PA rəhbəri sabiq rektora deputatlıq üçün etməli olduqlarını anladıb
“Mənə dedi, deputat olmaq üçün iki rayonda məktəb tikməlisən”
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev dünən növbəti müraciətini yayıb. Bu dəfə o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin onun barəsində dediklərinə cavab verib.
“Mənə qarşı yaradılan problemlərin səbəbkarı Ramiz Mehdiyevdir”, – deyə müraciət edən sabiq rektor daha sonra birbaşa PA rəhbərinin özünə xitabən yazır: “Hörmətli Ramiz Mehdiyev! Məni qəbul etmək Sizin şəxsi işiniz deyildir, vəzifə borcunuzdur. Uzun müddət dövlət qulluğunda işləyən ali dövlət vəzifəli şəxsin “Elşad Abdullayev kimdir ki, mən onunla görüşəm”, fikrini başa düşmək olmur. Hec olmazsa Sizin 2 övladınızın həm MTN-də, həm də BDU-da müəllimi olmuşam”.
E.Abdullayev həmçinin haqqında bundan qabaqkı müraciətində bəhs etdiyi R.Mehdiyevlə görüşünün təfərrüatlarına toxunub. “Görüşün başlıca məqsədi oğurlanmış qardaşım Mahir Abdullayevin geriyə qaytarılması və deputat seçilməyimlə əlaqədar idi.
Ramiz Mehdiyev bildirdi ki, deputat keçmək üçün ya Kürdəmirdə, ya da Gəncədə orta məktəb tikib təhvil verməlisən və telefonla həmin şəhərlərin icra başçılarına mənim barəmdə göstəriş verdi. Daha sonra məni birinci mərtəbədə Gülər Əhmədova və Sevinc Babayeva gözləyirdi. Video görüntülərdə olduğu kimi, bu andan mənə qarşı “Gülərqeyt” terroru başladı. Bir hüquqşünas kimi uzun müddət apardığım müşahidələrlə müəyyən etmişdim ki, artıq bu adamlara nəyisə sübut etmək mümkün deyil. Sözlərinin üstündə durmurlar, tutduqları vəzifələrdən sui-istifadə edərək cinayəti edib, xalqın gözü içinə utanıb-qızarmadan baxaraq zərərçəkmişin üstünə gedirlər. Onu susdurmaq üçün təhdid edirlər. Buna görə də məcburiyyət qarşısında qalıb mənim üstümə gələn mütəşəkkil cinayətkar təşkilatın video görüntülərini qeyd etdim. Bu günə qədər 3 videogörüntü yayımlanıb. Həmin videogörüntülərə hüquqi qiymət vermək əvəzinə hörmətli Ramiz Mehdiyev məni təhdid edir”.
E.Abdullayev rektoru olduğu ABU-nu PA rəhbərinin onun əlindən almaq istədiyini də iddia edir: “Ramiz Mehdiyev mənə tapşırdı ki, heç bir elmi dərəcəsi və heç bir elmi məqaləsi olmayan yaxın qohumu Fikrət Əliyevi Azərbaycan Beynəlxalq Universitetinə prorektor təyin edim, bir müddətdən sonra özüm rektor qalmaq şərti ilə, ABU-nun təsisçiliyini Fikrət Əliyevə təhvil verim. Həmin an ABU ilə bağlı planların mahiyyətini anladım”.
Sabqi rektor daha sonra R.Mehdiyevin ona qarşı aşağılayıcı ifadələrinə cavab olaraq “14 xarici ölkənin fəxri professoru seçilmişəm. Heç kimin də əlində alət deyiləm. Bunu deməyə əsasınız yoxdur”, – deyə yazıb və ona dəstək verənlərə təşşəkür edib:
“Hazırda bu iş bütün Azərbaycan xalqının işinə çevrilib, bu işdə müxalifət partiyaları mənə dəstək verdi. Fürsətdən istifadə edib bu çətin vaxtda mənə dəstək verən İctimai Palataya, ziyallılara və müxalifət partiyalarına səmimi qəlbdən təşəkkür edirəm. Sirus Təbrizlinin klassik fikri yadıma düşdü. Yeri gəlmişkən, bu fikrinə görə Sirus Təbrizlini vaxtilə tənqid etdiyim üçün üzr istəyirəm. Mən YAP-dan ötrü həyatımı qoymuşdum. Uman yerdən küsərlər, elə bil 37-ci ildir. Sağ olsunlar, bəziləri gizli də olsa mənilə əlaqə saxladılar. YAP-da da həqiqəti müdafiə edən insanlar az deyil.
YAP-dan akademik Ziya Bünyadov, akademik Fərəməz Maqsudov, Afiyəddin Cəlilov, Rafael Allahverdiyev və s. kimi tanınmış şəxslər də özbaşınalığın qurbanları oldular…”.
Məktubunun sonunda E.Abdullayev ölkə başçısının R.Mehdiyevi istefaya göndərməli olduğunu yazıb.