AXCP sədri Əli Kərimli
İndi bu millət nə etsin? İlham Əliyevin yaxın adamlarının xalqdan oğurladıqları sərvətlərin üzərinə Böyük Britaniyanın dövlət orqanlarının, məhkəmələrinin həbs qoymasına, müsadirə etməsinə sevinsin, yoxsa məyus olsun?
Böyük Britaniyada bu dəfə həbs olunan sərvət hakim ailənin dərman monopoliyasının meneceri, deputat Cavanşir Feyziyevin ailə üzvlərinin adına olan bank hesablarındakı pullardır.
“Azərbaycan laundromatı” işi üzrə beynəlxalq araşdırmaçı jurnalistlərin araşdırmasına görə, yalnız 2012-2014-cü illərdə ölkədən qanunsuz yollarla Londondakı ofşor hesablara daşınmış 3.9 milyard dollar vəsaitin 138 milyon dolları Cavanşir Feyziyevin iki dərman firmasına aid imiş. Beynəlxalq araşdırmaçıların “Azərbaycanın avtoritar prezidenti İlham Əliyevin tərəfdaşı” adlandırdığı, ailənin dərman monopoliyasının meneceri Cavanşir Feyziyevin ailə üzvlərinin adına olan bank hesablarındakı 20.5 milyon dollar vəsaitin üzərinə indi həbs qoyulur. Daha əvvəl isə Böyük Britaniya məhkəmələri İlham Əliyevin əmisi qızı İzzətxanım Cavadovanın xalqdan oğurlanmış 5.5 milyon dollar (4 milyon funt-sterlinq) vəsaitini Böyük Britaniyanın xeyrinə müsadirə etmişdi.
Yazının əvvəlindəki sualı təsadüfən verməmişdim ki, bu müsadirələrə sevinək, yoxsa məyus olaq? Bir tərəfdən xalqımızdan oğurlanmış milyonların sona qədər oğrulara qalmaması əlbəttə, yaxşı haldır. Sərvətləri talan edilən xalqımıza azacıq təsəllidir ki, oğrular da sona qədər xalq malını yeyə bilməyəcəklər. Ancaq o biri tərəfdən məyus edici haldır ki, xalqdan oğurlanmış sərvətlər hər halda xalqımıza qaytarılmır, Böyük Britaniya büdcəsinə köçürülür.
Atalarımız necə demişdi? Yeməyənin payını yeyərlər. Biz millət olaraq haqqımızı korrupsionerlərdən ala bilmirik. Rejimin nəhəng korrupsiyasını, milyonlarla insanı soyub daha da yoxsullaşdırmasını səbrlə yola veririk. Yalnız bir ildə, həm də pandemiya ilində dərmanların 42 faiz bahalaşması da bizi hiddətləndirmir. Bəli, acıdır, ancaq həqiqətdir, biz bir millət olaraq hələ ki, haqqımızı tələb edə bilmirik. Ona görə də bizdən oğurlanan pullara indi Böyük Britaniya dövlət orqanları, məhkəmələri əl qoyur.
Bu misilsiz, tayı-bərabəri olmayan, dövlət səviyyəsində həyata keçirilən talanı, oğurluğu durdurmaq, oğurlanmış milyardları bu xalqa qaytarmaq üçün laqeyd, yaltaq, ümidsiz, qorxaq olmaqdan hamılıqla imtina etməliyik. Milyardların oğrulara və əcnəbi dövlətlərə qalmaması üçün özümüz xalq hakimiyyəti və normal dövlət qurmağı bacarmalıyıq.