Qənimət Zahid
Əli İnsanovun İlham Əliyevlə görüş üçün müraciət etməsini, YAP -la birlikdə milli etimad hökuməti yaratmağı təklif etməsini mən şəxsən bəyənmirəm. Yazılarımı izləyənlər xatırlayar ki, bu təşəbbüslər irəli sürülən vaxt üstüörtülü tənqid də yazmışdım. İlham Əliyevlə birlikdə heç bir milli etimad hökuməti qurula bilməz. Özünü real müxalifət sayanlar ölkəni məhz İlham Əliyev və onun ailəsindən xilas etməyə çalışmalıdırlar. Şübhəm yoxdur ki, Milli Şura və AXCP-də də mütləq əksəriyyət belə düşünür.
Əli İnsanovun həbsdən əvvəlki fəaliyyətinə qəsdən toxunmuram. Çünki Əli İnsanov 14 illik həbslə hakimiyyətdə olan zaman yol verdiyi bütün səhvlərin cəzasını çəkib. Adamı ömürlük həbsə məhkum etməyəcəksiniz hər halda.
Siyasi baxımdan da Əli müəllim həmin dövrdəki səhvlərinin ən azı xeylisini etiraf edib, hətta müxalifətdən üzr də istəyib. Hazırda Əli İnsanov iddia edir ki, o bundan sonra Azərbaycanda demokratiyanın bərqərar olması üçün çalışacaq. Məncə, Əli müəllim hələ tam olaraq müəyyənləşdirə bilməyib ki, ölkənin demokratikləşməsi üçün necə çalışacaq. Axtarışlar aparır. Ona görə də həm İlham Əliyevlə etimad hökuməti qurmağı təklif edir, həm də Əli Kərimli ilə müxalif fəaliyyəti əlaqələndirməyi müzakirə edir.
Əli Kərimli isə müxalifət lideridir. Ölkədə dəyişiklik üçün həyatı bahasına mübarizə aparanların mütləq əksəriyyəti məhz Əli bəyin ardıcıllarıdır. Ölkədə ciddi dəyişikliyin baş verməsinə görə üzərində ən çox məsuliyyət olan da Əli Kərimlidir. Azərbaycanın Əliyevlərdən qurtuluşu üçün Əli Kərimlinin dəfələrlə bütün ağlabatan yollara baş vurmasının şəxsən mən şahidiyəm. İndi də Əli bəy ölkədə dəyişikliklərə az da olsa təkan verən heç bir təşəbbüsü diqqətsiz qoymur. Əli İnsanova münasibətlərimiz fərqli ola bilər. Ancaq məncə, hamımız razılaşarıq ki, hər halda ölkədə müəyyən qədər tərəfdarları olan bir şəxsdir. Əgər belə bir adam görüşmək təklif edirsə, Əli Kərimli nə deyib belə bir görüşdən imtina etməlidir? Biz hansı zamanda yaşayırıq? İlham Əliyevin Paşinyanla görüşünə belə ölkədə etiraz edən yoxdur. Sabah Əli Kərimli də prezident olsa, Paşinyan və digər erməni liderlərilə görüşməli olacaq. Ancaq Əli bəy tək Ermənistan rəhbərlərilə yox, Azərbaycanda ona müxalifətdə olan partiya sədrlərilə də görüşəcək. Siz istəmirsiz ki, belə olsun? İstəmirsiz ki, ölkəmizdə elə bir prezident olsun ki, öz siyasi rəqibləri ilə belə dialoq içində olsun, onlarla vaxtaşırı görüşsün? İstəyirsizsə, özünüzü demokrat sayırsınızsa, hazırda özü də müxalifətdə olan Əli Kərimlinin müxalifətdə olduğunu bəyan etmiş digər partiya sədri ilə görüşündə qeyri – adi nə görürsüz?
Mənim şəxsi fikrim belədir. Əli Kərimlinin Əli İnsanovla görüşməsi normal bir hadisədir. Əli İnsanova şans verilməlidir ki, Heydər Əliyevin hakimiyyətə gətirilməsi və onun ailə rejiminin möhkəmləndirilməsindəki rolunu, səhvlərini bundan sonra ölkədə demokratik dəyişikliklərə kömək etməklə kompensasiya etsin. Bunu etmək istəyəcəksə və edəcəksə, çox yaxşı, xalq olaraq hamımızın faydasına olacaq. Yox, əgər nəyin bahasına olursa – olsun hakimiyyətdən yararlanmaq istəyi üstün gələcəksə, Əli İnsanov bundan sonra da Əliyevlərin hakimiyyətini möhkəmləndirməyə xidmət edən hansısa layihədə rol alacaqsa, cəzasını da özü çəkəcək. Azərbaycan xalqı onu artıq siyasi baxımdan birdəfəlik siləcək. Və o zaman heç kim Əli Kərimliyə və müxalifətə irad tuta bilməyəcək ki, müxalifət ona heç bir şans tanımadı, o da çarəsizlikdən yenidən yan aldı YAP limanına. Heç kimin bu şansı olmayacaq. Ona görə də səbrli və optimist olun, Saleh Rüstəmlini bir an da unutmayın.