Erməni mətbuatında anti-Rusiya əhvalı güclənir

Ermənistan mətbuatında Rusiyanın əleyhinə olan yazıların sayı artıb.
“Lragir” qəzetinin son məqaləsini də bu sıraya aid etmək olar. Müəllif Ermənistanın texnokratik Qərbə üz tutmaq üçün Ermənistanın kökü Rusiyadan qaynaqlanan oliqarxiya və monopoliyadan imtina etdiyini yazır. Oliraqxiya və qüsurlu iqtisadi və siyasi sistemdən azad olmaq üçün isə Rusiyanın bu ölkədə təsirini azaltmaq lazımdır. Serj Sərkisyan və ölkənin əsas «texnokratı» Tiqran Sərkisyan seçkiqabağı əsas alət kimi Avropaya inteqrasiya və Qərbə oriyentasiyanı önə çəkir. Bu zaman onlar bununla nəyi nəzərdə tutduqlarına aydınlıq gətirmir. Skandinaviya tipli sosialist ölkə quracaqlar, yoxsa ermənilərə «vəhşi kapitalizm» lazımdır?
Bunu əvvəldən müəyyənləşdirmək lazımdır. Çünki Rusiyanın «oliqarxiya pəncəsindən» çıxıb kapitalizmin caynağına düşmək elə də asan deyil.
Ermənistanı Qərbə yönləndirən qüvvələrin aydın sosial siyasəti olmalıdır. Ancaq Ermənistanın hazırki rəhbərliyi nəinki sosial yüksəkliyə can atmır, hətta qanunlara və vədlərinə əməl etmir. Sosialöhdəliklərin yerinə yetirilməməsinə isə böhranı bəhanə gətirirlər. İndi isə Rusiya günahkar elan edilib. Çarə kimi isə Avropa İttifaqına üzv olmaq təklif edilə bilər. Artıq Ermənistan azad ticarət sazişi ilə bağlı Aİ ilə danışıqları 2014-cü ildə deyil, 2013-cü ildə başa çatdıracağını bəyan edib. Müəllifin fikrincə, Ermənistanda dəyişiklik etmək niyyətində olanlar sosial siyasətdə və vətəndaşların narazılıqların aradan qaldırılmasından başlamalıdır. Çünki dövlət – həyatın təşkili və cəmiyyətin hər bir üzvünə qayğı deməkdir. Xarici siyasətdəki oriyentasiya və digər amillər yalnız bu həyatı effektiv təşkil etməyin vasitələridir. Əgər bu həyat qeyri-effektiv təşkil edilibsə, anlayışları dəyişmək lazım deyil. Hökumətin rus köynəyi, yaxud Amerika cinsi geyinməyinin də əhəmiyyəti yoxdur.