demokratiyanın mühüm göstəricisi kimi dəyərləndirilib. Bəs Azərbaycanda vəziyyət necədir ?
İstənilən dövlətin idarəçiliyində vacib faktor insan hüquq və azadlıqları olduğu kimi, insan hüquq və azadlıqlarından da ən fundamentalı sərbəst toplaşmaq azadlığıdır. Çünki sərbəst toplaşmaq azadlığı birbaşa vətəndaş ifadəçiliyidir. Vətəndaşın özünü dövlətinə, belə deyək, onu idarə edən strukturlara ifadə etmə qabiliyyətidir. Çox təəssüflər olsun ki, bu sahədə də Azərbaycanda ildən ilə geriləmələr müşahidə edirik. Hansı formada geriləmələr? Deyək ki, bir aksiyada əgər polis zorakılığı, hər hansı qəddar münasibət göstərilmirsə, sadəcə olaraq vətəndaşlar qanunsuz olaraq saxlanılaraq bir neçə saatdan sonra azadlığa buraxılırsa gələn aksiyada artıq biz insanların polis idarəsində saxlanılmasını deyil, Bakı ətrafı çox uzaq çöllük yerlərdə aparlaraq aksiya iştirakçılarının düşürdülməsi və orada həyatlarının təhlükəyə atılmasını müşahidə edirik. Digər bir aksiyada insanların həminki əraziyə aparılarkən yolda döyülməsinin, onlara işgəncə verilməsinin şahidi oluruq. Misal olaraq 1 dekabr aksiyasında Müsavat partiyasının üzvü, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun başına gətirilənlər. Bundan əlavə insanlar əvvəlki aksiyalarda, deyək ki, saxlanılaraq polis maşınına qədər müşayət olunurdusa, artıq biz insanların son aksiyada qolunun burulmasının və kənardan da yüksək rütbəli məmur tərəfindən “sındır, qolunu bur, belini əy kimi “əmrləri eşidirik. Məsələn AXCP fəalı Paşa Dadaşzadənin, Müdafiə Xətti Təşkilatının həmtəsisçisi Zəfər Əhmədovun başına gələnləri göstərə bilərik. AXCP rəyasət heyətinin üzvü Babək Həsənovun, Saqif Qurbanovun başına gələnləri göstərə bilərik. Bu da birbaşa onu göstərir ki, bu əslində hansısa siyasi partiya, vətəndaş cəmiyyətinə və ya hər hansı bir media qurumuna olan təzyiq deyil. Bu, sanki Azərbaycan cəmiyyətinə olan bir hiddətdir. Bu hiddətin səbəbi vətəndaşlara, həmçinin də bizə heç zaman anlaşılmasa da, bunun Azərbaycan üçün, gələcək üçün yaxşı nəticələr vermədiyini anlayırıq. Zaman-zaman Azərbaycan hakimiyyətinə bununla bağlı təkliflər də göndərmişik, hüquq-mühafizə orqanlarına bununla bağlı tövsiyələr də eləmişik hüquq müdafiə təşkilatı olaraq. Lakin son nəticədə biz həminki məsələlərdə problemlərin aradan qaldırılmasında təşəbbüsləri, təəssüflər olsun ki, görə bilməmişik.
Sizcə indiyə qədər Azərbaycanda insan hüquqları sahəsində vəziyyət niyə dəyişmir ?
Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin dəyişməsində birbaşa olaraq maraqlı olmalıdır əsas güc sahibi olan Azərbaycan hakimiyyəti. Azərbaycanda mövcud siyasi hakimiyyət. Belə ki, istər siyasi məhbusların azadlığa buraxılması sahəsində irəliləyişlər olsun, istər digər sahələrdə. Başlayaq elə 34 günə yaxındır ki, aclıq aksiyası keçirən AXCP fəalı Saleh Rüstəmovun məsələsindən. Adam sadəcə olaraq hakimiyyət tərəfindən görülən yeganə günahı ayrı-ayrı vaxtlarda siyasi məhbus ailələrinə cüzi miqdarda maddi yardım etməsidir. Bu insan demokratiya, Azərbaycandakı insan hüquqlarına bu formada töhvə verməyi düşünən insan idi. Lakin 34 günə yaxındır ki, ölkənin ayrı-ayrı kəsimlərindən, siyasi mövqeyindən, mənsubiyyətindən aslı olmayaraq hətta hakimiyyət komandasında təmsil olunan insanların belə Azərbaycan prezidentinə kütləvi müraciətinə baxmayaraq, insanın işində heç bir irəliləyiş həyata keçirilmir və ədalətli qərar qəbul olunmasına təşəbbüs göstərilmir. Sanki hakimiyyət sadəcə qorxur ki, hansısa bir açılım Azərbaycan hakimiyyətinin hər hansı itkisi ilə nəticələnə bilər. Amma bu bir an öncə baş verməlidir. Düşünürəm ki, Azərbaycanda insan hüquqularının, fundamental azadlıqların önü açılmalıdır. Hakimiyyət də bundan çəkilməli və kompleks etməməlidir.
Bu günlərdə ABŞ prezidenti Baydenin təşəbbüsü ilə Demokratiya sammiti keçirilib. Azərbaycanın bu tədbirdə yer almaması sizcə hansı səbəblərlə əlaqədardır? Sammitdə qəbul olunacaq qərarların Azərbaycana təsiri necə ola bilər?
