Yetim ölkə

Qənimət Zahid

Yetim ölkədir Azərbaycan və azərbaycanlılar da yetim xalqdır.
Dövləti öz əlində olmayan ölkə yetim ölkədir.
Dövlətinə sahiblik edə bilməyən xalq yetim xalqdır.
Bu yetim millət elə bilir ki, özünü yerin yiyəsi elan edən adamlar dövlət deməkdir.
Bu xalqı anlatmalı olan elita yoxdur, bic elitadır göz önündə olan, saxta elitadır, haram təbəqədir. Ətin kəfi kimi qazanın üzünə çıxmış təbəqədir, qaymaq- filan deyil.
Bir ovuc adam bu yetim milləti sağa da vurar, sola da vurar. Çünki öyrəncəlidir başı qapazlı olmağa. Bir günü tox yola verəndə sevinər, dünyanı da elə bu cür anlayar: bir günü tox, o biri günü sual.
Bir ovuc adamın harınlığından qorunacaq qatı yoxdur. Nə bu millətin, nə də bu dövlətin.
Bir pozitiv xəbər təşnəsidir yetim millət.
Bu xəbər olmayanda da yalanları üyüdüb üzünə təbəssüm taxar. Yalanları üyüdüb təbəssüm düzəldən yaltaqların bic hənirindən də bir şey anlamaz.
Ömrünü onun üçün sərf etmiş bir igid ömünün qalanını da saat-saat onun azadlıq anlayışı üçün qazamatda qurban verər, amma bu ölkənin igidi də milləti kimi yetimdir, yiyəsi olmaz.
Ömrünü bu yetim ölkənin insanlarının azadlıq duyğuları közərsin deyə fəda edər bir igid. Durub maddım-maddım baxarlar. “Görəsən, onun haqqında bir kəlmə ilıq söz desəm məni dilimdən dara çəkərlərmi, çəkməzlərmi” deyən kölə ruhların qaranlıq cəhalətində o gözərən işıq da qətrə- qətrə sozalar- solar.
Yetim millətdir və yetim ölkədir. İşığını qaramatlıqlara qurban verən ölkədir.
İşığını qaranlıqlara təslim edən millətdir.