Əli Kərimli Saleh Rüstəmliyə müraciət etdi

AXCP sədri Əli Kərimli

Aclıq aksiyasının 21-ci günündə olan Qarabağ qazisi Saleh Rüstəmlini məhbəsdə məhv etməklə hakimiyyət nəyə nail olmaq istəyir? Müstəqil fikri olan, həmin fikri ifadə etməkdən çəkinməyən, ölkədə ictimai rəyi formalaşdıran yüzlərlə ictimai-siyasi xadimin, hüquqşünasların, yazarların, jurnalistlərin, gənc liderlərin “Saleh bəyə azadlıq!” tələbini qulaqardına vuran hakimiyyət bununla hansı nəticəni əldə edəcəyini düşünür? Qəddarlığı, kini, qərəzilə öyünən bir hakimiyyət xalqın hiddətindən başqa nə qazana bilər? Xalqın düşünən kəsimini, rəy liderlərini qarşısına alan, ictimai rəyin tələbini qulaqardına vuran bir hakimiyyəti dəstəkləməyi kimsə özünə rəva görərmi? İlham Əliyev görmürmü ki, yenidən cəmiyyətdən təcrid olundu, qaldı əli dəyənəkli polislə, muzdlu trolların ümidinə?
Vətən müharibəsinin faktiki qəhrəmanlarından olan Saleh Rüstəmlini əvvəlcə şərləyib həbs edən, ona dəhşətli işgəncələr verən, sonra da onu məhbəsdə aclığın əlilə məhv edən bir hakimiyyətin vətənpərvərlikdən dəm vurmağa nə haqqı var?
Saleh bəyin 21 gün davam edən aclıq aksiyası onu fiziki cəhətdən zəiflədib, ölümün bir addımlığına gətirdiyi kimi, Saleh bəyə qarşı nümayiş etdirilən haqsızlıq və qəddarlıq da rejimin özünü sarsıdır, zəiflədir və sonunu yaxınlaşdırır.
Dostum Saleh bəyə müraciət edirəm: həyatına qəsd etmə! Sənin kimi igid oğullara bu milllətin hələ çox ehtiyacı var. Hakimiyyətə müraciət edirəm: bu qədər kinli olmayın, heç bir cinayət törətməmiş Qarabağ qazisini məhv etməyin.
Cəmiyyətlə qarşıdurmadan əl çəkin. Saleh bəyi təcili azad edin. Onun həyatı ilə risk etməyinizi bu xalq sizə bağışlamaz!