Şəkidə intihar edən Hikmət Səlimovun xanımı «Azadlıq»a nələri danışdı?
Şəkidə intihar edən sahibkar Hikmət Səlimov dünən dəfn edilib. Hikmət Səlimov fevralın 3-də səhər saatlarında Qorxmuq kəndinə gedən yolda, Kiş çayının üzərindəki 15-20 metr hündürlüyündə olan körpüdən özünü atıb. Onun intihar etməsinə tikinti materialları satılan dükanının sökülməsi səbəb olub.
Dünən mərhumun həyat yoldaşı Nailə Səlimova baş verənləri təfərrüatı ilə “Azadlıq”a danışıb. Nailə xanım bildirib ki, 2003-cü ildən ərinə ciddi təzyiqlər olub: “Bu təzyiqlər onun Şəki bazarında mağazasının olması ilə bağlı idi. Həmin bazar Şəkinin keçmiş icra başçısı Nazim Ibrahimovun qardaşı Rüfət Ibrahimovundur. Bu iki qardaş ərimə mağazanı işlətməyə imkan vermirdilər. Nəhayət, mağazanın fəaliyyətini dayandırmağa nail oldular. Bir neçə ay qapalı mağazada bütün mallar zay oldu. Yəni, ərim mağazadakı mallarını da götürə bilmədi”.
Nailə Səlimova bildirib ki, bundan sonra Hikmət Səlimov bazardan xeyli kənarda mağaza tikib. Obyektin bütün sənədlərinin qaydasında olmasına baxmayaraq, yenə də sahibkar təzyiqlərlə üzləşib: “Bunların hamısını edən Rüfətlə Nazim idi. Onlar ərimə deyirdilər ki, sən bu mağazanı bağlamalısan, burada heç nə satmamalısan”.
Mərhum həyat yoldaşının sözlərinə görə, nəhayət Nazim və Rüfət Ibrahimovlar indiki icra başçısı Murad Cabbarlını yola gətirə biliblər. Icra başçısı da obyektin sahəsinin sənəddə göstəriləndən artıq olduğunu əsas gətirərək sökülməsi barədə göstəriş verib. Əslində isə həmin artırma da xüsusi icazə ilə olub: “Gəliblər mağazanı sökməyə. Yoldaşım deyib ki, obyekti dağıtmayın, heç olmasa mallarımı götürüm. Həm də obyektin qanuni sahəsi yerində qalsın, əgər söküntü işlərini ekskovatorla etsəniz, mağaza tamamilə dağılacaq. Yoldaşım bildirib ki, problem əlavə yerdisə oranı özüm sökərəm. Lakin onun dediklərinə əhəmiyyət verən olmayıb və obyekti dağıdıblar. Bu hadisədən 5 dəqiqə sonra yoldaşım intihar edib”.
Nailə Səlimova bildirib ki, bundan sonra necə yaşayacaqları sual altındadır: “Mən özüm şəkər xəstəsiyəm. Üç övladım var. Övladlarımdan biri ”paralic”di. Çox çətinliklə dolanırdıq. Indi bilmirik ki, necə olacaq. Təsəvvür edin, yas düşüb evdə bir manat da pul yoxdur. Bir otaqlı evdə 5 nəfər yaşayırdıq. Yarıac, yarıtox dolanırdıq. Görün, mənim yoldaşımı necə bezdiriblərsə, o bizim sonrakı taleyimiz barədə düşünməyərək intihar edib. Nə qədər obyektləri, mağazaları var, amma kasıbın balaca bir dükanına da göz dikirlər. Adamı o qədər bezdirirlər ki, axırda özünü öldürməkdən başqa çarəsi qalmır. Belə allahsızlıq olarmı? Indi bizim adamımız yoxdur, kasıbıq deyə yaşamamalıyıq?”.
Nailə xanımın sözlərinə görə, intihar hadisəsi baş verəndən sonra rayon rəhbərliyindən onlara heç kim baş çəkməyib: “Yalnız polislər gəldi, məndən izahat aldılar. Mən də nə bilirdimsə dedim. Bu işdə günahı olanların hamısının adını söylədim”.
Mövzunu diqqətdə saxlayacağıq.
İnformasiya şöbəsi