Londonda Azərbaycan dövləti itirir, Əliyevlər ailəsi qazanır

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Dövlət Neft Fondu (DNF) 2012-ci ilin dekabr ayında London əmlak bazarında 177 milyon 350 min funt sterlinq dəyərində əmlak alıb. London şəhərinin West End səmtində, Sent Ceyms 88 ünvanında yerləşən (nədənsə bütün rəsmi məlumatlarda 78 yazılır) bu əmlakın dəyəri 01 oktyabr 2021-ə olan yenidən qiymətləndirmələrə görə 133 milyon 750 min funt sterlinq təşkil edib. Beləliklə də yalnız bu əmlakın ucuzlaşmasından DNF-nin itkisi 43 milyon 600 min funt sterlinq və ya 100 milyon manat olub. Amma itkilər bununla bitmir. Bu əmlak üzrə DNF bu ilin 9 ayı ərzində 22 milyon 276 min 707 funt sterling və ya 50 milyon manatdan da çox mənfi gəlirliliyə malik olub. DNF bunun səbəbini Londonda yerləşən daşınmaz əmlakın 2018-ci ildə SGC Scaffolding ltd şirkəti tərəfindən başlayan və hal-hazırda da davam edən təmir işləri (diqqət edin, 2018-ci ildən 4 il keçib, təmir hələ də davam edir) və əmlakda icarəçinin olmaması ilə əlaqələndirir. Göründüyü kimi, DNF yalnız Londonda əmlak bazarındakı əməliyyatlardan itkisi 150 milyon manatdan çoxdur.
Halbuki, Əliyevlər ailəsi və onların ortaqlarına məxsus ofşor şirkətlərin adına rəsmiləşdirilmiş London şəhəri, 56-60 Conduit Streetdə yerləşən əmlakın kraliçanın əmlak idarəsinə satışından 30 milyon 956 min funt sterlinq pul qazaniblar. Belə ki, həmin əmlakı 35 milyon 544 min funt sterlinqə alıb, 66,5 milyon funt sterlinqə satıblar. Göründüyü kimi, Londonun əmlak bazarındakı əməliyyatlardan Azərbaycan dövləti itirir, Əliyevlər ailəsi qazanır.
P.S. DNF saytında yerləşdirilmiş bu əmlak əslində Cersi adasinda (Jersey island) yerlesen Cerep 88 St Jame’s Street Limited sirketinə məxsusdur. Araşdırmalarımız davam edir, maraqlı və müəmmalı nəticələrə gəlib çıxırıq. Görünür ki, ofşor zonasında yaradılmış bu şirkət DNF-yə məxsusdur. Əlavə məlumatlarla bütün məsələləri dərindən və hərtərəfli aydınlaşdıracagıq.