Bizdə taleyüklü məsələlərdən danışmağa cəsarəti çatmayanlar həmişə sonuncu dərəcəli məsələlərin arxasında gizlənirlər, nədənsə danışmalı və varlıqlarını göstərməlidirlər. Indi belələrindən biri ortaya bir daş atıb, səhifələrini həqiqətin, reallığın üzünə bağlamış qəzetlərin, saytların da əlinə fürsət keçib, həmin daşı oxucunun başına vurmaqla məşğuldurlar. Nə imiş – Rafaellə Coşqun niyə qadın paltarı geyirmişlər, necə deyərlər, “dərxal xəbs edilsinlər”.
Azərbaycanda respublikanın əyninə monarxiya libası geyindiriləndə susanlar, dilini dinməz yerinə qoyanlar, vicdanları sızlamayanlar, bu rəzalətə dur demək əxlaqı və cəsarəti olmayanlar indi kişi aktyorun qadın paltarı geyinməsinə görə yeri-göyü inlədirlər. Ən dəhşətlisi odur ki, bu söhbəti ortaya atanın özü deputat kimi geyinir, döşündə də deputat nişanı-zad, amma öz geyindiyinin içində deputat yoxdur, onu Milli Məclisə təyin ediblər.
Bax, biz belə arsızlıqlarla, həyasızlıqlarla qarşı-qarşıyayıq, adam bəzən deməyə söz də tapmır.
Keçənlərdə YAP Asiyadan yığıb gətirdiyi özünəbənzər partiyaların hansısa tədbirini keçirirdi, orada Ermənistandan da bir partiya sədri gəlmişdi. Meydan oxuyub getdi. Sözüm onda deyil. Siz heç düşündünüzümü həmin günlərdə QAT sədri Akif Nağı harada idi? Müsavatın hansısa xarici ölkədə ermənilərlə eyni tədbirdə təmsil olunmasına görə ölkəni dağıdan, dişinin dibindən çıxanı deyən, Isa Qəmbəri yaş yuyub quru sərən Akif Nağının o söylədiklərinin mində birini də YAP sədrinə ünvanladığını eşitdinizmi?
Insanları qoyun yerinə qoymaq olmaz. Heç kim çörəyi qulağına yemir. Artıq taleyüklü məsələlərdə susaraq sonuncu dərəcəli məsələlərlə baş girləmək, rejimin çirkinlikləri, iyrənclikləri qarşısında təpkisiz qalıb sıra tənqidçi düşərgəyə gələndə şirə-pələngə dönmək dövrü arxada qalıb. Artıq adamlar belə riyakarlıqlara, ikiüzlülüklərə gülüb keçirlər.
Toplumda məhz əsas həqiqətləri eşitmək ehtiyacı artıb. Siz indi evində aylarla dolma bişməyən adamları “dolma kimindir” mövzusunda polemikalarla yola verə bilməzsiniz. Elə bir vəziyyət yaranıb ki, çoxluq artıq intuitiv yolla başa düşür ki, qeyri-funksional mövzular ətrafında qara-qışqırıqçılıq cəmiyyətin etirazını idarə etməyin bir üsuludur. Məsələn, Rafaellə Coşqunu ictimai qəzəbin ağzına verirlər ki, bununla insanların etiraz ehtirasını söndürsünlər. Etiraz ehtirasını toplumun mənəviyyatının korlanmasında və zorlanmasında həlledici olmayan adamlara və hadisələrə yönəldərək, gerçək suçlulardan diqqəti yayındırsınlar. Onları arxa plana keçirsinlər.
Adamlar yas yerlərində banan verilməsi barədə müzakirələri görürlər, amma görəndə ki, bu müzakirələri açanlar uşaq və ana ölümləri haqqında danışmır, infarktın artıq cavanlaşdığı, 30-35 yaşlı gəncləri belə öldürməyə başladığının səbəblərini sorğulamırlar, o zaman belə müzakirələrə də qeyri-ciddi, ikrah və ironiya ilə yanaşırlar. Toylardakı səs-küyün artıq olmasından gileylənənlər bütünlüklə ölkənin qəbiristan səssizliyinə gömülməsinə təpkisini ortaya qoymurlar, əksinə bunun üçün bir alətə çevrilirlərsə, əlbəttə, belələrinin nə danışmasının da artıq heç bir anlamı, mənası qalmır toplumun gözündə.
Elə bir vəziyyət yaranıb ki, artıq həlledici məsələlərdə etiraz, təpki cəmiyyətdə bir çoxlarını qaranlıq keçmişlərinin məsuliyyətindən də sığortalaya bilir. Rüstəm Ibrahimbəyov nümunəsinə baxın! Dünənəcən o, bu ölkənin insanlarını əsla həyəcanlandırmırdı, əksinə, qıcıqlandırırdı. Amma Azərbaycanı qaranlığa gömən, çağın gerisinə atan, çirkaba boğan bir sistemə açıq, birbaşa etirazı kifayət etdi ki, insanlar bir vaxtlar onun rejim haqqında xoş, tərifli sözlərini unutsunlar, bağışlasınlar.
Bu gün ciddi, həlledici məsələlərdə etiraz artıq qaranlıq keçmişli insanların reabilitasiya vasitəsinə çevrilib. Biz nə qədər adamı görürük ki, əsas həqiqətləri danışmağa başladıqca toplumun gözündə yüksəlir, alqışlanırlar.
Bu sübut edir ki, Azərbaycan cəmiyyətinin ruhu, ovqatı, əhval-ruhiyyəsi irticaya təpkidən, şərə müqavimətdən, oğrulara nifrətdən yanadır. Onu artıq sonuncu dərəcəli məsələlər ətrafında boşboğazlıqlarla aldatmaq mümkün deyil, artıq o özü də ölkədə nə iyrəncliklərin döndüyünün fərqindədir və məhz bu haqda eşitmək istəyir.
Həm də bu istək o qədər güclüdür ki, ən qaranlıq keçmişləri belə, elə keçmişi olanları bağışlaya bilir.

Dolma söhbətlərinin ölməsi
•
•