Az öncə də qeyd etdiymiz kimi, ABŞ prezidenti Cozef Baydenın təşəbbüsü ilə keçirilən demokratiya sammiti dünyada avtoritarizmin və demokratiyanın sərhədlərini müəyyən edəcək. Ölkələr özləri qərar verməli idi biz avtoritarizmin yanında olmaq istəyirik və yaxud demokratiyanın və insan hüquqlarının. Bu bir başa olaraq Azərbaycanın sammitdə iştirak etməməsi və buna təşəbbüs etməməsi onu göstərir ki, Azərbaycan öz tərəfini bəlli edir. Qəbul edə biləcək hakimiyyət və xalq adına əlverişli ola biləcək qərarlardan qaçmaqdır. Belə ki, Azərbaycan xalqının və Azərbaycan hakimiyyətinin bu gün yekdil mövqedən çıxış etdiyi məsələ Azərbaycanın ərazi bütövlüyü problemidir. Həminki ərazi bütövlüyü ilə bağlı hər hansı bir qərar veriləcəksə, Azərbaycan artıq burada özünümüdafiə imkanından məhrum etdi və Azərbaycanı müsbət qərar almaq imkanından məhrum etdi . Xalq adına verilə biləcək hər hansı demokratiya ilə bağlı, insan hüquqları ilə bağlı qərarlarda da eləcə də Azərbaycanda biz müsbət heç nə gözləyə bilməyəcəyik bu sammitdən. Çünki üç əsas mövzu var, avtoritarizmlə mübarizə, insan hüquqlarının qorunması, korrupsiya ilə mübarizə və hər üç sahə, təəssüflər olsun ki, bu gün ölkədə ciddi formada islahatlara ehtiyac olan sahədir. Bu sahələr üzrə Azərbaycanın orada təmsil olunmaması o deməkdir ki, Azərbaycan təşəbbüskar deyil sadəcə olaraq xarici təcrübəyə əsaslanmağa və yaxud əsaslı islahat aparmağa bu sahə üzrə.
Azərbaycan rəsmilərinin mövqeyi
Öz növbəsində, Azərbaycan hökuməti ölkədə insanları bütün fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Azərbaycan rəsmiləri beynəlxaql təşkiklatların Azərbaycanda avtoritar rejim olmasını qətiyyətlə təkzib edirlər.
Hüquq-mühafizə orqanları işgəncə faktları ilə bağlı yayılan məlumatları qərəzli hesab edir.

Demokratiya Sammiti
ABŞ Prezidenti Co Bayden seçkiqabağı kampaniyasında verdiyi əsas vədini yerinə yetirməyə hazırlaşır. O, Demokratiyaya Dəstək Sammiti keçirir. Bu, 100-dən çox ölkənin qatılacağı ilk sammitdir.

Sammitin məqsədii Demokratiyanı gücləndirmək, avtoritarizmdən müdafiəni, korrupsiya ilə mübarizəni və insan haqlarını təşviq etməkdir. Bayden administrasiyasının bildirdiyinə görə, liderlər bu məqsədlərə uyğun olaraq “daxili islahatlar üçün xüsusi addımlar atmağa və öhdəliklərə” təşviq ediləcək.
İnsan haqları müdafiəçiləri planlaşdırılan tədbirin dəvət edilən bəzi avtoritar meyllərdə ittiham olunan dünya liderlərini təşviq edəcəyinə şübhə ilə yanaşır.
Freedom House-un vitse-prezident Ani Boyacan bildirib ki, əgər sammit növbəti görüşdən daha böyük olsa, o zaman hər bir iştirakçı, o cümlədən ABŞ qarşıdakı illərdə Demokratiya və İnsan Haqları sahəsində ciddi öhdəlikləri yerinə yetirməli olacaq.
Administrasiya nümayəndələri vurğulayırlar ki, dekabr tədbiri demokratiyaya dair daha uzunmüddətli müzakirələrin başlanğıcıdır və ikinci sammitə dəvət almaq üçün ölkələrin vəd etdiyi islahatları həyata keçirməsi zəruri olacaq.
Dekabrın 9-10-da baş tutacaq sammit Baydenin fevralda xarici siyasətlə bağlı ilk çıxışında verdiyi bəyanatın təsdiqidir. O bəyan edib ki, ABŞ Çin və Rusiyanın başçılıq etdiyi avtoritar qüvvələrə qarşı mübarizədə qlobal liderliyə qayıdır.
“Politico”nun dərc etdiyi ilkin siyahı göstərib ki, sammitdə yetkin demokratik ölkələr, məsələn, Fransa və İsveç, Filippin və Polşa liderləri iştirak edəcək.
ABŞ-ın bəzi Asiya müttəfiqləri – Yaponiya və Cənubi Koreya da sammitə dəvət edilib. Tailand və Vyetnam isə dəvət olunmayıb.
Yaxın Şərq kifayət qədər təvazökarlıqla təmsil olunur. Dəvət edilən azsaylı ölkələr arasında İsrail və İraq da var. ABŞ-ın Misir və Türkiyə kimi mühüm müttəfiqləri dəvət almayanlar arasındadır.
Cümə axşamı jurnalistlərə verdiyi brifinqdə yüksək səviyyəli administrasiya rəsmiləri bildirib ki, insan haqlarının pozulmasında repressiv hökumətlər və digər şəxslərin istifadə etdiyi ixrac texnologiyasının məhdudulaşdırmasında birgə çalışmaq öhdəliyini üzərinə götürən ölkələrin siyahısı açıqlanacaq.
Administrasiya “fəaliyyət ili” adlanan müddətdə növbəti məsləhətləşmələr aparılacağını bildirib.
Bayden təqribən bir ildən sonra “qazanılmış tərəqqi haqqında məlumat almaq və qarşıda ortaq yol yaratmaq” üçün şəxsən zirvə toplantısına ev sahibliyi edəcək.
Amerikanın səsi