Saleh Rüstəmlinin həyatı təhlükədə

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Saleh Rüstəmlinin vəkili Bəhruz bəy bu gün çox həyəcanlı açıqlama yayıb. O, qeyd edib ki, Saleh Rüstəmlinin vəziyyəti çox kritikdir, hər an həyatını itirə bilər. Vəkil bildirib ki, Saleh Rüstəmlini müayinə edən həkim orqanizmin tükənmək üzrə olduğu qənaətindədir. O, qeyd edib ki, “Analizlərinin cavabı gəlib. Həkim bildirib ki, orqanizmi artıq tükənmək üzrədir, son həddir. Artıq orqanizmin müəyyən orqanları sıradan çıxmaq üzrədir.” Orqanizm tükənmək üzrədir, amma zülmün, şiddətin sonu görsənmir. Vəkil əlavə edib edib ki, “Rüstəmlinin aclıq aksiyasına rəsmi qurumlardan heç bir reaksiya yoxdur”.

Məlum olduğu kimi Saleh Rüstəmli 2018-ci il mayın 8-də saxta, ssenariləşdirilmiş narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni saxta ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Saxta ittihamla həbslər başa çatdırıldıqdan sonra ittihamın dəyişdiriblər. Burada məqsəd “mütəşəkkil cinayətkar dəstə” görüntüsü yaratmaq olub. Saxta maddə “öz işini” gördükdən sonra Rusiya vətəndaşı olan Saleh bəyi qanunsuz sahibkarlıqla məşğul olma və çirkli pulların yuyulmasında günahlandırıblar. Mən Londonda olmasaydım, Əliyevlərin ölkədən oğurladıqları çirkli pullarla aldıqları 700 milyon dollarlıq London məhəllələrini görməsəydim bəlkədə “təəccüblənməzdim” bu cəfəng ittihama.

Siz nəyinki Azərbaycanın, bütün dünyanın ən böyük oğruları, ən mahir çirkli pul yuyan çamaşırxana sahiblərisiniz. Dünyanın ən dürüst, ən doğru, ən gözütox adamı olan Saleh Rüstəmliyə qarşı qisasınız da bununla bağlıdır. Əgər Saleh Rüstəmli həyatını itirsə, bu Əliyevlərin Azərbaycan xalqına qarşı törətdikləri daha bir qanlı cinayəti olacaq.