Avropanın hüquq-mühafizə orqanları müasir Britaniya tarixininin az qala ən hay-küylü qarətlərinə rəhbərlik etdiyi güman olunan şəxsi axtarırlar.
Alfredo Lindley bir neçə britaniyalı məşhurun evindən on milyonlarla dollarlıq qiymətli əşya oğurlanmasını təşkil etməkdə şübhəli bilinir.
Jurnalistlərin əldə etdiyi sənədlərdən belə məlum olur ki, hazırda o, Serbiyada yaşayır və hətta bu ölkədə vətəndaşlıq pasportunu alıb.
40 yaşlı Lindley əslən Perudandır. BBC əməkdaşlarına verilmiş məhkəmə sənədləri göstərir ki, İtaliya polisi onu 1995-ci ildən tanıyır – oğurluq və fırıldaqçılıqla bağlı bir neçə cinayət işində Lindlinin də adı keçib.
Son 10 ildə o, azı 19 dəfə adını dəyişib. Deniel Vukoviç, Lyubomir Pomanov, Lyubomir Padosaleciç – bunlar həmin adlardan bir neçəsidir. Avropanın bəzi şəhərlərində, o cümlədən, Belqrad, Sarayevo, Milan və Zaqrebdə Lindley saxta adlarından istifadə edib.

Lindley avqustun 27-də Belqrad məhkəməsində hakim qarşısına Lyubomir Romanov kimi çıxıb. Serbiya polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi onun Britaniyaya ekstradisiyasını tələb etsə də, məhkəmə tələbi rədd edib.
Güman olunur ki, Lindley hələ də Serbiyadadır. O, Belqradın mərkəzində tikinti işləriylə məşğul olan şirkətin ortağı kimi tanınır. Serbiya hakimiyyətinin verdiyi şəxsiyyət vəsiqəsində Lindley-nin Belqrad yaxınlığındakı Obernovats şəhərində yaşadığı qeyd edilib.
London polisi onun axtarışda olduğunu açıqlayaraq bildirib ki, 2019-cu ildə Londonun Kensington və Chelsea rayonlarında baş vermiş bir neçə böyük oğurluq faktına görə Lindley-dən ifadə alınmalıdır.
Səs-küylü qarətlər
2019-cu ilin dekabr ayında Londonda 13 gün ərzində məşhurlara qarşı ard-arda bir neçə hay-küylü cinayət hadisəsi baş verib. “Formula-1″in keçmiş rəhbəri Bernie Ecclestone-un qızı Tamara Ecclestone, futbolçu Frank Lampard-ın və “Leicester City” klubunun keçmiş sahibi, 2018-ci ildə vəfat etmiş Vichai Srivaddhanaprabha-nin evləri soyulub. Bu evlərdən toplam 26 milyon funt sterlinq (35 milyon dollardan çox) dəyərində zinət əşyaları və digər qiymətli şeylər oğurlanıb.

Dünyanın ən bahalı evlərinin yerləşdiyi küçədə də – Ecclestone-un evində baş vermiş oğurluq Britaniya tarixində ən böyük şəxsi mülk soyğunçuluğu hesab olunur. Evdən oğurlanmış zinət əşyalarının və saatların böyük əksəriyyətini tapmaq mümkün olmayıb.

Həmin qarətdə iştirakda şübhəli bilinən dörd Rumıniya vətəndaşı bu il Britaniyada məhkəməsi qarşısına çıxarılıb, iki aylıq araşdırmadan sonra onlara bəraət verilib.
Üç İtaliya vətəndaşı – 24 yaşlı Yuqoslav Yovanoviç, 44 yaşlı Alessandro Donati və 45 yaşlı Alessandro Malteze İtaliyadan Britaniyaya ekstradisiya olunub. Onlar soyğunlarda iştirak etdiklərini etiraf ediblər. Noyabrın 15-də London məhkəməsi onlar haqqında hökm çıxaracaq.

Cinayət işlərindən birinin materiallarında qeyd olunur ki, Lindley Londona 2019-cu ilin 30 noyabrında, Stokholmdan, Yovanoviçlə birlikdə və Deniel Vukoviç kimi gedib. Onlar Londonun cənub-şərqində yerləşən Orpington şəhərindəki otelə yerləşiblər.
Bir gün sonra Yovanoviç İngiltərə yığmasının və Chelsea klubunun məşhur futbolçusu Frank Lampard-ın evini qarət edib – ağ qızıldan olan “Patek Philippe” saatı, Cartier cib saatı, iki qızıl qadın saatı və qızıl zəncir də daxil olmaqla, toplam dəyərləri 50 min funt sterlinqdən çox olan qiymətli əşyalar oğurlayıb.
Polis hesab edir ki, bu soyğunda Lindley də iştirak edib.

