“YAP müxalifətlə görüşümdən narahat olmamalıdır”

ABŞ səfiri: «Bizim ən yaxşı əlaqələrimiz o dövlətlərlə olur ki, onlar öz vətəndaşlarının insan haqlarını qoruyur»

Riçard Morninqstar: «Obama administrasiyası Azərbaycana önəm və yüksək prioritet verməkdə davam edəcək»

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın APA-ya müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

 – Prezident Barak Obama bildirib ki, ikinci prezidentlik müddətində ilk xarici səfərlərindən birini Türkiyəyə edəcək. Buna əsasən demək olarmı ki, o, ikinci prezidentlik müddətində bölgəyə daha çox diqqət ayıracaq?
– Bizim administrasiya Azərbaycana önəm və yüksək prioritet verməkdə davam edəcək. ABŞ və Azərbaycan bir sıra çox önəmli sahələr üzrə ortaq maraqlara malikdir ki, buna regional təhlükəsizliyi, Dağlıq Qarabağ məsələsini, Iran və Əfqanıstan məsələsini aid etmək olar.
Bundan başqa, demokratiya və insan haqları sahəsində biz hökumətlə fəaliyyətimizi davam etdiririk. ABŞ dövlət katibi Hillari Klinton iyun ayında ölkəyə səfər edəndə qeyd etmişdi ki, bizim ən yaxşı əlaqələrimiz o hökumətlərlə, o dövlətlərlə olur ki, onlar öz vətəndaşlarının insan haqlarını qoruyur və onları təmin edir. Biz hökumətlə bu istiqamətdə fəaliyyətimizin davam etdirilməsini səbirsizliklə gözləyirik.

– ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamasını planlaşdırırmı?
– Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması administrasiya üçün yüksək prioritet olaraq qalacaq və hesab edirəm ki, bu münaqişənin nizamlanması bizim Azərbaycanla əlaqələrimizdə də çox yüksək prioritet təşkil edir. Mən 3 aya yaxındır Azərbaycandayam, bu müddətdə bir şeyi aydın şəkildə anlamışam ki, bu münaqişənin nizamlanması Azərbaycanda hər kəs üçün çox önəmlidir. Mən Minsk Qrupu ilə bu münaqişənin nizamlanması üçün öz fəaliyyətimi davam etdirəcəyəm. Bildiyiniz kimi, Minsk Qrupu münaqişənin nizamlanması üçün çox səylə çalışır və bu yaxınlarda bölgədə növbəti dəfə görüşlər keçiriblər. Ümidvaram ki, bu fəaliyyət və bu görüşlər sonda müsbət nəticə verəcək.

 – Yeni dövlət katibinin seçilmə prosesi hansı mərhələdədir? Bir çox ekspert Con Kerrinin adını çəkir və onun bizim regiona biganə qalmayacağını bildirir. Bu barədə nə düşünürsünüz?
 – Dövlət katibinin kim olacağı barədə qərar ABŞ prezidentinin səlahiyyəti daxilində olan məsələdir.
Bu barədə prezident qərar verməlidir və bunu Senat təsdiqləməlidir. Ona görə də mən dövlət katibi vəzifəsinə namizədlərin kimliyi barədə şərh verməyəcəyəm. Con Kerri barəsində deyə bilərəm ki, mən onu 30 ildən artıqdır tanıyıram. O, çox layiqli, ədalətli bir insandır və sizə zəmanət verə bilərəm ki, o, Ermənistan və Azərbaycanla bağlı məsələlərə obyektiv yanaşacaq.

 – Bakı-Vaşinqton birbaşa hava reyslərinin təşkil olunmasına aid olan danışıqlar nə yerdədir?
 – Ümidvarıq ki, yaxın gələcəkdə ABŞ-la Azərbaycan arasında birbaşa uçuşlar həyata keçiriləcək. Düşünürəm ki, bu cür uçuşlar hər iki ölkə üçün çox faydalı olacaq. Bunun üçün müəyyən icazələrin alınması lazımdır. Amma bu icazələrin alınması ilə bağlı son durumun necə olunmasından xəbərdar deyiləm.

