Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Axı biz bunu deyirdik.
İllərlə deyirdik.
Özümüzü, doğmalarımızı, körpə övladlarımızı təhlükəyə atıb, çörəklə sınağa çəkib deyirdik.
Bu ölkədə iqtisadiyyat adına heç nə yoxdur. Heç nə yaratmadılar, yaratmaq istəyənə də imkan vermədilər, özlərindən əvvəl yaradılanları da satıb yedilər, dağıtdılar.
Çünki bu ölkədə onlardan başqa heç kim çörək qazana bilməz. Çörək qazansa “qudurar”. Hamı onların süfrələrinin artığından qalan dilənçi payına möhtac olmalı, yavan çörək tapıb yediyi üçün onlara minnətdar olmalıdır.
İngilislərin Allahın Azərbaycan xalqına hədiyyəsi olan nefti dənizdən çıxarıb satması və bu yolla Neft Fonduna təqribən 200 milyard dollar ödəməsi iqtisadiyyat deyil. Biz bunu deyirdik. Hələ yaxşı ki, ingilislər var imiş, onlardan fərqli olaraq daha rahat şərtlər altında fəaliyyət göstərən SOCAR-dan bu millət bir qara qəpik xeyir görmədi, əksinə SOCAR belimizə 10 milyard dollardan çox borc yükləyib…
Neftin hasilatı və qiyməti azalanda, maya dəyəri artanda nə olmalı idi?! Bu gün olanlar.
Vergilər artırılır.
Gömrük rüsumları artırılır.
Cərimələr artırılır.
İşıq pulu artırılır.
Su pulu artırılır.
Qazın və benzinin qiyməti artırılır.
Pensiya yaşı artırılır.
Əlillik müavinətləri kəsilir.
Qazilərə əlillik dərəcəsi verilmir.
Pandemiyaya görə 190 manat verilmir.
Müharibə iştirakçılarına 80 manat verilmir…
Çünki azalmaqda olan neft və qaz gəlirlərindən sonra Azərbaycan hakimiyyətinin ikinci gəlir mənbəyi Azərbaycan xalqıdır.
Çünki Azərbaycan xalqı Azərbaycanda hakimiyyətin mənbəyi deyil, hakimiyyətin gəlir mənbəyidir. Və əmin olun ki, o pulu bizdən çıxaracaqlar.
Hələ bu harasıdır?! Dərimizi soyacaqlar. Ocağımızı söndürəcəklər. “Bazarda qiymətlər od tutub yanır” deməyəcəklər, “bunun xəstəsi var, körpəsi var, yaşlısı var” deməyəcəklər, “canın çıxsın evini sat, vergi ver, cərimə ödə” deyəcəklər.
Amma özləri bal kimi “halal” bizneslə Londonu küçə-küçə alıb ofşorlarda qeydiyyatdan keçəcəklər ki, vergi ödəməsinlər…
…Və onlara bizimlə belə aşağılayıcı davranmaq haqqını heç kim yox, biz özümüz vermişik.
P.S. Milli Şura devalvasiya və Landromat ifşaları ilə bağlı, “Korrupsiyaya son” tələbli mitinqlər təşkil edəndə bizə gülürdülər, “işiniz-gücünüz yoxdur?!” deyirdilər.
İndi də gülməlidirmi?!