Yaxud, Diaspora Komitəsi Dağlıq Qarabağ müzakirəsinə niyə qatılmır?
Artıq 5 ildir ki, mühacirətdə yaşamağımın nəticəsində həm də onu öyrəndim ki, Azərbaycan hakimiyyətində yüksək post tutanlar bütün dünya azərbaycanlılarını öz şəxsi əmlakları hesab edirlər. Və düşünürlər ki, ölkədə vətəndaşlarla istədikləri formada rəftar etdikləri kimi, xaricdə yaşayan azərbaycanlılarla da istədikləri təki rəftar edə bilərlər.
Nə qədər təzadlı görünsə də, hakimiyyətin təbirincə, xaricdə yaşayan və öz bacarığı hesabına maddi uğurlar əldə etmiş azərbaycanlı hər hansı bir təşkilat yaratmaq istəyərsə və ya yaradarsa, mütləq bunu hakimiyyətlə razılaşmalıdır. İcazə almalıdır və sair. Həmin şəxsin hətta hansı ölkənin vətəndaşı olması belə önəm daşımır. Çünki Azərbaycan məmurları harda yaşamasından asılı olmayaraq, azərbaycanlılara şəxsi əmlakları kimi baxırlar. Rusiyada bir qrup azərbaycanlının yaratmaq istədikləri ittifaqa qəzəb də məhz bundan əmələ gəlib. Elə Avropada müstəqil
fəaliyyət göstərmək istəyən diaspora qurumlarına da hücumlar buna görədir. Və maraqlıdır ki, bu hücumlar
zamanı heç bir milli maraq nəzərə alınmır. Sırf Diaspora Komitəsinin sədri Nazim İbrahimovun maraqlarına uyğun olaraq diaspora təşkilatlarının sədri vurulur.
Təbii ki, mən diaspora təşkilatları barədə geniş müzakirə açmaq istəmirəm. Sadəcə onu deyim ki, Nederlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlılar Konqresinin rəhbərliyi də məhz Diaspora Komitəsilə razılaşmadan Hollandiya parlamentində Dağlıq Qarabağ məsələsinin müzakirəyə çıxardığı üçün bəzi mətbuat orqanlarında hədəfə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, Hollandiyada yaşamayan bir şəxsin əlilə mətbuata məktub da təşkil etdiriblər. Hansı ki, həmin şəxsin vaxtilə BAK-ın icra aparatının rəhbəri olduğunu və təşkilatdan nəyə görə uzaqlaşdırıldığını hamı bilir. Onun təşkilat rəhbərliyinə zamanın da necə yarındığı da məlumdur. Bunun qarşılığında Diaspora Komitəsinin həmin şəxsdən istifadə edərək Hollandiya parlamentində Qarabağla bağlı təşkil olunmuş tədbiri pozmaq istəməsi utancvericidir. Mən dəfələrlə BAK rəhbəri Sahil Qasımovu tənqid etmişəm. Lakin Nederland Krallığı parlamentində Azərbaycanın ən vacib məsələsini müzakirəyə çıxara bilməsi təqdir olunasıdır. Çünki söhbət Qarabağdan gedir. Belə bir məqamda Diaspora Komitəsi rəhbərliyinin öz şəxsi maraqlarından kənara çıxa bilməməsi sadəcə yolverilməzdir.
Bir daha qeyd edirəm ki, BAK rəhbərinin hədəf seçilməsinin səbəbi odur ki, qurum Diaspora Komitəsilə yox, müstəqil olaraq Qarabağ məsələsini Nederland parlamentində müzakirəyə çıxarıb. Təbii ki, bu da Diaspora Komitəsini qəzəbləndirib. Hətta o qədər qəzəbləndirib ki, bu tədbirə qatılmaqdan belə imtina ediblər.
Eyni zamanda komitə rəhbərliyi özünə yaxın şəxslər vasitəsilə ölkə rəhbərliyindən hətta Sahil Qasımovun “Tərəqqi” medalının alınmasını, buna təqdimat verənlərin cəzalandırılmasını istəyir. Belə çıxır ki, Diaspora Komitəsi və dolayısı ilə Nazim İbrahimov Ramiz Mehdiyevin cəzalandırılmasını tələb edirlər. Onların bu istəklərinə nə dərəcə də nail olacaqlarını demək mümkün olmasa da, Diaspora Komitəsinin hərəkətləri onu göstərir ki, qurum xaricdəki azərbaycanlılara öz təbəələri kimi yanaşır. Və düşünürlər ki, xaricdəki azərbaycanlıları necə istəsələr elə də idarə edə bilərlər. Lakin bir məqamı unudurlar ki, bura xaricdir. Burda insanı nə cibinə nəşə atıb şərləməklə, nə də Azərbaycandakı bəzi mətbuat orqanlarında hədəfə çevirməklə cəzalandırmaq mümkün deyil.
Bir sözlə, bura Azərbaycan deyil!