“Freedom House” 2012-ci il üzrə hesabatını yaydı
“Freedom House” beynəlxalq insan haqları təşkilatı 2012-ci il üzrə dünyada azadlıq hesabatını yayıb.ÿAzərbaycan hesabatda əvvəlki illərdə olduğu kimi, “azad olmayan” ölkələr sırasında yer alıb. Təşkilat Azərbaycana ümumilikdə 5.5 bal, siyasi azadlıqlar üzrə 6 bal, vətəndaş azadlıqları üzrə 5 bal qiymət verib.ÿQeyd edək ki, balların yuxarı olması vəziyyətin pisliyini, aşağı olması isə yaxşılığını göstərir. Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan hesabatda “qismən azad” ölkələr siyahısındadır.
Gürcüstan ümumilikdə 3.5 bal, siyasi azadlıqlar üzrə 4 bal, vətəndaş azadlıqları üzrə 3 bal alıb.ÿErmənistan isə ümumilikdə 5 bal, siyasi azadlıqlar üzrə 6 bal, vətəndaş azadlıqları üzrə 4 bala layiq görülüb.ÿGürcüstan və Ermənistanla yanaşı Moldova və Qırğızıstan da “qismən azad ölkələr” təsnifatında yer alır.ÿQalan MDB ölkələri “azad olmayan ölkələr” siyahısındadır. Azərbaycanın digər qonşularından Türkiyə “qismən azad”, Iran isə “azad olmayan” ölkə kimi göstərilib.
“Freedom House”un hər belə hesabatından sonra Azərbaycan rəsmiləri təşkilatı qərəzlilikdə və ermənilərə xidmət etməkdə ittiham edir. ABŞ dövlət katibinin müavini Tomas Melia isə “Azadlıq” radiosuna müsahibəsinə “Freedom House”u obyektiv və qərəzsiz təşkilat kimi xarakterizə edib: “Mən ”Freedom House”da işləyənləri yaxşı tanıyıram. Onların hesabat və reytinqləri necə hazırladıqlarını bilirəm. Bilirəm ki, bu işi vicdanla, obyektiv, qərəzsiz və tərəfsiz görürlər. Onların hesabatlarına ABŞ-da və bütün dünyada etibar edirlər. Azərbaycanda insan haqları və demokratiyanın durumu həmişə birmənalı şəkildə qiymətləndirilib -ÿ azad və demokratik ölkəyə çevrilmək Azərbaycan hələ xeyli yol getməlidir. Bunu çoxları düşünür. ABŞ-da da belə düşünürlər. Ən yaxşı tərəfdaşlığı demokratik dövlətlərlə, vətəndaşlarının haqlarına hörmət qoyan ölkələrlə qururuq. Təhlükəsizlik, energetika və ticarət sahələrində, terrorçuluq əleyhinə mübarizədə Azərbaycanla əməkdaşlığımıza baxmayaraq, daha demokratik ölkələrdə iki ölkənin əhalisi və hökumətləri arasında daha çox işlər görülə bilərdi. Odur ki, azad olmayan ölkələrlə münasibətlərdə məcburi məhdudiyyətlər ortaya çıxır. Axı, bütün qurumlarımız, vətəndaşlarımız azad ölkələrə üstünlük verirlər”.
Maraqlıdır ki, bu açıqlamadan sonra Azərbaycan hakimiyyəti yenə “Freedom House”u qərəzli olmaqda ittiham edəcəkmi?
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, nüfuzlu beynəlxalq qurumların reallığı əks etdirən hesabatlarını qaralamaq avtoritar rejimlərin xüsusiyyətidir: “Freedom House”un Azərbaycanı azad olmayan ölkələr sırasına daxil etməsi, ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları sahəsində çoxsaylı pozuntuların olması ilə bağlı hesabatı, həmçinin “Human Rights Watsh”, Işgəncələr Əleyhinə Beynəlxalq Komitə kimi bir çox təşkilatların ölkəmizlə bağlı dəyərləndirmələri həqiqəti əks etdirir. Azərbaycan insan hüquq və azadlıqların vəziyyətinə görə azad olmayan ölkələr arasına daxil edilib ki, bu da utancvericidir. Ən azı ona görə ki, qonşu Gürcüstan və Ermənistan bu kateqoriyaya daxil edilməyib. Mən əminəm ki, Azərbaycan hakimiyyəti əvvəlki kimi “Freedom House”u ittiham edəcək. Bu, diktatura rejimlərinin xüsusiyyətidir. Belə rejimlər situasiyaya real qiymət verə bilmirlər”.