Bundan sonra, yəni dekabrın 10-da Leicester City klubunun mərhum sahibi Srivaddhanaprabha-nin evi qarət olunub.
İş adamı 2018-ci ilin oktyabr ayında baş vermiş vertolyot qəzasında həlak olmuşdu və yaxınlarının dediyinə görə, evi onun sağlığındakı kimi qalmaqdaydı. Lindley bu evi Yovanoviç, Malteze və Donatiylə birlikdə soymaqda ittiham edirlər.
Ötən ilin noyabr ayında keçirilmiş məhkəmədə andlılara məlumat verilib ki, oğurlanmış əşyalar arasında Patek Philippe saatı, Tag Heuer smart-saatı və 400 min avroya yaxın nəğd pul olub.

Dekabrın 11-də dəstə Londonun möhtəşəm Harrods dükanında, suşi restoranında şam edib. Onların sifarişləri arasında 760 funt sterlinqlik şampan şərabı da olub.
Ehtimallara görə, dekabrın 13-də Lindley Malteze və Donatiylə birlikdə Ecclestone-un evinə girib, Yovanoviçsə bayırda növbə çəkib.
Məhkəmədəki dinləmələr zamanı bildirilib ki, vintaçanla silahlanmış qarətçilər Ecclestone biznes imperiyasının varisinin evinə – vaxtilə şahzadə Diananın yaşadığı Kensington sarayının qarşısındakı binaya ev sahibəsi Tamara Ecclestone-nun əri Jay Ruthland-la birlikdə Milad məzuniyyəti üçün Laplandiyaya yola düşəndən cəmi bir neçə saat sonra daxil olublar.
Bu evin yerləşdiyi Kensington Palace Gardens dünyanın ən bahalı küçəsi hesab olunur, onun hər iki girişində polis tərəfindən mühafizə edilən arkalı darvazalar quraşdırılıb.
Rusiyanın Böyük Britaniyadakı səfirinin rezidensiyası, o cümlədən, Fransa və İsrailin diplomatik nümayəndəlikləri də orda yerləşir. Bu küçədə Chelsea futbol klubunun sahibi Roman Abramoviçin və Bruney sultanın da evi də var.

Bu mülkdə soyğun xüsusilə uğurlu olur. Təxminən bir saat ərzində oğrular evdən 400-ə yaxın zinət əşyası və külli miqdarda nəğd pul çıxarırlar.
Sonrakı bir neçə gün ərzində Lindley Londonun Chelsea rayonunda “AirBnB” vasitəsilə kirayəyə götürdüyü evdə qalıb. Dekabrın 18-də isə Britaniyanı tərk edib. O, “AirSerbia” aviakompaniyasının reysi ilə Belqrada uçub və müstəntiqlərin fikrincə, bir daha İngiltərəyə qayıtmayıb.

İtaliya hakimiyyəti hesab edir ki, Lindley bir neçə başqa böyük qarətdə də iştirak edib. 2009-cu ilin sentyabr ayında o və bir neçə köməkçisi məşhur futbolçular Patrick Vieira və Sulley Muntari-nin evlərini qarət edib. Həmin vaxt onlar futbol meydançasında olublar – “İnternationale” (“İnter”) klubunun tərkibində “Milan”a qarşı oynayıblar.
İtaliya məhkəməsinin sənədlərinə görə, oğrular içində 15 min avro nəğd pul, zinət əşyaları və 200 min avroluq 28 ədəd bahalı saat olan seyfi aparıblar.

Təxminlərə görə, qarətçilərin iki evdən oğurladıqları əşyaların dəyəri toplam 1 milyon avrodan çox olub.
İtaliyada Lindley-nin işi üzrə 2017-ci ilə təyin olunmuş məhkəmə hələ başlamayıb.
Məhkəmə sənədlərində həmçinin qeyd olunub ki, 2009-cu ilin son günündə müşahidə kameraları Lindley-ni Milanda – məşhur modelyer Nicola Trussardi-nin mərhum həyat yoldaşı Maria Lucia Gavazzeni-yə məxsus mənzilinə girmək istəyərkən çəkiblər.

Lindley köməkçiləri ilə birlikdə evin pəncərəsini zorla açaraq içində 2 milyon avro dəyərində brilyantlar olan seyfi oğurlayıb. Buna görə onu 2 il 4 ay müddətinə azadlıqdan məhrum ediblər.
Lindley və vəkilləri deyilənlər barədə BBC-yə şərh verməyiblər.
Bbc.com