İrandan Azərbaycana xəbərdarlıq

İran diplomatının bir neçə gün öncə Azərbaycana girişinə qadağa qoyulması bu ölkə rəsmilərinin ciddi narazılığına səbəb olub. Bu ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər ki, Azərbaycan İranla əlaqələrində daha ehtiyatlı olmalıdır. Bu barədə “Fars” Agentliyi xəbər yayıb (Modern.az).

”Qonşu ölkələrin rəsmiləri, xüsusilə Azərbaycan rəsmiləri diqqətli və ayıq hərəkət etməlidirlər” deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst özünün həftəlik mətbuat konfransında bildirib. Mehmanpərəst həmçinin İran və Azərbaycan arasında tarixi, mədəni və dini oxşarlıqların olduğunu qeyd etməyi də unutmayıb. O, Tehranın Azərbaycanla əlaqələri ən yüksək səviyyədə inkişaf etdirməyə can atdığını və iki ölkə arasında bəzi vaxtlar yaradılmış problemlərin siyasi yolla həll ediləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, bir həftə öncə İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşı Astara gömrük məntəqəsində yoxlamadan keçərkən ölkəmizə buraxılmayıb.

İranın Bakıdakı səfirliyindən Modern.az-a bildirlib ki, həmin şəxsin saxlanma səbəbi məlum deyil, hazırda səfirlik Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə bu məsələni araşdırır. Əməkdaşın adına gəlincə, mətbuat xidmətindən bildirilib ki, bu açıqlamaq istəmirlər.