Qəbələ RLS-in bağlanmasını Rusiyanın Azərbaycandan son ayaq səslərinin də kəsilməsi kimi qələmə verirlər. Inanaqmı?
Inanmayaq. Əlbəttə, söhbət uşaq kimi sadəlövhlərdən getmir. Bir az dərindən düşünmək qabiliyyəti olanlar başa düşürlər ki, Rusiya Azərbaycandan – yalnız bu anti-demokratik, hüquqa, azadlıqlara, milli iradəyə heç bir sayğısı olmayan rejim getdikdə gedəcək.
Bəli, bu ölkədə artıq nə rus əsgəri olmaya bilər, nə də hansısa rus RLS-i.
Amma Azərbaycanda bu ölkəni tıpkı Kremldəkilər kimi, demokratik dəyərlərdən, çağdaşlıqdan uzaq adamlar idarə etməkdə davam etdikcə, Rusiya Azərbaycandan gedə bilməz və getməyəcək də.
Azərbaycanda irticanın, istibdadın ayaq səsləri eşidildiyi müddətdə biz bu ölkədə Kremlin nəfəsini, hənirtisini eşitməyə də davam edəcəyik.
Azərbaycanda modern, mədəni, demokratik dəyərlərə sayğılı, sadiq, gücünü xalqın iradəsindən alan bir sistem formalaşmayanadək ruşayloların, narışkinlərin direktivləri öz keçərliliyini qoruyacaq.
Əksi olsaydı, zatən 19 il öncədən olardı. Elçibəy hakimiyyəti hər şeyi göz önünə alaraq, rus əsgərlərini bu ölkədən çıxarandan sonra məntiqlə biz Azərbaycanda demokratiyanın güclənməsinə şahidlik etməli deyildikmi? Məntiqlə ondan sonra bu ölkədə hüquqi dövlətin, azadlıqların önü açılmalı deyildimi?
Bizsə tam əksinə – zülmə, repressiyaya, hüquqsuzluğa, ədalətsizliyə, oğurluğa, talançılığa, sözün hərfi mənasında mafiyaya dayalı bir rejimin önünün açıldığını gördük. Niyə? Çünki bir ölkəni imperialist güclərdən, modern işğallardan qorunmağın tək yolu o ölkədə ədaləti bərqərar etməkdir. Hüququ üstün qılmaqdır. Xalqı qorxuya təslim etmək, xalqı zəif və zəlil etmək yox, xalqı güclü etməkdir.
Necə ki, rus əsgərləri bu ölkədən getdi – amma Rusiya çox keçmədən, həm də bu dəfə daha güclənmiş şəkildə qayıtdı, RLS-lə bağlı da eyni ssenarinin təkrarlanmaq ehtimalı yüksəkdir.
Bunu önləməyin tək yolu isə Azərbaycanın Əliyevçi rejimin öz varlığının təminatı, öz mövcudluğunun qarantiyası kimi baxdığı pisliklərdən təmizlənməsidir. Azadlıqlarla silahlanması, ədalətlə, hüquqla qüvvətlənməsidir.
Avropa Azərbaycana gəlirmi?
Necə ki, rusun əsgəri bu ölkədən gedir, rusun nəzarətindəki RLS qapanır, amma Rusiya Azəraycandan getmir, rejimin hər haqsız həbsində, hər aldığı rüşvətdə, hər basıb yediyi büdcə pulunda, hər qaldırdığı polis dəyənəyində, hər yumduğu ağızda, hər qırdığı qələmdə yaşayır…
Azərbaycanın 2015-də Avropa Olimpiya oyunlarına ev sahibliyi etməsi də iki il sonra Avropanın bu ölkəyə gələcəyi demək deyil. Nə tez unutdunuz Avropanın ən populyar musiqi yarışı adlandırılan “Eurovision”a ev sahibliyi etdikdən sonra bu ölkədə Avropa dəyərlərinin bərqərarına ən son ümidlərin də necə xurd-xəşil edildiyini, məmləkətdə can və mal güyvənliyinə ən son ümidlərin də əldən çıxdığını?!
Belə yarışlara rejimin sevinə-sevinə qucaq açması – çirkin bir xanımın saatlarla güzgü önündə özünə bəzək-düzək vurmasına bənzəyir. Rejim binaları üzdən rənglədiyi kimi, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməyə həvəs göstərməklə də özünü zahirən gözəlləşdirməyə çalışır. Bakıya yağan bir yağışın o bəzək-düzəyi, pudra-mudranı necə yuyub apardığını çox görmüşük.
Adında “Avropa” sözü olan yarışlar, müsabiqələr, konfranslar-zad heç vaxt rejimin mahiyyətini malalamağa yetməz, onun çağdışı olduğu, onun demokratiyanın, sivilizasiyanın min ağac uzaqlığında olduğu, onun Afrika tiranlıqlarının xurcuntayı olduğu həqiqətini dəyişməz, dəyişə bilməz!
***
Avropa Birliyinin Bakı ofisinin rəhbəri Roland Kobianı isə məlum açıqlamasından dolayı artıq Avropa Olimpiya oyunlarına ilk lisenziya qazanması münasibəti ilə təbrik etmək olar.
O, bu ölkə insanının Avropa təsisatlarına ümidinin kürəyini növbəti dəfə və böyük bir məharətlə yerə vurduğuna görə iki il sonrakı olimpiya oyunlarına sərbəst güləş növü üzrə halal vəsiqə qazanıb. Mən növbəti vəsiqəni 2013-də, xalqın iradəsinin ağzı-burnu qırıldıqdan sonra növbəti “demokratiyaya doğru bir addım” bəyanatı ilə ATƏT-in Bakıdakı səfirindən gözləyirəm – boks üzrə.