AXCP sədri Əli Kərimli
Milli Məclis özü də bilmədən hakimiyyəti, xüsusilə də rejimin Qarabağ qəhrəmanlarına nankor münasibətini ifşa etdi. Söhbət hakimiyyətlə xalq arasında böyük bir uçurum olduğunu göstərən daha bir danılmaz faktdan gedir. Diqqətlə oxuyub, oxuduğunuz rəqəmləri səbrlə müqayisə edin.
Azərbaycanda deputatların da həyatı hərbçilər kimi, sığorta olunur. Burası başa düşüləndir. Ancaq başa düşülməyən odur ki, Milli Məclis Vətən torpaqlarının əhəmiyyətli hissəsini canı bahasına azad etmiş, Vətən müharibəsində ya şəhid, ya da qazi olmuş hərbçilərimizin həyatını deputat həyatından 10 dəfə ucuz qiymətləndirib. Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunla müəyyənləşdirilmiş hesablama qaydasına görə, hazırda sıravi deputatların həyatı 103 min 920 manat həcmində sığorta olunur. Mövcud qanunvericiliyə görə, hərbi qulluqçuların həyatı isə cəmi 11 min manat məbləğində sığorta edilir. Deputat da, hərbçi də həmçinin əlil olduqda və xəsarət aldıqda sığorta pulu alır. Ancaq siz rəqəmlər arasındakı fərqə baxın.
Sıravi deputatın birinci qrup üçün sığorta pulu 83 min 136 manat olduğu halda hərbçilər üçün bu rəqəm cəmi 8 min 800 manatdır. Müvafiq olaraq deputatın ikinci qrup üçün əlillik sığortası 62 min 352 manat olduğu halda hərbçilər üçün bu rəqəm cəmi 6 min 600 manatdır. Deputatlar üçün üçüncü qrup əlilliyin sığortası 41 min 568 manat olduğu halda hərbçilər üçün üçüncü qrup əlilliyə görə sığorta məbləği cəmi 4 min 400 manatdır.
Ancaq deputatlar bununla da kifayətlənmirlər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən qanuna təqdim olunmuş düzəlişə görə, deputatlar hətta əlil olmasa, ağır xəsarət almasa da, təqribən bir hərbçi şəhid olan zaman ailəsinin aldığı sığorta puluna yaxın – 10 min 392 manat sığorta pulu ala biləcəklər (əllillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda). Əlillik dərəcəsi müəyyən edilmədən ağır və yüngül xəsarət alan deputatlar isə uyğun olaraq 20 min 784 manat və 5 min 196 manat sığorta pulu alırlar. Hərbçilər isə xidmətdə ağır yaralandıqları halda 2 min 750 manat, yüngül xəsarət aldıqda 550 manat sığorta pulu əldə edir.
Yuxarıdakı bütün rəqəmləri ümumiləşdirdikdə belə çıxır ki, deputatlar öz həyatlarını və sağlamlıqlarını hərbçilərin, o cümlədən peşəkar hərbçilərin həyat və sağlamlığından təqribən 10 dəfə yüksək qiymətə sığorta ediblər. Başqa cür də demək olar. İlham Əliyevin siyahı ilə təyin etdiyi, regionlardan dəfələrlə xalq tərəfindən qovulan deputatlar canı və qanı bahasına bu millətə hərbi zəfər qazandırmış hərbçilərin həyatı və sağlamlığını öz həyat və sağlamlıqlarından 10 dəfə əhəmiyyətsiz, ucuz qiymətləndirirlər. Müharibə qəhrəmanları haqda pafosla danışıb, onların qələbəsini mənimsəyən hakimiyyət üstəlik, həmin qəhrəmanlara qarşı nankorcasına davranır.
Milli Məclis sığorta mövzusunu gündəmə gətirməklə özü də istəmədən etiraf edib ki, şəhid və əlil olan zaman hərbçilərimizə, onların ailələrinə verilən sığorta məbləği çox azdır. Məhz hərbçilərə verilən sığorta məbləğini çox az hesab etdiklərindəndir ki, öz həyat və sağlamlıqlarını hərbçilərin həyat və sağlamlığından təqribən 10 dəfə bahalı qiymətləndiriblər. Beləliklə, MM istəmədən şəhid, qazi və veteranlarımız üçün nəzərdə tutulan sığorta pulları və müavinətlərin son dərəcə az olmasını ictimai diqqətə gətirib. Hakimiyyətin şəhid, qazi və veteranlara saymazyana, biganə münasibəti göz qabağındadır. Heç olmasa, biz cəmiyyət olaraq bu müharibə qəhrəmanlarına sahib çıxaq, onların haqqını hamılıqla tələb edək.