Əli Kərimli və Əli İnsanov görüşünə söz ardı

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Dünən AXCP sədri Əli Kərimli ilə HƏP sədri Əli İnsanov arasında görüş keçirilib. Bu görüşlə bağlı sosial şəbəkələrdə göstərilən müsbət reaksiya, cəmiyyətin bu təması müsbət qarşıladığını göstərir. Ancaq, ictimai rəyi əks etdirməyən bəzi tənqidləri də görməzdən gəlmək istəmirik.
Əvvəla, bu tənqidləri səsləndirənlər məsələni elə təqdim edirlər ki, sanki, Əli Kərimli bu görüşlə Əli İnsanovun məlum siyasi keçmişini qəbul edir və ya İlham Əliyevi Əli İnsanovla əvəzlənməsi öhdəliyi götürür. Məsələyə bu cür yanaşma siyasi qərəz göstəricisidir. Çünki Əli İnsanov bu gün vaxtı ilə olduğu siyasi komandanı deyil, bu rejimə qarşı müxalifət mövqeyini təmsil edir. Və müxalif mövqedə olan iki siyasi partiya rəhbərinin təması kimisə müdafiə etmək, ötüb keçmiş keçmişi diriltmək, birinin digərini dəstəkləməsi anlamına gəlmir. Bu cür təmaslar siyasi liderlərin bir – birinin ölkədəki problemlərə, şiyasi şəraitə baxışlarını və yanaşmalarını bilməsi və öz fəaliyyətində bunu nəzərə alması baxımından əhəmiyyətlidir. Belə təmaslar lazım gəldikdə hər hansı bir problemin həlli istiqamətində əməkdaşlıq etməyi də mümkün edir. Burada isə nəinki cəmiyyət üçün mənfi olan heç nə yoxdur, əksinə, biz görmüşük ki, xalq birgə səyləri hər zaman təqdir edir. Əgər xalqın istədiyi dəyişiklikləri gerçəkləşdirmək üçün birgə səylər lazım gələcəksə, o zaman bu prosesə yardım edə biləcək təşəbbüslərdən nəyə görə imtina edilməlidir? Bu cür mühüm bir məqsəd qarşısında kimlərinsə bu gün özlərinin belə qarşı çıxdığı siyasi keçmişini qabardıb, maneəyə çevirmək, heç də praqmatik və rasional yanaşma deyil.
Heç bir halda unutmaq olmaz ki, bizim qarşımızda duran əsas vəzifə ölkədə demokratik dəyişiklikləri gerçəkləçdirməkdir. O halda hazırkı hakimiyyətin dəyişməsi üçün bu rejimə qarşı mübarizə aparan qüvvələrin öz səylərini, fəaliyyətlərini əlaqələndirməsindən, məsləhətləşmələrdən təbii nə ola bilər? Burada Əli İnsanovun keçmişi üzərində fokuslaşıb, onun hazırkı müxalif mövqeyini inkar etmək, görməzlikdən gəlmək qərəzli yanaşmadır. Bu cür yanaşma ilə hakim komanda ilə nə zamansa yollarını ayırmaq istəyənlərə də o mesaj verilir ki, sizin geriyə yolunuz yoxdur və öz yanlış mövqeyinizi davam etdirməyə məhkumsunuz. Halbu ki, ölkədə siyasi dəyişikliyin əsas yükünü öz üzərində hiss edən AXCP həm siyasi qüvvələrin əksəriyyətinin ölkədə demokratik dəyişiklik üçün çalışmasında, həm də hakim komanda üzvlərinin hazırkı xalqa zidd siyasətdən geri çəkilməsində maraqlıdır. Bu istiqamətdə töhvə verməyə çalışan hər kəsin fəaliyyəti təqdir olunmalıdır ki, kütləvi etiraz hərakatı ən müxtəlif dünyagörüşlü insanlar hesabına genişlənib dəyişikliklərə gətirib çıxarsın. Əgər biz ölkədə demokratik dəyişiklikləri yalnız idealistlərlə, siyas karyerası müxalifətçilikdən başlayanlarla gerçəkləşdirməyi düşünürüksə, bu ölkədə etiraz hərakatını genişləndirməyə ancaq mane ola bilər. Xalq üçün önəmli olan mövcud hakimiyyətdən qurtulmaqdır, bu səbəbdən də ölkədə dəyişikliklərə kömək edəcək, onu stimullaşdıracaq bütün imkanların səfərbər olunması cəmiyyət üçün məqbul görünür.
Və bir nüansı da unutmayaq ki, bütün əməkdaşlıqlar yalnız bu antimilli rejimdən xilas olmaq üçündür, kimisə hakimiyyətə gətirməkdən ötrü deyil. Bu hakimiyyəti yola salındıqdan sonra isə kimin iqtidar olacağına isə demokratik seçki yolu ilə xalq qərar verəcək .