Bir il öncə bu gecə..

“Sonuncu döyüş”

2-ci Qarabağ müharibəsinin iştirakçısı Qulu Məmmədli

Gecə saat 23:50-də radələrində rabitədə məlumat verdilər ki, atəşkəs elan olunur. Səngərdə uzanmışam. Günorta tabur komandiri gəlmişdi. Dedi: “20 nəfərlik qrup hazırlaşsın, son hücum əməliyyatı olacaq qarşıdakı düşmən postuna. Ermənilər sərhəddən o tərəfə rədd edilməlidirlər. Bir mövqe qalır. 2-3 km irəliləməliyik”.

Qarşıda dövlət sərhəddinə çıxmaq üçün 2-3 km məsafəmiz qalır. Ermənilər- əsasən də yaşlı ermənilərin qurduğu, 10-15 nəfərlik bir post var yolumuzun üstündə . Müharibənin sonuna yaxın erməni tərəfinin əsgəri heyyəti əsasən yaşlılardan ibarət olurdu. Hiss olunurdu ki, düşmən artıq təntiyib. Döyüş mövqeyində çox zaman mülki formada olurdular. Hər zaman atəşkəsi pozmağa meyilli düşmən indi tam sakit dayanırdı mövqeylərdə. Yəqin ki, belə bir “dərs” heç ağıllarının “ucundan” da keçmirdi.

Düşündüm növbəti bir günlük atəşkəsdir. Müharibə müddətində iki dəfə bir neçə saatlıq atəşkəs elan olunmuşdu, amma uzun çəkməmişdi. Bölüyümüz yorulmuşdu təbii. 11 şəhidimiz, 40-a yaxın yaralı vermişdik bu günə qədər.

Tabur komandirinin sözləri beynimdə elə hey fırlanırdı- “sonuncu döyüş”. Düşmən qarşıda bizdən 100-150 m hündürlükdə, ikinci mövqeyi isə 1200 m yüksəklikdə idi. Döyüş planı 1200 m yüksəklikdə olan mövqeyi götürmək idi.

Əsgərlərə son tapşırıqları verib, döyüş növbətçiliyini təşkil edib, düşünməyə başlayıram. Müharibənin bir müsbət tərəfi də insana düşünməyi öyrətməsidir. Adam o qədər şeylər düşünür ki. Bəlkə də düşündklərini yazsan, 10 cildlik ensklopediya yazmaq olardı.
44 günlük yaşadıqlarım 35 illik yaşamımdan dəflərlə ağır basırdı..

Tam səssizlik çökdü. Hava zil qaranlıq, az da dumanlıdır. Havada soyuq və bir az da şeh var. Gorus istiqamətindən əsən sərin, bir az da adamı üşüdən payız küləyi müharibənin üzü qışa daha çətin olacağının anonsunu verir. Təbii bu çətinlik düşmənlə yox, təbiətlə olacaqdı. Çünki artıq düşmənin onurğa sutunu qırılmışdı.

Səngərə uzandım. Dəbilqəni, qoruyucu jileti, avtomatı, güllə daraqlarını, 4 əl qumbarasını ətrafıma yığdım. Əmioğlu İnşalla müəllimə zəng edib, bizə dua edin deyib sağollaşmışam. Evdən istəyə biləcəyimiz şey idi, “bizə dua edin” kəliməsi. Sual versələr kömək olurdu. Cavabım bilmirəmdir. Amma nədənsə yağış kimi yağan mərmilərin altında tək ehtiyyac duyduğun, istədiyin, tutuna biləcəyin nəsnə bu kəlimə idi..

Bir müddət keçdi, yenidən atəş səsləri eşidilməyə başladı. Yenə həminki “atəşkəsdir” deyib yerimə- məzar olacaq səngərimə uzandım..
Beləcə,məni yuxu tutdu. Təxmini gecəyarı 3 radələri olar, eşidirəm, növbətçi əsgər əlində rabitə çağırır. “Komandir, komandir, kombat sizinlə danışmaq istəyir”.

Yarıxulu rabitəni gətir deyib, hava qaranlıq olduğundan əlimlə qoruyucu jileti, dəbilqəni, digər döyüş ləvazimatlarını axtarmağa başlayıram. Düşünürəm deyəcək: qalxın, hücuma!

Rabitəni əlimə alıb, üstündəki səs ötürən düyməyə basıb, “bəli eşidirəm, cənab polkovnik”- deyərək, düyməni buraxıram. Rabitədə kimsə yüksək səslə sevinclə çığırır,” müharibə qurtardı”.
“Müaharibə qurtardı”. Bu kəliməni həmişə savaş filmlərində eşitmişdim daha çox. Oxuduğum əsərlərin də bəzisində bu müqəddəs cümləyə çox rastlamışdım. O an hansı hisslər keçirir aktyorlar ya əsərin personajları onu yazıçı, rejissor müəyyən qədər canlandıra bilir, amma birbaşa o hissi yaşamaq, onu, o an hiss etdiklərini ifadə etmək təəssüf ki, mümkünsüzdür. “Müharibə qurtardı”. Bəşəriyyətin ən gözəl ifadəsi seçərdim bu qısa kəliməni. Kaş, bütün dünyada müharibələr əbədiyyən qurtarardı.. Bu kəliməni insanlar bir daha yalnız filmlərdən, əsərlərdən oxuyardılar.

