2021-ci il noyabrın 12-də Xəzər Universitetinin Mərmər salonunda Nailəxanım Fondunun təsis etdiyi Nailəxanım təqaüdünün ilk təqdimat mərasimi keçirilib. Mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, akademik Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi və əməkdaşları, “Dünya” məktəbinin rəhbərliyi və əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Mərasim Nailəxanım İsayevanın həyat tarixçəsini əks etdirən ekran xronikası ilə başlayıb. İştirakçılar görkəmli pedaqoqun geniş və çoxşaxəli fəaliyyəti ilə tanış olublar.
Tədbir Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin nüdiri, pianoçu, əməkdar müəllim Zülfiyyə Sadıqova) müşayiəti ilə davam edib. Nailəxanım İsayevanın çox sevdiyi musiqi – XVIII əsr italyan bəstəkarı Tomazo Albinoni`nin “Adajio”su ifa olunub.
Tədbirin aparıcısı – “Dünya” məktəbinin müəllimi Arzu Ömərova Nailəxanım İsayevanın müasirlərinə məlum olan parlaq surətini, əvəzsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün Xəzər Universiteti rəhbərliyinin qərarını nəzərə çatdırıb.
2017-ci ildə “Dünya” məktəbinin studiyasında çəkilmiş “İnci çiçəyi” filmindən bir hissə, Nailəxanım İsayevanın bəstələdiyi mahnılar Flora Kərimova, Brilliant Dadaşova, Manana, Aygün Bəylər, İlqar Muradov, Fərid Əliyev, “Kristal” qrupu və “Dünya” uşaq xorunun ifasında kiçik fraqmentlərlə, Xalq artisti Alim Qasımov və “Dünya” məktəbi studiyasının hazırladığı “Nə olaydı”, “Dünya” məktəbi studiyasının hazırladığı “Mən xoşbəxtəm” videominiatürləri nümayiş etdirilib.
Kamera orkestrinin ifasında Xalq artisi, bəstəkar Sərdar Fərəcovun Nailəxanımın xatirəsinə həsr etdiyi “Elegiya” (müəllifin dirijorluğu ilə), görkəmli bəstəkar Cavanşir Quliyevin Kiprdən göndərdiyi “Nailə – elegiya və ya simfonik lövhə” səsləndirilib.
Mərasimdə Xalq artisti Flora Kərimova çıxış edərək, sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Təklik” mahnısını ifa edib. Əməkdar artist Nuriyyə Hüseynova Nailəxanım İsayeva haqqında xatirələrini danışıb və mahnı ifa edib.
Sonra Nailəxanım təqaüdünün təqdimatı olub. Təqaüdü əfqanıstanlı tələbəyə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının üzvləri – Aygün Gardiner, Zeynəb Gürbüz, Aytən İsayeva və universitetin Təbiət elmləri, sənət və mühəndislik yüksək fakültəsiinn dekanı Səidə Şərifova təqdim ediblər. Əfqanıstanlı tələbə bu təqaüdə layiq görüldüyünə görə Xəzər Universitetinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Nailəxanım Fondunun təsis etdiyi Nailəxanım təqaüdü magistr və doktorantura təhsili almaq istəyən xanım namizədlər üçün tam maliyyələşdirilmiş təqaüd proqramıdır.
Reytinq.az