 – Siz Azərbaycanın müxalifət partiyaları ilə bir neçə görüş keçirmisiniz, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə isə hələ də görüşməmisiniz. Bu, onlarda narahatlıq doğurub.
 – Bu kimi görüşlər Yeni Azərbaycan Partiyasını narahat etməməlidir. Mən Azərbaycana təyin olunmuş səfirəm və müxtəlif şəxslərlə, qruplarla onların istəyinə əsasən görüşürəm. Yeni Azərbaycan Partiyası belə bir görüş istəsə, mən böyük məmnuniyyətlə onlarla da görüşməyə hazıram.

– Azərbaycanın işğal altındakı ərazisində Xocalı hava limanının açılması cəhdlərinə ABŞ-ın münasibəti necədir?  
– Ümid edirik ki, bu məsələ bütün tərəflərin iştirakı ilə güc tətbiq edilmədən həll olunacaq. Eyni zamanda düşünürəm ki, hava limanının açılması və orada reyslərin həyata keçirilməsi faydalı olmayacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında qeyd edildiyi kimi, bu, regionda gərginliyin artırmasına səbəb ola bilər və bu da heç kəsin marağında deyil. Minsk Qrupu eyni zamanda onu da aydın şəkildə bildirib ki, hava limanının istismara verilməsi Dağlıq Qarabağın hüquqi statusuna heç bir təsir göstərməyəcək. Biz ümidvarıq ki, bu məsələ diplomatik və hüquqi yolla həllini tapacaq.

– ABŞ Senatı Irana qarşı sanksiyaları yenidən sərtləşdirib. Yeni administrasiya Iranla bağlı problemin diplomatik yolla həlli üçün səylərini gücləndirməyi düşünürmü?
– Iran ABŞ administrasiyası üçün çox mühüm və prioritet təşkil edən məsələdir. ABŞ prezidenti çox aydın şəkildə bəyan edib ki, Iranın nüvə silahına malik olması qəbuledilməzdir. Bununla yanaşı, prezident qeyd edib ki, məsələnin diplomatik yolla həlli üçün hələ də vaxt var. Ümidvarıq ki, sərt sanksiyalar və diplomatik yolla bu məsələnin həllinə nail olunacaq. Mən bu prosesdə bilavasitə iştirak etmirəm və məndə olan məlumat bununla məhdudlaşır.

– Azərbaycan bu məsələnin həllində faydalı ola bilərmi və nə edə bilər?
– Bəli, Iran Azərbaycanla qonşu olan bir dövlətdir və bu ölkələr arasında geniş və mürəkkəb əlaqələr var. Onların gündəlik əsasda demək olar ki, müxtəlif sahələrdə qarşılıqlı əlaqələri mövcuddur. Əgər Azərbaycan Iranın mövqeyinə hansısa təsir göstərə bilərsə, bu, əlbəttə ki, çox məqsədəuyğun olar.

 – ABŞ Yaxın Şərqdə mövcud olan Israil-Fələstin münaqişənin həll olunmasında nə dərəcədə fəal rol oynaya bilər?
– Əlbəttə ki, Israil-Fələstin münaqişəsinin həll olunması administrasiya üçün yüksək prioritet kəsb edir. BMT-nin məlum qətnaməsinə gəldikdə, bizim bununla bağlı mövqeyimiz bəllidir, biz düşünürük ki, bu qətnamə ümumilikdə prosesə müsbət təsir etməyəcək, faydalı olmayacaq. Biz bu qətnamə ilə bağlı öz mövqeyimizi Azərbaycan hökumətinə bildirmişik və Azərbaycan hökuməti özü bununla bağlı qərarını verəcək.