Dövlətçiliyin kökünə vurulan balta

İqtisadçı Rövşən Ağayev

Aydın məsələdir ki, hökumət Azərbaycanda bələdiyyəni varlığı ilə yoxluğu bilinməyən təsisata çevirə bildi.
İnkişaf etmiş ölkələrin təcrübəsində ictimai maraqlar naminə son dərəcə faydalı rola sahib bələdiyyələrin bizdə urvatsız instituta çevrilməsi toplumun strateji maraqlarına vurulan baltadır.
Çox uzağa getmədən Türkiyə timsalında bələdiyyələrin toplum üçün nə dərəcədə faydalı olduqlarına diqqət yetirin. Aztəminatlı vətəndaşın üz tuta bildiyi, ərazilərin və hər bir sosial qrupun ehtiyaclarının mərkəzi hökumətdən daha yaxşı bilindiyi, siyasi partiyalar və dövlət orqanları üçün təcrübəli kadrların yetişdiyi son dərəcə vacib institutdur bələdiyyələr. İnkişaf etmək istəyən gənclər üçün ümid yeri, karyera mərkəzidir bu qurumlar.
Amma indi baxın bizdə nə edirlər: 7-8 il əvvəl fərdi avtomobillərin əmlak vergisi bələdiyyələrdən alındı, indi Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə yerli tikinti materialları üçün mədən vergisi də alınır.
Deyəcəksiniz ki, bələdiyyələr onsuz da yığa bilmirdi. Olsun, dövlət vergi xidməti yığsan, amma paylı vergi sistemi yaradılmaqla 75%-i bələdiyyələrə ötürülsün.
Bu gün vətəndaşlar bələdiyyələrdən nəsə ummur və tələb etmir. Amma səlahiyyəti və maliyyəsi olduğunu görsə, fərqli davranacaq.
Bələdiyyələrin vergiləri əlindən alınır, amma bununla bağlı heç bir məsləhətləşmə və kompensasiya mexanizmi yoxdur.
Halbuki Azərbaycanın da rartifikasiya etdiyi Avropa Yerli Özünüidarə Xartiyasının 2 maddəsi bunu tələb edir. Belə ki, 4.6-cı maddə deyir ki, bələdiyyələrlə bağlı mərkəzi hökumətin planlaşdırdığı bütün qərarlar üçün onlarla məsləhtləşmə olmalıdır əvvələcədn (təbii ki, birlikləri vasitəsilə).
Xartiyanın 7.2-ci maddəsi deyir ki, bələdiyyələr əldə çıxmış resursa görə kompensasiya almalıdır.
Yeri düşüb, bunu da deyim: hökumət deyir ki, son 10-15 ildə qiymətlər artıb, rüsumların məbləğini qiymət artımına uyğunlaşdırmaq lazımdır.
Amma bələdiyyələrin kənd təsətrrüfatı torpaqlarına görə vergisinin məbləği 21 ildir dəyişmir. Halbuki bur 21 ildə məmurların sərəncam verdiyi büdcə 25 dəfə böyüyüb. Onlara büdcədən verilən transfertin məbləği az qala 10 ildir dəyişmir (hələ vəsait də necə gedib çatır bir ayrı mövzudur).
Dövlətçilikdən pafosla danışan adamlar xitabən deyirəm, əlinizi yelləyib “eh” deyib keçməyin. Bu yanaşma dövlətçiliyin kökünə balta vurmaqdır. Bu, konstitusion bir məsələdir, topluma hörmət məsələsidir.
Günah hörmətsiz bələdiyyələrdə yox, onları hörmətsiz edənlərdədir. Aradabir pəncərəni-qapını açıq qoyan ev sahibi ilə yanaşı oğrunun da günahını görün…