namized seferov

“Əli Kərimliyə sui-qəsd göstərişi ciddi araşdırılmalıdır”

namized seferov“Hakimiyyətdəkilər Gülər Əhmədovanın danışacağından qorxurlar”

Namizəd Səfərov: «Ramiz Mehdiyevin çıxışı bir daha hakimiyyəti ifşa edir»

Bugünkü müsahibimiz tanınmış vəkil Namizəd Səfərovdur. Dekabrın 10-u Insan Haqları günü N.Səfərova ilk sualımız ölkədə insan haqlarının ümumi durumunu necə qiymətləndirdiyi ilə bağlı oldu. N.Səfərova eyni zamanda hazırda mətbuatın gündəmində olan mövzularla bağlı suallar da ünvanladıq.

– Insan haqları Azərbaycan Konstitusiyasında da hərtərəfli əksini tapıb. Amma bu hüquqların təminatı yoxdur. Hazırda vətəndaşların seçki hüququ, sərbəst toplaşmaq, söz azadlıqları kobud şəkildə pozulur. Azərbaycanda hazırda insan hüquqlarının qorunmasının təminatı yoxdur. Ölkədə insan haqlarının təminatçısı olan şəxslər Ombudsman Elmira Süleymanova, parlamentin Insan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova, ümumiyyətlə, ölkədə baş verən pozuntulara reaksiya vermirlər. Ölkədə mətbuat azadlığı da bərbad vəziyyətdədir. Jurnalistlərin həbsi, onlara qarşı təqiblərin həyata keçirilməsi adi hal alıb. Bu gün “Fəvvarələr Meydanı”nda Ictimai Palatanın fəalları aksiya keçirdilər. Lakin hələ aksiyanın başlanmasına bir neçə gün qalmış müxalifət fəallarını polis təqib edib. Və ya AXCP funksionerlərinin Saatlı, Sabirabad rayonlarında yığıncaq keçirmələrinə imkan yaradılmayıb. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Azərbaycanda insan haqları bərbad vəziyyətdədir.

– Azər Tağıyev yenidən Vəkillər Kollegiyasının sədri oldu. Maraqlıdır ki, adı müstəqil vəkillərə qarşı təzyiqdə halanan bir şəxs yenidən Vəkillər Kollegiyasının sədri vəzifəsinə yiyələndi. Bunu necə qiymətləndirmək olar?
– Öz sözünü deyə bilən vəkillərə qarşı təpkilər mövcuddur. Təəssüf ki, vəkilləri müdafiə etməli olan Vəkillər Kollegiyasının Rəyasət Heyəti və ya onun sədri Azər Tağıyev bu məsələdə daha aktiv rol oynayır. Vəkillərin cəzalandırılması göz önündədir. Bu da bilavasitə Azər Tağıyevin əli ilə həyata keçirilir. Maraqlısı odur ki, Azər Tağıyevin Vəkillər Haqqında Qanunun tələbinə uyğun olaraq iki dəfədən artıq seçilməsinə qadağa qoyulduğu halda 3-cü dəfə o, kollegiyanın sədri oldu. Halbuki onun iki dəfədən artıq seçilmək hüququ yox idi.

AXCP sədrinin hədəfdə olması cəmiyyətə məlumdur

– Turac Zeynalovun Naxçıvan MTN-də öldürülməsindən sonra onun ailəsinə qarşı çirkin təzyiqlər edilib. Bu hadisə, xüsusilə bu olayda dövlətin təhlükəsizliyinə cavabdeh olan bir qurumun adının hallanması nəyi göstərir?
– MTN ilə bağlı mətbuatda açılan iki hal bir daha göstərir ki, Azərbaycanda bu struktur heç də milli təhlükəsizliklə deyil, vətəndaşları şərə, böhtana salmaqla məşğuldur. Belə çıxır ki, bu strukturun hədəfi Azərbaycan xalqı və siyasi partiyaların liderləridir. Turac Zeynalov olayı, Bəhlul Muradovun yazdığı məktub bu fikirləri bir daha təsdiqləyir. Turac Zyenalovun Naxçıvan MTN-ində öldürülməsi heç kimə sirr deyil. Amma obyektiv istintaqın aparılmasının müqabilində Turac Zeynalovun ailəsinə qarşı çirkin addımlar atılır. Belə faktlar minlərlədir və hüquq-mühafizə orqanlarının vətəndaşlara qarşı təzyiqləri hələ də davam edir.

