AXCP sədri Əli Kərimli
Bütövlükdə millət olaraq acı içindəyik. Yarımçıq kəsilmiş gəncəcik şəhid ömürləri, şəhid övladlarının, ata və analarının fəryadı içimizi göynədir. Bu acılar içində hamımızı düşündürən suallar da var. Nədən bu qədər övladımız yenidən şəhid oldu? Bəs İlham Əliyev deyirdi, düşmən kapitulyasiyanı qəbul edib? Bu qədər itki bahasına aparılmış döyüşlərin nəticəsi nədir? Çoxsaylı itki bahasına aparılan bu döyüşlərdə kim nəyi qazanır, kim nəyi itirir? Suallar çoxdur və bütün cavabları hələlik detalları ilə bilmirik. Qarşıdakı günlərdə əlavə məlumatlar, detallar da üzə çıxacaq və o zaman daha ətraflı təhlil mümkün olacaq. Ancaq mən yenə də bəzi ilkin qənaətlərimi sizinlə bölüşmək istəyirəm:
- Dünənki döyüşlərdəki bəlkə yeganə pozitiv cəhət o idi ki, ordumuzun döyüş ruhu yüksəkdir. Komandanlığın qarşıya qoyduğu istənilən hərbi vəzifəni tərəddüdsüz yerinə yetirmək iqtidarındadır. Ermənistan ordusunun Azərbaycanla təkbətək savaşda heç bir şansı yoxdur. Bunu nəhayət, anlamaları lazımdır.
- Təəssüf ki, Azərbaycan ordusuna əks-həmlə əmri Şuşa və bütövlükdə Qarabağdakı təxribatlardan sonra deyil, Ermənistanla sərhəddəki təxribatdan sonra verildi. Hamıya məlumdur ki, Azərbaycan ordusu nə qədər güclü olsa da, Ermənistanın dünya tərəfindən tanınmış sərhədlərini çox da keçə bilməz. Sərhəd döyüşləri bir qayda olaraq sonda bütün tərəflərin xəritələrin müəyyənləşdirdiyi mövqelərə geri çəkilməsilə nəticələnir. Qarabağda isə Azərbaycan ordusu məsələn, eyni əks həmlə ilə ən azı düşmənin Şuşa ətrafındakı mövqelərini terrorçulardan təmizləyə bilərdi və bu olardı qalıcı uğur.
- Atəşkəs yenə də Rusiyadan – müdafiə naziri Şoyqudan gələn zənglə əldə olundu. Azərbaycan və Ermənistan öz arasında döyüşsə də, hər iki ölkənin hakimiyyəti bir məsələdə eyni məqsədə – Rusiyanın regiondakı mövqeyini gücləndirmək məqsədinə xidmət edirlər. Son döyüşlərdən də qazanan, mövqeyini gücləndirən Rusiya oldu. Azərbaycan – Ermənistan sərhəddinə Rusiya ordusu yerləşdirilməsi ehtimalı bir az da gücləndi.
- Təəssüf ki, Ermənistanda həm Rusiyanın özünün, həm də Köçəryan başda olmaqla Rusiyapərəst qüvvələrin mövqeləri daha da gücləndi. Bunun da zərərini gələcəkdə biz görəcəyik.
Və sonda. Nəyin necə baş verməsindən asılı olmayaraq, istənilən halda, istənilən situasiyada ordumuzun arxasındayıq. Çirkin siyasi oyunları da, bədniyyətli planları da dövlətimizə, millətimizə olan təhlükələri azaltmaq, ordumuzu əlavə itkilərdən qorumaq niyyətilə ifşa edirik. Allah əsgər və zabitlərimizi qorusun!