General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edildi

Milli Qəhrəman-general Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdə onun zərərçəkmişin ailəsinə 40 min manat təzminat ödəməsi nəzərdə tutulub.

Əkbərov 20 il öncə Kiyevdə azərbaycanlı işadamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinib. Hərçənd, general ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə də bu ölüm işinə qətiyyən aidiyyəti olmadığını deyib.

Cinayət işinin materiallarında Əkbərovun Əliyevi 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdə kafedə mübahisə zəminində öldürdüyü iddia olunur. General isə deyir ki, həmin gecə, ümumiyyətlə, o kafedə olmayıb.

“Mən həmin vaxt Kiyevdə kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Ertəsi gün hadisəni səfirlikdə eşitmişəm. Elçin Əliyevi cəmi iki dəfə görmüşdüm. Hadisə vaxtı onun yanında olmuş Məzahir Şıxəliyevi isə, ümumiyyətlə, tanımıram”, – təqsirləndirilən Əkbərov son sözündə belə deyib.

O, çıxışının sonunda bəraət hökmü çıxarılmasını istəyib.

Azadlıq radiosu