– AXCP sədri Əli Kərimliyə qarşı siyasi karyerası dövründə müxtəlif çirkin təzyiqlər olur. Indisə məlum olur ki, AXCP sədrinə qarşı sui-qəsd planı da hazırlanıbmış. Bu hadisəni necə dəyərləndirirsiniz və buna necə reaksiya vermək lazımdır?
– Siyasi məfkurəsinə görə insanlara qarşı bu cür münasibət MTN-də həmişə olub. AXCP sədrinə qarşı olan hərəkətlər göz önündədir. Bunu gizlətmək mümkün deyil. Eyni zamanda Təhmasib Novruzovdan bir neçə dəfə bu cür məkrli niyyətlərlə istifadə olunub. 90-cı illərin sonunda Təhmasib Novruzovdan Qurban Məmmədova qarşı istifadə olunmuşdu. Nəticədə Qurban Məmmədov 5 il azadlıqdan məhrum edilmişdi. Halbuki baş verənlərin əsl mahiyyəti cəmiyyətə bəlli idi. Bu baxımdan Bəhlul Muradovun da müraciətindəki məqamlar cəmiyyətə məlumdur. Bu xəbərin vaxtında aşkarlanmasına baxmayaraq, təəssüf ki, heç kim baş verənin obyektiv araşdırmasını aparmayacaq. Bu hadisələr birbaşa dövlət başçısının göstərişi ilə araşdırılmalı və təqsirli şəxslər istintaqa cəlb olunmalıdır. Amma əvvəlki faktlar kimi bu hal da obyektiv araşdırmasını tapmayacaq və bu sübut da ört-basdır ediləcək.

Gülər Əhmədovanın danışacağından qorxurlar

– Elşad Abdullayevin açıqladığı videoda Gülər Əhmədovanın günahı açıq görünsə də ona qarşı heç bir tədbir görülməyib. G.Əhmədovaya qarşı YAP-da bir müddət əvvəl başladılan kampaniya onun “ağzımı açdırmayın” bəyanatından dərhal sonra dayandırıldı. Bu nəyin görsənişi idi? Nədən ehtiyatlanırlar?
– Gülər Əhmədovanın danışacağından və müəyyən faktları aşkarlayacağından ehtiyatlandılar. Gülər Əhmədova olayında artıq elə faktlar aşkar olunub ki, onların gizlədilməsi mümkün deyil. Ən doğrusu o olardı ki, ciddi araşdırma aparılsın və günahkarlar cəzalandırılsın. Milli Məclisin formalaşdırılması rüşvətlə həyata keçirildiyi təsdiqini tapdı və bəlli oldu ki, bundan heç də günahkar Gülər Əhmədova deyil. Gülər Əhmədovanın “ağzımı açdırmasınlar” bəyanatı və Əli Əhmədovu təhqir edən ifadələrinə gərəkən münasibətin bəslənilməməsi göstərdi ki, bu hadisələrə hüquqi qiymət verilməsi qadağan olundu. Indi elə təəssürat yaradılır ki, guya istintaq aparılır. Amma bu istintaqın nəticəsi kimi heç kim məsuliyyətə cəlb olunmayacaq.

