Sabirabad polisində saxlanılan AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovla Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı sərbəst buraxılıb.
Natiq Ədilovun AzadlıqRadiosuna dediyinə saxlanılarkən onlar hər ikisi zorakılığa məruz qalıb:
“Bizi saxlayanda döydülər, çəkdiyimiz bütün şəkilləri pozdular. Amma içəridə hər hansı zorakılıq olmadı. Təxminən 1 saat şöbədə saxlanıldıq”.
***
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı “azadliq.info”-ya açıqlamasında bildirib ki, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov və ona qarşı qarşı zorakılıq tətbiq olunub. Sabirabad rayonu AXCP-nin qərərgahı önündə polis leytinantı kobud ifadələr işlədərək onları hədələyib. Daha sonra fotoaparatları əllərindən alınaraq onlara fiziki zorakılıq tətbiq olunub. Daha sonra Natiq Ədilov və Əbülfəz Qurbanlı polis idarəsinə aparılıb. 1 saata yaxın onları polis idarəsində saxlayıblar daha sonra sərbəst buraxıblar.
***
Bakıdan partiyanın rayon şöbələrinin müşavirəsinə gedən AXCP üzvlərini polis saxlayıb. Saxlananlar arasında partiya Ali Məclisinin sədri Həsən Kərimov da olub. O, bir qədər sonra sərbəst buraxılsa da partiyanın digər üzvləri- Natiq Ədilov, Əbülfəz Qurbanlı saxlanılıb.
Həsən Kərimovun dediyinə görə, saxlanan zaman hər iki şəxsə qarşı zorakılıq edilib:
«Mən polis idarəsində olanda partiyanın rayon təşkilatının qərargahı qarşısında qarşıdurma olub. Natiqlə Əbülfəzi vurublar, sonra idarəyə aparıblar. Sadəcə onlar qərargah qarşısında cəbhəçilərin şəkilini çəkəndə insident baş verib. Polislər onlara şəkil çəkməyə imkan verməyiblər. İndi onların buraxılmasını gözləyirik».
Həsən Kərimovun dediyinə görə, dekabrın 9-da onlar partiyanın Sabirabad və Saatlı rayon şöbələrinin genişləndirilmiş müşavirəsində iştirak etmək üçün Muğan bölgəsinə səfərə gediblər:
«Sabirabadda müşavirə çətinliklə də olsa baş tutdu, amma gedəcəyimiz o biri rayonlardan partiya üzvləri zəng edib deyirlər ki, polis qərargahları əhatəyə alıb. Çox güman ki, növbəti görüşlərimiz baş tutmayacaq».
Sabirabad polisindən məlumatı təsdiqləməyiblər:
«Bizə heç kim gətirilməyib».
Həsən Kərimov isə Natiq Ədilovla Əbülfəz Qurbanlının polis şöbəsində olduğunu və hazırda rayon cəbhəçiləri ilə şöbənin qarşısında dayandıqlarını deyir.


