Ölkə iqtisadiyyatı çökməkdədir

İqtisadçı Qaşqay İsmayıl

Azərbaycan neftinin orta aylıq qiymətinin 85 dollara yaxın olması, kifayət qədər yaxşı rəqəm sayıla bilər. Buna baxmayaraq, əvvəl də qeyd etdiymiz kimi, neftin qiymətinin artması bu dəfə əhalinin rifah halında ciddi dəyişikliklərə və ölkədə iqtisadi canlanmaya gətirib çıxarmayacaq. Çünki indiyə qədər ölkədə mövcud olan iqtisadi model artıq mövcud deyil. Xüsusilə də pandemiyadan sonra başlayan qlobal inflyasiya fonunda bu modelin yaşamaq şansı yox idi. Əhali əvvəlki qaydada büdcədən qidalanmaq, hökumət isə bu qida təminatını davam etdirmək istəsə də, bu artıq mümkün deyil və 15 ildən artıq davam edən neft pullarında yaşamaq erası birdəfəlik bitir deyə bilərik

Niyə inflyasiya Azərbaycanda daha dağıdıcı təsir göstərir? Səbəb sadədir. Azərbaycanda əhalinin böyük əksəriyyəti büdcədən faktiki olaraq çörəkpulunu xatırladan cüzi əmək haqqı alırdı və əvəzində isə hökumət enerjidaşıyıcılarının, kommunal xidmətlərin, çörəyin, marşurutun qiymətini mümkün qədər aşağı həddə saxlamağa çalışırdı. Hazırda qlobal inflyasiya bu strukturu darmadağın etməkdədir. Qiymət artımının qarşısını almaq mümkün deyil, maaşları artırmaq və iqtisadi islahatlar keçirmək isə mövcud siyasi hakimiyyət üçün qeyri-mümkündür. Bu heç dilemma da deyil, hökumət sadəcə olaraq baş verənləri müşahidə edə bilər. Ölkə iqtisadi baxımdan qarşısıalınmaz şəkildə çökməkdədir. Bir sözlə, əvvəlki iqtisadi modelin reanimasiyası alınmayacaq. Ölkədə mövcud olan iqtisadi model dağılmaqdadır və tarixi təcrübə göstərir ki, bunun ardınca siyasi sistemin süqutu gəlir