– Bu günlərdə məlum oldu ki, Gülər Əhmədova qalmaqallı videonun guyu montaj edildiyi ilə bağlı saxta rəy almaq üçün Rusiya ekspertlərinə müraciət edib. Amma müsbət nəticə ala bilməyiblər?
– AXCP sədrinə qarşı əməliyyatı əks etdirən məktubda qeyd olunanların həqiqətə uyğun olduğunu oxuyan kimi anlayırsan. Bundan sonra həbs yerində bu şəxsdən təzyiq altında imtina məktubunun alınması artıq keçmir. Çünki bu adam artıq öz sözünü deyibsə və bu deyilənlər həqiqətdirsə, bunun əksini sübut etmək mümkün olmayacaq. Indi də göstərilən videomaterillardakı faktların reallığı əks etdirdiyini heç kim şübhə altına almır. Bu video ortaya çıxan kimi YAP funksionerləri belə onun həqiqiliyini etiraf edirdi. Elşad Abdullayevin açıqladığı videolardakı məqamların hamısına Gülər Əhmədova cavab verə bilməz.

– Ramiz Mehdiyev Elşad Abdullayevin ittihamlarına cavab verərkən onunla görüşdüyünü etiraf etsə də, bu görüşün tam başqa məqsəd daşıdığını vurğulayıb. Belə bir izahatın verilməsini necə dəyərləndirmək olar?
– Bu hadisələr hakimiyyətin mahiyyətini açır. Adi vətəndaş MIS-dən rüşvətsiz arayış almağa belə qadir deyil. Hər gün hakimiyyət vətəndaşlar üçün ayrı-ayrı çətinliklər yaradır. Ramiz Mehdiyevin çıxışı bir daha hakimiyyəti ifşa edir. Ona görə bu hakimiyyət təmsilçilərindən tez-tez açıqlamalar almağa çalışmaq lazımdır. Çünki onlar özləri-özlərini biabır edirlər. Ramiz Mehdiyev özü etiraf edir ki, vətəndaşları başqa məmurların xahişi ilə qəbul edirlər. Digər tərəfdən, qəbula bir vətəndaş düşübsə, deməli, onu ayaqüstə, qapının ağzında saxlamaq problem deyil. Hamı gözəl bilir ki, Milli Məclisin deputatlarının seçkisi məntəqələrdə deyil, bilavasitə kabinetlərdə həll olunur. Ümumiyyətlə, parlamentdəki yerlərin rüşvətlə satılması, bu işdə korrupsiya və rüşvətin miqyasını seyr edəndə gülüşsüz keçinə bilmirsən. Korrupsiyanın ölkədə bu dərəcədə kök atmasına heyran olursan.

Məhərrəm Əliyev və Ramil Usubov savaşı planlaşdırılan prosesdir

– Ramiz Mehdiyevə dörd müavin təyin olunmasını hakimiyyətdə kosmetik dəyişiklik kimi dəyərləndirirlər. Bu addımın atılmasında məqsəd nə idi?
– Bu, gündəmi dəyişmək məqsədi də güdə bilər. Çünki Prezident Administrasiyasının idarəçiliyi bununla dəyişmir. Vəzifələr olduğu kimi qalır. Kimin təyin olunmasından asılı olmayaraq həmin korrupsiya, qanunsuzluq, özbaşınalıq əvvəlki kimi davam edəcək. Iyirmi ildir ki, Azərbaycan xalqı meydana çıxıb sözünü deyə bilmir. Buna imkan yaradılmır. Sadəcə yalandan Ombudsman aparatı təşkil olunub, amma o heç bir işlə məşğul deyil.

– Məhərrəm Əliyevin vəzifəsindən sürgün olunmamışdan əvvəl Ramil Usubovla münasibətləri gərgin idi. Bu baxımdan Məhərrəm Əliyevin Prezident Administrasiyasına təyin olunmasından sonra onun Ramil Usubovla qarşıdurmasının davam edəcəyi proqnozlaşdırılır…
– Bu generallar onlara imkan verildiyi qədər fəaliyyət göstərə biləcəklər. Bu münaqişəyə şərait yaradan hakimiyyətin özüdür. Bu iqtidarı cinayətkar tellər birləşdirir. Məhərrəm Əliyevin və Ramil Usubovun fəaliyyətini hakimiyyəti idarə edənlər yaxşı bilir. Onların hansı əməllərin sahibi olduğu da onlara yaxşı məlumdur. Məhərrəm Əliyevin özbaşına nə ixtiyarı var ki, Ramil Usubova qarşı çıxsın və ya əksinə.

Xəyal