“Necə yenə qurtardı?”- deyib, sanki yuxu görürmüş kimi anlaqsız reaksiya verirəm. “Qurtardı, qardaş, qurtardı müharibə”. Prezident elə indicə elan edib televizorda, Ermənistan məğlub olub. Müharibə bitdi.”

Taborumuzun həkimi, həmişə can həkim deyə müraciət etdiyim- Quluzadə Elmdarın sevinclə yüksələn gurultulu səsi məni şərab kimi meyxoş edib, özümdən apardı. Həkimdir, amma həkimdən çox döyüşçüdür. Əlində daha çox iynə yox, silah olur hər zaman bu adamın. Şirin, maraqlı yumorları isə o zırıltının altında sərin yaz havası kimi yayılır adamın bədəninə. “Bitdi, qardaş, bitdi. Öpürəm səni gəlirəm səhər” deyib, rabitəni əsgərə verir. Sağollaşırıq. Bu dəfə əbədi yox, səhərə kimi. Çünki artıq müharibə qurtarmışdı.

Gözlərimdən yaş dayanmadan axır. Bir gözümdən sevinc, birisindən kədər göz yaşları. Şəhidlərimizi, dostlarımızı, bütün olanları qısa anda kino lent kimi xatırlayır insan əvvəldən axıra qədər. Nələr gəlib keçmir ki, gözlərin önündən bu qısa zaman kəsiyində. İlk dəfə kimsədən ötürü darıxan zaman burnumun göynədiyini fiziki olaraq hiss edirəm.

Həm də sevinirsən ki, bir də kimsə qolların arasında can verməyəcək, bir daha döyüş yoldaşlarının göz qapaqlarını birdəfəlik bağlamayacaqsan qanlı əllərinlə..

Özümdən asılı olmadan, uca səslə “uşaqlar hazırlaşın çıxırıq” deyib, çıxacaq qrupu qaldırıram. Əsgərlər yarıyuxulu qalxmağa başlayırlar. Hazırlaşmağa, döyüş ləvazımatlarını götürməyə üz qoyurlar ki, “müharibə bitdi”- deyib, aləmə səs salıram..

Yuxulu, çaşqın baxışlarını mənə zilləyən, dəfələrlə ölümün pəncəsindən sağ çıxmış, gün ərzində bəlkə də yüz dəfələrlə ölümün bir addımlığından dönmüş yorğun, üst başları bütün hisin- pasın, üzləri saqqal basmış əsgərlər indi həyacanla, gözləri fənər kimi işıldayan formada mənə baxırlar. Məndən bunu bir daha təsdiq etməmi intizarla gözləyirlər. “Bəli, bitdi. Müahribə qurtardı, yoldaşlar, qardaşlar”- deyib, bir-birimizə sarılırıq. Sevinc göz yaşlarımıza hakim ola bilmirik.
“Müharibə bitdi”.!

Elə bu an Şuşa istiqamətindən dönən düşmən qırıcısı bizdən 200-300 m sol istiqamətə bir mərmi atıb, yoxa çıxır. Bu son atılan mərmi olur. Şükür salamatçılıq oldu. Səngərimə uzanan zaman havaya açılan atəşlər də arxa cəbhədə qələbə atəşləri imiş əsgərlərimizin.

Hər kəs 10-15 dəqiqə sevincindən yerə-göyə sığmayır, atılıb düşürlər və tam sakitlik çökür yenidən. İndi hamı ötən günləri düşünür əlbət. Nələr yaşanmadı, nələr.. Vəlizadə Elvin yanaqlarından yaş sel kimi axa-axa mənə yaxınlaşıb, “komutan, Fərid bu günü görmədi”- deyib, hönkürtü ilə ağlamağa başlayır. Yanaqlarımdan yaş sel kimi axır. Ona təslli olmağa çalışıram. Amma özüm də daxilimdə ondan da ucadan hönkürtü ilə ağlamaqdayam. Nələr itirmədik. Müharibədən kim sağ qayıdır ki!?
Səngərə uzanıram. Bölük komandirim- Mehdiyev evlərinə zəng edib. Oğlunun bir yaşı iki gün öncə tamam olub. “Oğlum, səni çox istəyirəm, gələcəm yaxın günlərdə”, çöhrəsində təbəssüm, yanaqlarında yaş ailəsi ilə danışan komandir parlaq gözləri, sevinc dolu çöhrəsi ilə mənə təbəssüm edir.

Tanrı bir daha bu xalqa müharibə acısı göstərməsin. Bir daha şəhid xəbərləri ilə heç bir qapı döyülməsin.
Tanrı bizə sağlam, kindən-nifrətdən, eqodan uzaq bir cəmiyyət qurmağımıza yardımçı olsun. Şəhid analarına, atalarına, yaxınlarına dözüm, səbir versin. Qazilərimizə şəfalar diləyirik uca Tanrıdan.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Müqəddəs ruhları qarşısında baş əyirik hər birinin.
Bir daha müharibə olmasın!

Xankəndi Azərbaycandır!